Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-527/2025 16.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, xx.xx.2004-cü ildə Mingəçevir şəhərində anadan olmuş,subay, orta təhsilli, işləməyən, Göyçay rayonu Potu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 15 iyul 2025-ci il tarixdə saat 13.15 radələrində Göyçay şəhəri, M.Hüseynzadə küçəsində ictimai qaydanın mühafizə vəzifəsini icra edən Göyçay Rayon Polis şöbəsinin polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 16 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 15 iyul 2025-ci il tarixdə saat 13.15 radələrində Göyçay şəhəri, M.Hüseynzadə küçəsində özünə məxsus «Mercedes Benz» markalı ** CB *** dövlət nömrə nişanlı avtomobillə gedən zaman bazarın qarşısındaki piyada keçidindən sonra yol patrul xidmətinin əməkdaşı ona saxla işarəsi vermişdir. O avtomobili saxlamış və polis əməkdaşı ona niyə piyadaya yol vermədiyini irad bildirdi və yol polisi əməkdaşı ona cərimə yazmaq istəyən zaman o narazılıq etmiş və polis əməkdaşına “adam kişi olar” deyərək ona cərimə yaza bilməyəcəyini demişdir. Həmin vaxt aralarında söz-söhbət yaranmış və o polisin qanuni tələblərinə tabe olmamışdır. Daha sonra yol patrul xidməti əməkdaşları xidmətdə olan post patrul xidmətinin əməkdaşlarını köməyə çağırdılar. Həmin yerə 2 post patrul xidmətinin əməkdaşı gələrək onu Göyçay rayon polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon X4 X6 inspektoru X2 bildirdi ki, 15 iyul 2025-ci il tarixdə saat 13.15 radələrində Göyçay şəhəri, M.Hüseynzadə küçəsində xidməti avtomobillə xidmətdə olan zaman “Mercedes Benz” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü piyada zolağından keçən piyadaya yol vermədiyi üçün tərəfindən saxlanılmışdır. Sürücüyə yaxınlaşaraq özünü təqdim etdikdən sonra qayda pozuntusunu izah etmiş və sənədlərini təqdim etməsini bildirmişdir. Adını sonradan öyrəndiyi sürücü Şəxs ilə ünsiyyətdə olan zaman sürücü ona “məni niyə saxlamısan” “adam kişi olar” ucadan danışaraq təhqiramiz ifadələr işlətmiş və “sən mənə cərimə yaza bilməzsən, get işinlə məşğul ol” sözlərini demişdir. O dəfələrlə sürücünü nizam intizama dəvət etsə də sürücü öz əməllərindən çəkinməyərək hərəkətlərini davam etmişdir. Daha sonra yol patrul xidməti əməkdaşları xidmətdə olan post patrul xidmətinin əməkdaşlarını köməyə çağıraraq sürücünü Göyçay RPŞ-nin inzibati binasına gətirərək növbətçi hissəyə təhvil vermişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13.30-da inzibati qaydada tutulmuşdur. «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlardan görünür ki, Şəxs əvvəllər Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,3(046)-446/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəlləri ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlardan görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli,3(046)-446/2024 saylı qərarı icra olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə görə polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Həmin Qanunun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 7-ci maddəsinin İİİ hissəsinə görə polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq,ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13.15-də piyada zolağından keçən piyadaya yol vermədiyi üçün idarə etdiyi “Mercedes Benz” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili YPX-in əməkdaşı tərəfindən saxlanılmış, qayda pozuntusu izah edilmiş və sənədlərin təqdim edilməsi təklif edilmişdir.Lakin polis əməkdaşının qanuni tələblərinə əməl etməyərək “məni niyə saxlamısan” “adam kişi olar” və “sən mənə cərimə yaza bilməzsən, get işinlə məşğul ol” ucadan ifadələr işlətmişdir. Nizam intizama dəvət edilsə də sürücü öz əməllərindən çəkinməyərək hərəkətlərini davam etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə inzibati tənbehin məqsədlərinə uyğun olmadığından müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın ictimai qayda əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin əvvəllər də eyni inzibati xəta törətdiyinə görə inzibati məsuliyyətə cəlb edilməsi, əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alınır. Bundan iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Beləliklə hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətaya görə İXM-in 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən saat 13:30-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-527/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-527/2025
16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver