Məhkəmə qərarları › İş №3(046)-533/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-533/2024

27.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-533/2024 27.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, müdafiəçi X1 və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Göyçay rayonu, Qaraməryəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göyçay rayonu, Qaraməryəm kəndində qeydiyyatda olan və Bakı şəhərində yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə 27 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 229/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 39149 manat 41 qəpik borcunu ödəməkdən yayınmışdır. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 izahat verərək bildirmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun izahatı alınmış və o, izahatında icra sənədi üzrə hazırkı tarixədək yaranmış borcunu ödəyə bilməyəcəyini bildirmişdir. İcra sənədi üzrə borclu Göyçay Rayon Məhkəməsinin 3(046)- 182/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hazırda görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alıb borclunun barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-229/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 39149 manat 41 qəpik pulun tutularaq tələbkarlara verilməsi qət edilmişdir. Məhkəmənin hökmünə əsasən o, məntəqə tipli cəzaçəkmə müəssisəsində olarkən borcundan müəyyən bir müddət ərzində hər ay 400 manat ödəniş etmiş, lakin cəzasını çəkib bitirdikdən sonra icra məmuru tərəfindən icra şöbəsinə çağırılarkən ona məlum olmuşdur ki, ödəniş etdiyi müddət ərzində ödənişlə bağlı qəbz olmadığı üçün borcundan heç bir silinmə olmamışdır. Bununla bağlı cəzaçəkmə müəssisəsinə gedərək ödədiyi pulların hansı hesaba köçürülməsin soruşduqda ona həmin mühasibin işdən çıxdığı bildirilmişdir. Hal-hazırda borcundan ödəniş etmək fikri yoxdur. Barəsində həbslə bağlı cəza növünün seçilməsini xahiş edir. Müdafiəçi Göyçay rayon Vəkil Bürosunun vəkili X3 çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs maddi vəziyyətini nəzərə alınmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-229/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə yaranmış 39149 manat 41 qəpik borcunu ödəməkdən yayınmışdır; xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-229/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Göyçay Rayon Məhkəməsinin 3(046)-182/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Göyçay Rayon Məhkəməsinin 8(046)-3/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Şəxs Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolla, icra məmurunun və borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu məhkəmə aktı ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, məhkəmə aktını icra etmək üçün Şəxs sonuncu həbs müddəti bitdikdən sonra, yəni 10 mart 2023-cü il tarixdən bu günədək kifayət qədər vaxtı olmasına baxmayaraq borcundan heç bir ödəniş etməmişdir. Həmçinin, o məhkəmə iclasında izahat verərək qeyd etmişdir ki, cəzaçəkmə müəssisəsində olduğu müddətdə borcundan müəyyən ödənişlər etmiş, lakin borcun ödənilməsi ilə bağlı tələbkarlar ödənişin alınmasını təsdiq etmədiklərinə görə heç bir ödəniş etməyəcəyini bildirmişdir. Məhkəmə bu arqumenti əsaslı hesab etmir və qeyd olunanları borclu tərəfindən məhkəmə qətanəməsinin qərəzli şəkildə icra edilməməsi kimi qiymətləndirir. Çünki Şəxs məhkəmənin cəzaçəkmə müəssisəsinə sorğu verərək borcudan ödənilmiş məbləğin nə qədər təşkil edilməsini müəyyən etmək təklifindən imtina etmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ödəniş edilməsini bildirməsinə baxmayaraq, bununla bağlı heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu ödəyə bilmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 27 iyun 2024-cü il tarixdən saat 16:20-dən hesablansın. Qərarın icrası Göyçay Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X2 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar