Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-54/2025 07.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X2, xx.xx.1992-ci ildə Göyçay rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, Göyçay şəhəri, Bakı küçəsi, ev 1A, mənzil 67-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş bir icraatda birləşdirilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 06 fevral 2025-ci il tarixdə, saat 23.00 radələrində Göyçay şəhəri Natavan küçəsində yerləşən “Pub” adlı kafedə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərini etmiş,ictimai qaydanın mühafizə vəzifəsini icra edən Göyçay Rayon Polis Şöbəsinin polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 06 fevral 2025-ci il tarixdə Göyçay şəhərində yerləşən “Pub” kafedə tanışları ilə spirtli içki qəbul etmişdir. Daha sonra həmin kafedə digər masada əyləşən başqa bir şəxsi görmüş,onu tanıdığına görə pandemiya ilə əlaqədar olaraq qardaşına yazılan cərimənin haqsız yerə yazılması ilə bağlı narazılığını nalayiq ifadələr işlətməklə bildirmişdir.Bu zaman mülki geyimdə olan bir neçə nəfər onun üstünə gələrək nalayiq ifadələr işlətməməsini bildirib iradlarını bildirmişlər.Lakin bir az keçməmiş Göyçay rayon Polis Şöbəsinin PPXB-in əməkdaşları xidməti avtomobilləri ilə gəlmiş və onu dostu ilə birlikdə polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində izahat vermiş X4 izahat verərək bildirdi ki, 06 fevral 2025-ci il tarixdə saat 23.00 radələrində o digər polis əməkdaşları ilə iş vaxtı bitdikdən sonra “Pub” adlanan kafeyə getmişlər. Orada bir nəfər şəxsin pandemiya vaxtı qardaşına yazılan cərimə ilə bağlı digər şəxsə etiraz etdiyini və ucadan nalayiq ifadələr işlətməsini görmüşlər. Həmin zaman onlar həmin şəxsə yaxınlaşaraq kafedə əyləşən digər şəxslərə narahatçılıq yaratdıqını bildirmişlər. Lakin həmin şəxs onlara məhəl qoymamışdır.Bundan sonra həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün Göyçay rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşları çağırılmışdır. Göyçay rayon Polis Şöbəsinin PPXB-nin əməkdaşları gələndən sonra da Şəxs polis əməkdaşlarının tələblərinə tabe olmamış,polis şöbəsinə getməkdən imtina etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid3 və Şahid2 şahid X3 izahatına uyğun eyni məzmunlu izahat vermişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 023849 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 06 fevral 2025-ci il tarixli 603 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. İşə əlavə edilmiş “AZEMİS” X1 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, Şəxs 2-ci qrup xəstəliyə görə 392 manat 32 qəpik pensiya alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına , yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan , habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq,cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın müvafiq olaraq idarəçilik qaydaları və ictimai qayda əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, 2-ci dərəcəli əlil olması, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa inzibati xəta törədən şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal olması, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal olması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki,İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs daha ciddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətaya görə həmin maddənin sanksiyası həddləri daxilində İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla barəsində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 120 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-54/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-54/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver