Məhkəmə qərarları › İş №3(046)-545/2022

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-545/2022

03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-545/2022 03.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi ilə, Şəxs barəsində Göyçay rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta protokolu baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs barəsində tərtib edilmiş inzibati xəta protokolu üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən araşdırma aparılmamış, tərtib edilmiş protokol natamamdır. Buna görə də tərtib edilmiş inzibati xəta protokolu geri qaytarılmalıdır. Tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydası Qanunun 45-ci maddəsində müəyyən edilmişdir. Həmçinin tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi əsasları və qaydası Qanunun 63, 64, 65-ci maddələrində müəyyən edilmişdir. Beləliklə məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, Şəxs maddi imkanının olması, başqa gəlirinin olması, tələbi ödəmək iqtidarında olması, lakin ödəməməsi, tələbin yönəldilə biləcək borcluya məxsus dəyərli əmlakın olması, lakin tələbin yönəldilməsinə borclunun hər hansı bir maneçilik törətməsi, nəhayət tələbin ödənilməməsinin borclunun hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması lakin konkret üzürsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi barədə sübut təqdim edilməmişdir. Həmçinin borclunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun hər hansı konkret qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsinin hər hansı üzürsüz səbəblərdən olmasına dair sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. İcra məmuru icra işi üzrə şəxsin təqsirinə dair kifayət qədər sübut toplamamışdır. Əgər borclu icra sənədini ödəmək iqtidarında deyildirsə, icra məmuru onun barəsində inzibati xəta haqqında protokol tərtib etməli deyildir. İcra sənədinin icrası üçün yeganə vasitə tutmanın borclunun əmək haqqısına və ya pensiyasına yönəltmək hesabına mümkün olduğundan, lakin icra məmuru tərəfindən qeyd olunan icra tədbiləri görülməmişdir. Belə ki, Şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinə ərizə verərək ailə başçısını itirdiyinə görə hər ay aldığı 400 manat müavinatin 100 manat hissəsi tutularaq tələbkar Zərərçəkmiş şəxs ASC-nin hesabına köçürülməsin xahiş etmişdir. Çünki “İcra haqqında” Qanunun aşağıdakı normalarına əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: - 23.1.2-ci maddəsinə əsasən borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; - 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, - 23.1.5-ci maddəsinə əsasən tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Bununla da protokol tərtib etmiş icra məmurunun təqdim etdiyi sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin xətanı törətməsinə dair sübutlar kifayət etmir. Belə olduğu təqdirdə icra məmuru öz subyektiv mülahizəsinə əsasən şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə bir vəziyyətdə şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Şəxsin əməlində inzibati xətanın elementlərindən biri olan obyektiv və subyektiv cəhətlərə dair sübutlar kifayət etmir. Belə ki, icra məmuru şəxsin icra sənədini icra etməyə imkan verən maddi vəziyyətinin olmasına dair sübut təqdim etməmiş, toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Sübutların kifayət qədər toplanmadığı təqdirdə işin məhkəmə baxışına verilməsi, son nəticədə məhkəmənin sübut toplamaq imkanı olmadığı üçün işə düzgün və vaxtında baxılmasında çətinliklər yaranacaqdır. Beləliklə hazırkı işə dərhal baxılmalı olduğundan, məhkəmə kifayət qədər sübut toplanmamış iş üzrə tərəflərə məhkəmə baxışında əlavə sübutlar təqdim etmək imkanı yarada bilməyəcəkdir. Çünki işə dərhal baxılmalı olduğundan, məhkəmə iclası sübut təqdim etmək üçün təxirə salına bilməyəcəkdir. Həmçinin şəxsin təqsirliliyinə dair sübutları məhkəmə toplamamalıdır. Bu İXM ilə qadağan edilmişdir. Qeyd edilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə protokol tərtib edilənədək prosessual pozuntulara yol verilməsi və həmin pozuntuların işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olması son nəticədə protokolun düzgün tərtib olunmamasına, yaxud təqdim edilmiş materialların natamam olmasına, sübutların kifayət etməməsinə dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, hazırkı material üzrə işə baxılması qeyri mümkündür. Ona görə də inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103, 110, 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Göyçay rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar