Məhkəmə qərarları › İş №3(046)-548/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-548/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-548/2024 11.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, xx.xx.1982-ci ildə Göyçay rayonu Hüngütlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonu Hüngütlü kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Göyçay rayon X4 X5 inzibati təcrübə üzrə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə 20 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o əvvəllər barəsində tərtib edilmiş 31 dekabr 2023-cü il tarixli, EQ 18757801 saylı qərara əsasən İXM-nin 469.3-cü maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilib, lakin həmin cərimə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıan şəxs Şəxs məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması barədə vəsatəti məhkəməyə daxil olmamış,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hesab edirəm ki, aşağıdakılara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi 529.3-cü maddəsinin tərkibini yaradır. "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar" İXM-nin 29-cü Fəslinin tənzimlədiyi İXM-nin 327-348-ci maddələrində olan inzibati xətalardır. Lakin inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən Şəxs yol hərəkəti qaydaları əleyhinə olmayan sığorta qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə İXM-in 469.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilməsi müəyyən olunur, yəni İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbehə məruz qalması müəyyən olunmur. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar