Məhkəmə qərarları › İş №3(046)-548/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-548/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-548/2025 13.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi ilə, xx.xx.1998-ci ildə Göyçay rayonu, Şəkər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonu, Şəkər kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli Rayon Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala baxaraq, müəyyən etdi: İmişli rayon Polis Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru polis leytenantı X3 tərəfindən İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı müəyyən edilmiş 03 (üç) ay müddət ərzində icra etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(036)-1216/2025 saylı qərardadına əsasən Şəxs qeydiyyat olduğu ünvan Göyçay rayonu, Şəkər kəndi olduğu üçün İmişli rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material baxılması üçün aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İmişli rayon Polis Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru polis leytenantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Opel Astra” minik markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsində tərtib edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli, EQ 24666490 saylı qərarı müəyyən edilmiş 03 (üç) ay müddət ərzində icra etmədiyindən və bununla da İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur; xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 24666490 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir; Asan X1 çıxarışıdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixli, EQ 24666490 saylı qərarla təyin edilmiş cəriməni ödəmədiyinə görə üzərinə əlavə olaraq 24 (iyirmi dörd) manat məbləğində dəbbə pulu hesablanmış və Şəxs ödəməli olduğu cərimənin ümumi məbləği 64 (altmış dörd) manat təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, qərar, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar