Məhkəmə qərarları › İş №3(046)-553/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-553/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-553/2024 02.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızı, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, EQ/17220085 saylı, xx.xx.2023-cü il tarixli, EQ/17791783 saylı və xx.xx.2023-cü il tarixli EQ/17778853 saylı inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17220085 saylı, xx.xx.2023cü il tarixli, EQ/17791783 saylı və xx.xx.2023-cü il tarixli EQ/17778853 saylı inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətə görə, Qəbələ rayonu, Tüntül kəndində qeydiyyatda olan X3 mülkiyyətində olan VAZ 21074 minik markalı, **-BK-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə onun adına etibarnamə verilmişdir. Həmin avtomobilə dair adına etibarnamə olsa da avtomobili sürücülük vəsiqəsi olmadığına görə özü idarə etməmişdir. Sözügedən nəqliyyat vasitəsini hərdən özü yanında olmaqla X1 idarə etmişdir. X1 VAZ-21074 minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən o da həmin vaxt sözügedən nəqliyyat vasitəsində olmuşdur. Buna baxmayaraq, bir neçə dəfə xüsusi texniki vasitənin məlumatlarına əsasən barəsində elektron protokol və qərar qəbul edilərək, inzibati qaydada cərimə olunmuşdur. Belə ki, xüsusi texniki vasitələrin nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olan şəxs tərəfindən idarə edilibedilməməsi və həmin vaxt nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halını müəyyən etmək üçün texniki imkanlara malik deyil. Görüntülərə baxış keçirilərsə, nəqliyyat vasitəsi onun tərəfindən deyil, X1 tərəfindən idarə olunması aşkar olunar. Bu səbəbdən bir neçə dəfə qanunsuz olaraq adına etibarnamə verilmiş nəqliyyat vasitəsini X1 tərəfindən idarə olunarkən barəsində xüsusi texniki vasitənin məlumatlarına əsasən elektron protokol və qərar qəbul edilərək, inzibati qaydada cərimə olunmuşdur. Bu səbəbdən hesab edir ki, işə məhkəmədə baxılarkən görüntülərə baxış keçirilməli, inzibati xəta hadisəsi törətməməyi müəyyən edilməli və xüsusi texniki vasitənin məlumatlarına əsasən barəsində elektron qaydada tərtib edilmiş protokola əsasən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/17220085 saylı, xx.xx.2023-cü il tarixli, EQ/17791783 saylı və xx.xx.2023-cü il tarixli EQ/17778853 saylı elektron qərar ləğv edilməlidir. Şikayət və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı; 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad çıxarılır; Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin qanunvericiliyin tələblərinə əsasən işə baxılarkən hakim tərəfindən işin baxılması onun səlahiyyətinə aid olub-olmaması, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, işin icraatını rədd edən hallar mövcud olub-olmaması, şikayətin qanunvericiliklə müəyyən edilmiş müddətdə verilib-verilməməsi halları araşdırılmalıdır. Lakin işin faktiki hallarından göründüyü kimi hazırkı inzibati iş üzrə şikayətçi X5 tərəfindən bir şikayət ərizəsində tərtib edilmiş olan 3 inzibati aktı mübahisələndirir. Qeyd edilən inzibati aktlar (3 inzibati qərar) üzrə işə isə bir icraatda baxılması və hər biri inzibati akt üzrə ayrıca hüquqi qiymət verilməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh vermə haqqında müxtəlif qərarlardan (hazırkı iş üzrə 3 qərardan) bir şikayət ərizəsində əks olunmaqla şikayət vermək imkanı nəzərdə tutulmadığından hazırkı iş üzrə inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə X4 geri qaytarılmalı və ona səlahiyyətli orqanın (vəzifəli şəxsin) qəbul etdiyi qərarlarından ayrı-ayrılıqda (hər bir qərara münasibətdə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 VAZ-21074 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair inzibati xəta haqqında barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ/17220085 saylı, xx.xx.2023-cü il tarixli, EQ/17791783 saylı və xx.xx.2023-cü il tarixli EQ/17778853 saylı elektron qərarların ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair verilmiş şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər X4 geri qaytarılsın. Şikayət vermiş şəxsə qeyd edilən natamamlıq aradan qaldırıldıqdan sonra səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına uyğun olaraq yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilsin. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar