Məhkəmə qərarları › İş №3(046)-556/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-556/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-556/2025 08.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızı, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdi: Məhkəməyə daxil olmuş 07 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Göyçay şəhəri, M.Muradov küçəsində yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq 02 ədəd bitki kolu əkib becərmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və baxılması mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, qeyd inzibati material araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs yaşadığı evin həyətyanı sahəsindən iki ədəd bitki kolunun olduğu bir ədəd sellefon torba və torpaq nümunəsinin olduğu iki ədəd sellefon torba aşkar edilərək götürülmüşdür. Lakin iş materiallarında, inzibati xəta haqqında protokolda, o cümlədən həmin fakt üzrə Göyçay rayon polis şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı Anar Osmanov tərəfindən qəbul edilmiş 15 iyul 2025-ci il tarixli "cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarında həmin narkotik vasitənin maddi sübut kimi tanınıb-tanınmaması barədə heç bir məlumat və yaxud qeyd aşkar edilməmişdir. Yəni, məhkəmə çıxaracaq yekun qərarında maddi sübutun taleyi barədə məsələni həll etmək imkanından məhrum olmuşdur. Bununla da İXM-nin aşağıda göstərilən maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 77.1-ci maddəsində göstərilir ki, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.2. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. 77.3. İcraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Bundan başqa inzibati material araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmaması müəyyən edilmədən məhkəməyə təqdim edilmişdir. Qanunvericiliyin tələblərinə görə Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında inzibati həbs nəzərdə tutulduğundan həmin protokola da həmin gün baxılmalıdır. Lakin protokol natamam olduğundan işə baxılaraq müvafiq qərar qəbul edilməsi mümkün deyildir. Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi şərtlərə və qaydalara uyğun aparılır. Həmin Məcəllənin 37.7-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Həmin Məcəllənin 37.8-ci maddəsinə əsasən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicədə olan şəxsin məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və məcburi müalicə müddətinin uzadılması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla, müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinin tələbinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 109cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şəxs barəsində Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-cı maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan Göyçay rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar