Məhkəmə qərarları › İş №3(046)-558/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-558/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-558/2025 11.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, inzibati xəta haqqında protokol edən Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1976-cı il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, Göyçay şəhəri, R.Rza küçəsi, ev 125də qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və onlara əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı və xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində Göyçay rayon polis şöbəsinin inzibati binasının qarşısında polis əməkdaşlarına qarşı nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam-intizama dəvət edən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X2 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri polis serjantı Əli Xəlilov raportla rayon polis şöbəsinin rəhbərliyinə müraciət edərək, xx.xx.2025ci il tarixdə Göyçay rayon polis şöbəsinin polis nəfəri polis serjantı Şahid ilə birlikdə nəzarət buraxılış məntəqəsində xidmətdə təyin olunduqlarını, həmin tarixdə saat 17:30 radələrində Şəxs yaxınlaşaraq heç bir səbəb olmadan onlara qarşı nalayiq ifadələr işlədərək “siz kimsiz ki, sizin başınıza oyun açaram, sizin paqonunuzu sökdürərəm” deyərək xidməti iş fəaliyyətlərinə maneəçilik törətmişdir. Polis əməkdaşları dəfələrnən Şəxs nizam-intizama dəvət etmək istəmiş, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirməyə başlamışdır. Daha sonra Şəxs növbətçi hissəyə gətirilmiş, barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmışdır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, uşaqlarını görə bilmədiyi üçün əsəbləşərək polis şöbəsinə getmiş, orada polis əməkdaşlarına müraciət etmiş, lakin o, polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyməmiş, əsəbi olduğu üçün ünvansız söyüşlər söymüşdür. Bundan başqa Göyçay rayon polis şöbəsində ona qarşı heç bir fiziki xəsarət yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid izahat verərək göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində Şəxs rayon polis şöbəsinin nəzarət buraxılış məntəqəsinə yaxınlaşmış, ünvanlı və ünvansız nalayiq söyüşlər söymüşdür. Ona yaxınlaşaraq içkili olduğu üçün rayon polis şöbəsinə daxil ola bilməyəcəyini, şikayəti varsa ayıq vaxtı gəlib şikayətini bildirməsini izah etməklərinə baxmayaraq, Şəxs onların sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirməyə başlamışdır. Daha sonra onlar Şəxs barəsində qanuna müvafiq qaydada tədbirlər görülməsi üçün növbətçi hissəyə təhvil verərək raportla müraciət etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı və xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində Göyçay rayon polis şöbəsinin inzibati binasının qarşısında polis əməkdaşlarına qarşı nalayiq söyüşlər söyərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam-intizama dəvət edən ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli, 11/61 nömrəli protokoldan görünür ki, Şəxs sərxoşluq müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:10-da inzibati qaydada tutulmuşdur. Elektron Hökumət portalında olan çıxarışdan görünür ki, Şəxs 2-ci qrup əlildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməkdə təqsirli olması tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmədiyini, əsəbləşərək ünvansız nalayiq söyüşlər söydüyünü və polis əməkdaşlarına qarşı nizam-intizamsızlıq göstərmədiyini bildirsə də, onun izahatındakı həmin xüsusatlarla məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təkzib edilmişdir. Belə olan halda məhkəmə Şəxs özünü təqsirli bilməməsi ilə əlaqədar irəli sürdüyü dəlilləri özünü müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Onun törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş üzrə Şəxs məsuliyyətinin yüngülləşdirən halın olmadığını, inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi və sərxoş olmasını məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati cərimə tətbiq edilməlidir. Eyni zamanda məhkəmə Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:10dan polis şöbəsində tutularaq saxlanıldığını nəzərə alaraq hesab edir ki, inzibati tənbeh İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələblərinə uyğun olaraq tətbiq edilməli, yəni tətbiq edilən inzibati tənbehin həddi bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat cərimə edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar