Məhkəmə qərarları › İş №3(046)-560/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-560/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-560/2025 11.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi X1 iştirakı ilə, xx.xx.1982-ci ildə Göyçay rayonu, Qarabaqqal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Qarabaqqal kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar Göyçay rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində yaşadığı Göyçay rayonu, Qarabaqqal kəndində səs-küy salmış, ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, dəfələrnən polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilmiş, lakin o, qəsdən öz əməllərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 izahat verərək bildirdi ki, Göyçay şəhər sakini Şahid1 Göyçay rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmkəndlisi Şəxs tərəfindən ona məxsus olan həyatyanı sahədə yerləşən küçəyə su buraxılması ilə nəticələnin gediş-gəliş yolunun palçıq olaraq maneələr yaradılmasını bildirmişdir. Daxil olmuş müraciət əsasənda xx.xx.2025-ci il tarixdə saat 12 radələrində onunla bərabər iki nəfər polis əməkdaşı Şahid3 və Şahid2 ilə birlikdə həmin yerə getmişlər. Həmin vaxt orada olarkən küçənin su olmasını görməsələr də, yolun su və palçıq olması ilə bağlı əllərində video çəkiliş var idi. Müraciət ilə bağlı Şəxs həmin yerə dəvət edilmiş, həmin vaxt Şahid1 da orada olmuşdu. Sonra orada söhbət edilən zaman Şəxs bir qədər ictimai yerdə səs-küy salmış, qışqıraraq ifadələr işlətmişdir. Həmin vaxt Şəxs ilə Şahid1 arasında mübahisə yaranmış, həmçinin ona sakit olmasını bildirərək nizam-intizama dəvət etməklərinə baxmayaraq bir nəticəsi olmamışdır. Daha sonra rayon polis şöbəsinə dəvət edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahat verərək göstərmişdir ki, yaşadığı evin həyətində olarkən övladı qışqıra-qışqıra gələrək polis əməkdaşlarının onu çağırmasını dedi. Ona da, təcübləndi ki, polis əməkdaşları nə səbəbə görə onu çağıra bilər. Sonra o, çölə çıxdı, həmin vaxt polis əməkdaşları və Şahid1da orada olmuş, Şahid1 qışqıraraq buranın su olduğunu bildirdi. Şahid1 ancaq onlara qarşı şəxsi qərəzçilik və şər-böhtan ataraq əməllərini davam etdirmiş, əvvəllərdə Şahid1 pay torpağında yarımtikilisinə gələrək heç bir səbəb olmadan mübahisələr yaratmışdı. Şahid1 həmin yerə torpaq sənədi belə yoxdur. Sahə rəisi Şahid1 Göyçay rayon Qarabaqqal kənd sakini olduğunu qeyd etsə də, Mirsadiq şəhərdə yaşayır, 1 ildən çoxdur ki, kəndə gələrək kənd camahatı ilə münaqişələr yaratmışdır. Polis əməkdaşları gələrək küçəyə su buraxmasını bildirdikdə o, polis əməkdaşlarına küçənin su yox toz olduğunu, suyun onun tərəfindən deyil küçənin yuxarı hissəsindən axıb gəldiyini bildirmişdir. Şahid1 ona qapısının qarşısında olan betonu sökməsini və betonun alt hissəsindən keçən borunu çıxartmasını bildirdikdə o, Mirsadiqə “sən bələdiyyəsən ya icra nümayəndəsisən” deyərək öz iradını bildirdikdə aralarında mübahisə yaranmışdır. Mübahisə yaranan zaman sahə rəisi Taleh müəllim, onun yanında 2-3 nəfər polis serjantı, həmkəndlisi Elçin adlı şəxs orada olmuşdu. O, həmin vaxtı heç bir səs-küy salmamış, nalayiq ifadələr işlətməmiş və ilk olaraq o, polis əməkdaşlarına evinə gedərək izahat verməsini bildirdikdə, polis əməkdaşları ona rayon polis şöbəsinə gedərək orada izahat verməli olduğunu bildirmiş, polis əməkdaşlarına evinə girərək paltarını dəyişməli olduğunu bildirmişdi. Sonra polis əməkdaşlarına qarşı heç bir etiraz etməyərək öz istəyi ilə həmkəndlisi polis əməkdaşı olan Elçinin avtomobilinə əyləşərək polis şöbəsinə getmiş, sonra barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmışdır. Polis şöbəsində ondan izahat hadisədən bir gün sonra, yəni xx.xx.2025-ci il tarixdə alınmışdır. Məhkəmə iclasında Şahid1 şahid qismində izahat verərək göstərmişdir ki, onunla Şəxs və onun ailəsi ilə bağlı məhkəmə işi olmuşdur. Onlar ona qarşı ağıla gəlməyən hər cür pis əməllər etmiş, bütün günü onlara və bütün kənd əhalisinə maddi və mənəvi ziyan vurmuşlar. Şəxs atası Koroğlu İbrahimov “Tik Tok” sosial şəbəkəsində onun ünvanına qarşı xoşagəlməz ifadələr işlətmiş, məhkəmə iclasında faktla sübut olunduqdan sonra Koroğlu İbrahimov “mən bilmirdim ki, bu çəkilib yayımlanacaq” demişdir. Onunla birlikdə həmən kəndə yaşayan 26 nəfər qonşu Şəxs və ailəsindən şikayət edərək onların hərəkətlərindən bezdiklərini bildirmiş, lakin polislər bunlardan çəkindikləri üçün şikayətə baxan olmamışdır. Şəxs yola su buraxdığı üçün narazılığını bildirmiş, lakin Şəxs ona əhəmiyyət verməmişdir. Mübahisə zamanı Şəxs onun üzərinə gelərək hədə-qorxu gələrək vurmaq istəmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid3 şahid qismində izahat verərək göstərmişdir ki, Göyçay şəhər sakini Şahid1 Göyçay rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmkəndlisi Şəxs tərəfindən ona məxsus olan həyatyanı sahədə yerləşən küçəyə su buraxılması ilə nəticələnin gediş-gəliş yolunun palçıq olaraq maneələr yaradılmasını bildirmişdir. Həmin müraciət ilə bağlı sahə rəisi X6, polis nəfəri Şahid2 ilə birikdə həmin yerə getmişlər. Orda olarkən Şəxs oğlu yaşadıqları evin qarşısında olmuş, uşaqdan atası Şəxs çağırmasını demişlər. Daha sonra Şəxs çölə çıxmış, həmin vaxt Şahid1 da orada olmuş, suyun yola çıxması ilə bağlı onların arasında mübahisə baş vermişdir. Onların arasında yaranmış mübahisədən sonra sahə rəisi Şəxs izahat alınması üçün rayon polis şöbəsinə onlarla birlikdə getməli olduğu bildirilmiş, Şəxs izahatını evində alınmasını tələb etdikdə, Elnura qanunla izahatın rayon polis şöbəsində gedərək verməli olduğu bildirilmişdir. Daha sonra Şəxs paltarını dəyişmək üçün yaşadığı evə girmiş, onlar Elnuru 10-15 dəqiqə çöldə gözləmiş, dəfələrlə çağırıldıqdan sonra Elnur mobil telefonla kiminləsə danışa-danışa çölə çıxaraq onlarla birlikdə rayon polis şöbəsinə getmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 şahid qismində izahat verərək göstərmişdir ki, Göyçay şəhər sakini Şahid1 Göyçay rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmkəndlisi Şəxs tərəfindən ona məxsus olan həyatyanı sahədə yerləşən küçəyə su buraxılması ilə nəticələnin gediş-gəliş yolunun palçıq olaraq maneələr yaradılmasını bildirmişdir. Həmin müraciət ilə bağlı sahə rəisi X6, polis nəfəri Şahid3 ilə birikdə həmin yerə getmişlər. Orda olarkən Şəxs oğlu yaşadıqları evin qarşısında olmuş, uşaqdan atası Elnuru çağırmasını demişlər. Daha sonra Şəxs çölə çıxmış, həmin vaxt Şahid1 da orada olmuş, suyun yola çıxması ilə bağlı onların arasında mübahisə baş vermişdir. Mübahisə zamanı hər iki tərəf səs-küy yaratmış, həmin vaxt o, Şəxs nalayiq ifadələr işlətməsini eşitməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində yaşadığı Göyçay rayonu, Qarabaqqal kəndində səs-küy salmış, ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, dəfələrnən polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilmiş, lakin o, qəsdən öz əməllərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır; - inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:05-də inzibati qaydada tutulmuşdur. - Şahid1 xx.xx.2025-ci il tarixdə Göyçay rayon polis şöbəsinə ünvanladığı ərizədən görünür ki, Şahid1 həmkəndlisi Şəxs xx.xx.2025-dc il tarixdə Göyçay rayon Qarabaqqal kəndində küçədə onu söyüb təhqir edildiyini, Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Göyçay RPŞ-nin İTB-nin polis sahə nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə Göyçay rayonu Qarabaqqal kəndində yaşayan Şəxs barəsində daxil olmuş şikayət ilə əlaqədar sonuncunun yaşadığı ünvana gedən zaman o, ucadan səs-küy salmağa və təhqiramiz ifadələr işlətməyə başlamış, ona dəfələrlə irad bildirib sakitliyə dəvət etsələrdə, o, onların qanuni tələblərinə tabe olmayaraq hərəkətlərinə davam etdirmişdir. Daha sonra tərəflərindən Şəxs barəsində qanuni tədbir görülməsi üçün onu Göyçay RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Məhkəmə aşağıdakılara əsasən bu qənaətə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dizposiyasına əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dizposiyasına əsasən polis işçisinin və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olunmaması inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquq pozmadır və İXM-in 296-cı maddəsi (hazırda İXM-nin 510-cu maddəsi) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi xırda xuliqanlıq ictimai təhlükəli əməlin edilməsindən ötrü ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər qəsdən edilməlidir. Digər inzibati xəta üzrə məsuliyyətin yaranması üçün isə şəxs tərəfindən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, polis əməkdaşının qanuni tələblərinin yerinə yetirilməməsi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə təcrübəsində ictimai qayda və hüquq qaydası anlayışları bir çox hallarda fərqləndirilmir ki, bu da nəticə etibarı ilə əmələ hüquqi qiymət verilməsində səhvlərə yol açır. İctimai qayda - qüvvədə olan qanunvericiliklə, adətlərlə və ənənələrlə, həmçinin mənəvi normalarla tənzimlənən, cəmiyyətdə insanlar arasında formalaşmış münasibətlər sistemi, qarşılıqlı davranış və birgəyaşayış qaydalarıdır. İctimai qayda bütün sosial norma və prinsiplərin realizə olunmasına əsaslanan ictimai münasibətlərin tənzimlənmiş vəziyyətidir. İctimai qaydanın mühafizəsinin təmin edilməsi sahəsində polis əməkdaşlarının hüquq və vəzifələrinin həddləri və onların tələblərinin qanuni əsasları «Polis haqqında» Azərbaycan Respublikasının Qanununun normaları ilə tənzimlənir. Həmin Qanunun 5-ci maddəsinə əsasən polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən bu Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 13-cü maddəsinin 7-ci bəndinə əsasən polis əməkdaşları səlahiyyətlərini həyata keçirərkən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etməlidirlər. Həmin Qanunun 13-cü maddəsində polis əməkdaşlarının ümumi vəzifələri, 14-cü maddəsində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri, 17-ci maddəsində polis əməkdaşlarının ümumi hüquqları, 18-ci maddəsində isə ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının hüquqları sadalanmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin mənasına görə, qanun ilə inzibati xətanın bütün əlamətləri müəyyən edilmədiyi halda heç kəs inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə, işin faktiki hallarını araşırarkən bu nəticəyə gəlmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən ictimai qaydanın yuxarına qeyd olunan elementləri pozulmamışdır. İş materiallarında Şəxs tərəfindən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasını, ictimai qaydanı pozan hərəkətlərə yol verməsini təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş raportlarda və inzibati xəta haqqında protokollarında inzibati xətanın mahiyyəti tam göstərilməmişdir. Ümumiyyətlə raportda və inzibati xəta haqqında protokolda Şəxs tərəfindən polis əməkdaşının hansı qanuni tələblərinə qəsdən tabe olmaması, konkret olaraq kim tərəfindən tabe olunmaması və həmin tabe olmama nədə ifadə olunması və hansı ictimai qaydanı pozan hərəkətlərə yol verməsi, o cümlədən, xəta nəticəsində kimin zərər çəkməsi əsaslandırılmamışdır. Bundan başqa inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2025-ci il tarixdə saat 12 radələrində yaşadığı Göyçay rayonu, Qarabaqqal kəndində səs-küy salmasını, ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmasını, dəfələrlə polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilməsinə baxmayaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması qeyd olunsa da bu hal məhkəmə iclasında hadisənin şahidi olmuş polis əməkdaşlarının məhkəmə iclas zalında verdiyi izahatlarla təkzib olunmuşdur. Belə ki, polis əməkdaşları Şəxs ictimai yerdə nalayiq ifadələr işlətməsini eşitmədiklərini qeyd etmişlər. Bundan başqa protokol tərtib etmiş orqan tərəfindən Şəxsoğlunun polis şöbəsinə dəvət olduqdan sonra evdə üzərini dəyişdirdiyi zaman ləngiməsi onların qanuni tələblərinə qəsdən tabe olmaması kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq protokolu tərtib etmiş şəxs xəta törədən şəxsin təqsirliliyini sübut etmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş, şahid qismində polis əməkdaşlarının izahatlarına, polis əməkdaşlarının raportuna və şikayət verən Şahid1 izahatına istinad etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi Butkeviç Rusiyaya qarşı işi üzrə (xx.xx.2018) qəbul etdiyi qərarında qeyd etmişdir ki, Məhkəmə əvvəllər Rusiya ilə bağlı ictimai tədbirlərin keçirilməsi qaydalarını pozmaqda və ya polisin dağılmaq əmrinə tabe olmamaqda ittiham olunan şəxslərə qarşı inzibati icraata dair ərizələrə baxıb. Həmin proseslərdə birinci instansiya məhkəmələri polisin təqdimatlarını asanlıqla və birmənalı şəkildə qəbul etmiş və ərizəçilərin əksini sübut edən hər hansı bir sübut təqdim etmək imkanını rədd etmişlər. Məhkəmə qərara aldı ki, ittihamların əsasını təşkil edən əsas faktlarla bağlı mübahisədə yeganə şahidlər mübahisə edilən hadisələrdə fəal rol oynamış polis məmurlarıdır, məhkəmələrin onların ittihamedici ifadələrini yoxlamaq üçün bütün ağlabatan imkanlardan istifadə etməsi zəruridir. (bax: Kasparov və başqaları Rusiyaya qarşı (№ 2),№ 51988/07, § 48, 13 dekabr 2016-cı il və orada göstərilən işlərə). İş materialları təhlil edilərkən müəyyən olunmuşdur ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs səs-küy salaraq nalayiq söyüşlər söyməsi, polisin qanuni tələblərinə tabe olmaması inzibati protokolda, Göyçay RPŞ-nin rəisinə ünvanlanmış raportda qeyd olunsa da, ətrafda yaşayan və biləvasitə bu hadisənin şahidi olmuş şəxslər müəyyən edilərək dindirilməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati qaydada həbs edilmiş şəxs özünü təqsirli bilmədiyindən polis əməkdaşları ilə yanaşı hadisənin şahidi olmuş şəxslərin bir qismi müəyyən edilməklə izahatları alınmalı, yəni yalnız eyni xidməti funksiyanı həyata keçirən, eyni zamanda mübahisədə yeganə şahidlər mübahisə edilən hadisələrdə rol oynamış polis əməkdaşlarının izahatları və Şəxs şikayət edən Şahid1 izahatı ilə kifayətlənməməli idi. Bu hal inzibati araşdırmanın səthi və natamam aparılmasını göstərməklə yanaşı, vətəndaşa münasibətdə qərəzsizliyi şübhə altına alır. Hazırkı halda yalnız polis əməkdaşları və Şahid1 izahatları mötəbər sübut kimi qəbul edilə və şəxsin əlehinə qiymətləndirilə bilməz. Belə olduğu halda, polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrinin icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olunmamasından da söhbət gedə bilməz. Ona görə ki, qeyd olunduğu kimi Şəxs hərəkətlərində ictimai qaydanın pozulması faktı sübuta yetirilmir. Qanunvericiliyə görə barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə bu nəticəyə gəlir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati hüquq pozuntusunun elementlərindən olan pozuntunun obyekti (bu maddə ilə qorunan ictimai münasibətlər), obyektiv tərəfi (maddədə göstərilən hüquq pozuntusuna səbəb olan fəaliyyət) və subyektiv tərəfi (şəxsin öz hərəkətlərinə dair zehni münasibəti) müəyyən olunmadığından, o, qeyd olunan maddə ilə təqsirli sayıla bilməz və onun barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X2 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 44 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar