Məhkəmə qərarları › İş №3(046)-561/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-561/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-561/2023 06.09.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İ qrup əlil, Göyçay şəhəri 28 May küçəsi ev 20-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 00 radələrində Göyçay rayonu Cəyirli kəndi ərizəsində yerləşən Blue River kafesində səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Göyçay rayon Polis Şöbəsinin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Göyçay rayonu Cəyirli kəndi ərizəsində yerləşən Blue River kafesində tanışları ilə çörək yemiş, spirtli içki qəbul etmiş, sərxoş olmuşdur. Gecə saatlarında hesabı ödəmək üçün maddi imkanı olmamışdır. Həmin vaxt kafenin həyətində nalayiq ifadələr işlətmişdir. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə gətirmiş, polis şöbəsində sərxoş olduğu üçün polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş X1 göstərmişdir ki, Göyçay rayonu Cəyirli kəndi ərizəsində yerləşən qardaşına məxsus Blue River kafesini işlədir. xx.xx.2023-cü il tarixdə Şəxs və digər tanışları həmin kafeyə gəlmiş,orada spirtli içki qəbul etmişlər. Gecə saatlarında Şəxs hesabı ödəməkdən imtina etmiş, kafedə işləyər ofisiantların ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş çıxarışdan görünür ki, Şəxs birinci dərəcəli əlildir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 510 və 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, birinci qrup əlil olmağını məsuliyyətini yüngülləşdirən hal kimi, eləcə də məsuliyyətini ağırlaşdıran halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 510 və 535.1 maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 200 manat məbləğində inzibati cərimə təyin edilsin. Şəxs inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla inzibati cərimənin məbləği 100 manat müəyyən edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar