Məhkəmə qərarları › İş №3(046)-571/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-571/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-571/2025 13.08.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızı, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tutulan inzibati xətanı törətməsinə dair Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdi: Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və baxılması mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmaması barədə tibbi yoxlamanın nəticəsi əlavə edilməmişdir. İş materiallarında olan həkim-narkoloqun rəyi X1 barəsində tərtib edilmişdir. Bundan başqa Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında protokola inzibati qaydada tutmaq haqqında protokolda inzibati qaydada tutulmuş şəxsin hansı tarixdə tutulduğu qeyd olunsa da tutulma vaxtı ilə bağlı qeyd aparılmamışdır. Həmçinin, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.5.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 206-cı maddəsinin sanksiyasında qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Bundan başqa İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs inzibati qaydada tutulduqda bu barədə protokol tərtib edilir və orada aşağıdakılar göstərilir: 90.1.4. tutmanın vaxtı və səbəbləri. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə hakim işə baxılmağa hazırlanması zamanı qərardad qəbul edir. Göründüyü kimi, Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmiş, qeyd olunan natamamlıqları sənədləri qaytarmadan aradan qaldırmaq mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini tələbləri pozulduğundan və təqdim edilmiş materiallar natamam olduğundan onu tərtib etmiş orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37 və 109 maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə Göyçay rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar