Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-580/2025 16.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/27425437 saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və İXM-nin 332.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdı̇ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/27425437 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və İXM-nin 332.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, etibarnamə əsasında ona etibar edilmiş, “Mercedes Benz C200” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə Bakı-Şamaxı- Yevlax yolunun 188-ci km yolda müəyyən edilmiş hərəkət surətini 10-20km/ saat həddində aşmış və nəqliyyat vasitəni idarə etmək hüququ olmadan nəqliyyat vasitəni idarə edilmiş ki, o İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək 400 manat inzibati qaydada cərimə edilmişdir. Göstərilən əsaslara görə hesab edir ki, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xətanın tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, “Mercedes Benz C200” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 mülkiyyətindədir. Həmin avtomobil idarə edilməsi üçün etibarnamə ilə əvvəlcə atası X3, daha sonra isə 2025-ci ilin fevral ayında ona etibar edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən sürücülük hüququ 07 ay müddətinə məhdudlaşdırılmışdır. Qeyd edilən qərardan xx.xx.2025-ci il tarixdə məlumatlı olmuşdur. Məlumatlı olduqdan sonra avtomobilini idarə etməmişdir. Bildirir ki, xx.xx.2025-ci il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun 188-ci km-də Ağdaş istiqamətində “Mercedes Benz C200” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili atası X6 idarə etmişdir. Lakin sonuncu etibarnamə ona verildiyi üçün, sürət həddini aşmağı barədə qərar qəbul edilərkən, avtomobili idarə etmək hüququ olmadığı üçün İXM-nin 332.3-cü maddəsi ilə 400 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada qərarından şikayət edilən səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən qərarında şikayət edilən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ/27425437 saylı qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C200” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X7 mülkiyyətindədir. AE 222341 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2026-cı il tarixədək etibarlı olan sürücülük vəsiqəsi verilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin notariat əməliyyatları bölməsindən sorğulanmış çıxarışdan görünür ki, X3 xx.xx.2021-ci il tarixdə “Mercedes Benz C200” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə hüququ haqqında etibarnamə verilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin notariat əməliyyatları bölməsindən sorğulanmış çıxarışdan görünür ki, X4 xx.xx.2025 tarixdə Bakı şəhəri 34 saylı notariat ofisi tərəfindən ona reyestrdə 7E-1239 nömrə ilə qeyd olunmuş **-TC-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz C200 minik markalı nəqliyyat vasitəsindən istifadə hüququ haqqında etibarnamə verilmişdir. Göstərilən etibarnamə ilə ona verilmiş hüquqlardan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.4 maddəsinə əsasən imtina etmişdir. Məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyi üçün şikayətdə qeyd olunan xüsusatların dəqiqləşdirilməsi mümkün olmamışdır. Bununla bağlı şikayətin obyektiv, hərtərəfli və tam araşdırılmasını təmin etmək üçün səlahiyyətli orqan nümayəndəsinə sübutların məhkəməyə təqdim olunması bildirilmiş, lakin səlahiyyətli orqan tərəfindən heç bir mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1- 1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İXM-nin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21- 40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, EQ/27425437 saylı qərarda inzibati xətanının törədilməsini kifayət qədər təsdiq edən sübut göstərilmədiyindən şikayət əsaslıdır. Məhkəmə hesab edir ki, X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/27425437 saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, məhkəmə işin obyektiv və qərəzsiz araşdırılması, həmçinin, iş üzrə bəzi sübutların əldə edilməsi və çəkişmə prinsipinin təmin edilməsi, eləcə də inzibati iş üzrə icraat iştirakçılarının məhkəmə iclasında iştiraklarının təmin edilməsi məqsədilə şikayətin dolğun araşdırılmasını təmin edən zəruri sənədlər, o cümlədən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin inzibati iş üzrə qərar qəbul etmiş orqan (vəzifəli şəxs) tərəfindən bu yöndə müvafiq addımlar atılmamış, buna cəhdlər edilməmiş, hətta özü (nümayəndəsi) belə məhkəmə iclasında iştirak etməmişdir. Nəticə etibarilə, şikayətin dolğun araşdırılmasına imkan verən zəruri sənədlərin təqdim olunmamasına, həmçinin yalnız şikayətə əlavə edilmiş mübahisəli qərarla və şikayətçinin izahatı ilə mübahisələndirilən hallarla bağlı mühüm məqamları araşdırmaq mümkün olmadığına görə işə baxıb, yekun qərar qəbul etmək mümkün deyildir. Çünki, şikayətin hərtərəfli, obyektiv araşdırılması üçün zəruri olan sənədlərin təqdim edilməməsi mövcud ziddiyətli halların aradan qaldırılmasında və işin həqiqi hallarının ortaya çıxarılmasında maneə yaratmaqla, bərabər faktın araşdırılması imkanını məhdudlaşdırmışdır. Məhkəmə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (İXM-nin 8-ci maddəsinin İİ hissəsi, Təqsirsizlik prezumpsiyası prinsipi). Şikayətçinin əməlində inzibati xətanın olub-olmamasını, inzibati xətanın törədilməsində onun təqsirliliyini, eləcə də işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün faktik məlumatlar, inzibati xətalar haqqında işlər üzrə sübutlar, o cümlədən inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənədlər səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, şikayət və ona əlavə edilmiş sənədlərlə inzibati xəta hadisəsinin məhz kimin tərəfindən törədilməsi (işə əlavə edilən fotoşəkillərdən hadisənin kim tərəfindən törədilməsi müəyyən edilməmiş qalmışdır) dəqiq müəyyən edilməmişdir. Məhz inzibati xəta haqqında qanunvericiliyin məzmunundan da göründüyü kimi inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz səlahiyyətli orqanın üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə iclasında X5 bildirmişdir ki, “Mercedes Benz C200” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilməsi üçün etibarnamə ilə əvvəlcə atası X3, daha sonra isə 2025-ci ilin fevral ayında ona etibar edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən sürücülük hüququ 07 ay müddətinə məhdudlaşdırılmışdır. Qeyd edilən qərardan xx.xx.2025-ci il tarixdə məlumatlı olmuşdur. Məlumatlı olduqdan sonra avtomobilini idarə etməmişdir. xx.xx.2025-ci il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun 188-ci kmdə Ağdaş istiqamətində “Mercedes Benz C200” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili atası X6 idarə etmişdir. Lakin xx.xx.2025-ci il tarixdə Bakı-Şamaxı-Yevlax yolunun 188-ci km hərəkətdə olan “Mercedes Benz C200” markalı **-TC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilməməsinə baxmayaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti, qəbul edilmiş qərarı nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ/27425437 saylı qərar ləğv edilməli və iş baxılması üçün yenidən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/27425437 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi hissəsində şikayət ərizəsi təmin edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ/27425437 saylı qərarı ləğv edilsin. X5 barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə göndərilsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-580/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-580/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver