Məhkəmə qərarları › İş №3(046)-59/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-59/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-59/2025 10.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Göyçay rayonu, Ləkçıplaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Ləkçıplaq kəndində qeydiyyatda olan və Bakı şəhərində yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-742/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 10 fevral 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-742/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şəxs icra sənədini icra etmədiyi üçün 1750 manat aliment borcu yaranmışdır. İcra sənədinin icrası ilə bağlı borcluya dəfələrlə xəbərdarlıq edilmiş, barəsində axtarış qərarı verilmiş, icra şöbəsinə dəvət olunaraq aliment borcundan ödəniş edilməsi bildirilməsinə baxmayaraq o, işsiz olduğunu və maddi imkanı olmadığı üçün borcundan ödəniş edə bilməməsini göstərmişdir. Hazırda görülmüş icra tədbirləri nəticə vermədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəi üzrə baxılması üçün məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən ondan bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Gündəlik fəhləlik edərək maddi təminatın qarşılayır. Dəfələrlə aliment borcunun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmək istəsə də, Zərərçəkmiş şəxs onunla razılaşmayaraq borcun tam ödənilməsini tələb etmişdir. Hal-hazırda borclu olduğu 1750 manat aliment borcundan 1000 manat ödəniş edir. Qalan aliment borcunu işləyib ödəyəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən borclu Şəxs xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Borclu Şəxs aliment borcundan ödənişlər etməmiş, aliment borcundan hər ay 350-400 manat civarında ödəniş etməsini təklif etmiş, lakin Şəxs bununla razılaşmayaraq aliment borcunun ödənilməsinə laqeydlik göstərmiş, uşağının həyat şəraiti ilə maraqlanmamışdır. Qeyd edir ki, uşağı X4 hal-hazırda ödənişli kollecdə təhsil alır. Onun maddi məsrəflərini tək qarşılamaqda çətinliklər çəkir. Aliment borcundan 1000 manat, növbəti aylarda hər ay mütəmadi olaraq 300 manat ödənilməsinə razıdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-742/2024 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(046)-742/2024 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən Göyçay rayonu, Ləkçıplaq kəndində qeydiyyatda olan Şəxs tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, borclu Şəxs borcundan 1000 manat Zərərçəkmiş şəxs verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərarını məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Əksinə borclu icra sənədi ilə bağlı aliment borcundan 1000 manat ödəniş etmiş, 750 manat aliment borcu qalmış, həmin borcun aylıq ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılığa gəlmişdir. Belə olan halda borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirmək düzgün olmaz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, borclu icra sənədi ilə bağlı aliment borcundan 1000 manat ödəniş etməsi, 750 manat aliment borcunun ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılığa gəlməsi öz təsdiqini tapmış və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-742/2024 saylı icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 10 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya biləvasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar