Məhkəmə qərarları › İş №3(046)-607/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-607/2023

12.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-607/2023 12.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi ilə, xx.xx.1982-ci ildə Göyçay rayonu, Hacalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Göyçay rayonu, Hacalıkənd kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Göyçay rayonu Hacalıkənd kəndi ərazisində yerləşən dayanacaqda həmkəndliləri ilə birlikdə kart oyununu pul müqabilində oynayaraq qumar oyununda iştirak etmişdir. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Tərtib edilmiş inzibati xəta protokolundan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Göyçay rayonu Hacalıkənd kəndində ərazisində yerləşən dayanacaqda həmkəndliləri X3 və X4 ilə birlikdə pul müqabilində kartla qumar oynamışdır. Şəxs həmkəndliləri ilə birlikdə pulla qumar oynayarkən yerdə 1 manat 10 qəpik məbləğində pul və 36 ədəd kart olmuşdur. Həmin kartlar və pul vəsaiti polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülmüşdür. İnzibati materiala Şəxs tərəfindən Göyçay rayon Polis Şöbəsində verilmiş xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Göyçay rayonu Hacalıkənd kəndi ərazisində yerləşən dayanacaqda həmkəndlisi X4 ilə birlikdə 20 qəpikdən kartla qumar oynamış, bir qədər sonra yanlarına X3 da gəlmişdir. Təxminən 40 dəqiqə Elbrus Xəlilov və Anar Şıxaliyev ilə birlikdə qumar oynamışlar. Qumar oynamağa başladıqdan təxminən 20 dəqiqə sonra həmkəndlisi X5 da yanlarına gəlmiş, lakin Sənan onlarla bərabər qumar oynamamışdır. Daha sonra həmin əraziyə polis əməkdaşları gəlmiş, onların qumar oynadıqlarını görüb yerdə olan 2 manat pulu və 36 ədəd kartı maddi sübut kimi götürmüş və onları rayon polis şöbəsinə aparmışlar. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 02:50-də inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 17:00-da azad edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs Göyçay rayonu Hacalıkənd kəndi ərazisində yerləşən dayanacaqda həmkəndliləri ilə birlikdə kart oyununu pul müqabilində oynayaraq qumar oyununda iştirak etmişdir. Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutları nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyətinin yüngülləşdirən və ağırlaşdıran halların olmaması müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şəxsiyyətini, məsuliyyətinin yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun barəsində əsas inzibati tənbeh tədbiri olaraq cərimənin, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetlərin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək, qumara qoyulmuş 1 manat 10 qəpik pul vəsaiti və 36 (otuz altı) ədəd kart müsadirə edilməklə, 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar