Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-611/2023 31.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X2 ünvan 1 ünvanında yerləşən Teymur Əhmədov adına "xxxx" QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Teymur Əhmədov adına "xxxx" QSC-i xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xx.xx.2022-ci il tarixli, **********5652 nömrəli və xx.xx.2022-ci il tarixli, **********6352 nömrəli bəyannamələr üzrə əldə edilmiş ümumilikdə 37946,00 ABŞ dolları məbləğinin qalıq olan məcburi qaydada köçürülməli olan az miqdarda 2565,55 ABŞ dolları məbləğində hissəsini malların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasının müvəkkil olunmuş bankın hesabına xaricdən qaytarmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola görə, Teymur Əhmədov adına "xxxx" QSC-i ixrac etdiyi və ixrac olunan malın müqabilində müvəkkil edilmiş bankın hesabına məcburi qaydada köçürülməli olan az miqdar təşkil etmiş 3562,40 ABŞ dolları valiyuta vəsaiti xaricdən qaytarmamışdır. Məhkəmə iclasında Teymur Əhmədov adına "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, 2022-ci ilin dekabr ayında xx.xx.2022-ci il tarixli, **********5652 nömrəli və xx.xx.2022-ci il tarixli, **********6352 nömrəli bəyannamələr üzrə 37946 ABŞ dolları məbləğində Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" şirkətinə xurma məhsulunu ixrac etmişlər. İxrac etdikləri xurmaya görə 34383,60 ABŞ dolları vəsait bank hesabına daxil olmuşdur. 3562,40 ABŞ dolları məbləğində vəsait şirkətin bank hesabına daxil olmamışdır. Buna səbəb satışdan əldə edilmiş gəlirin bir hissəsi 1471,59 ABŞ dolları alıcı şirkətə bonus olaraq verilməsi, 996,85 ABŞ dolları dəyərində malın xarab olması, 1093,97 ABŞ dolları məbləğində vəsaitin isə bank köçürmələri zamanı yaranmış kurs fərqinə görə ödənilməməsi olmuşdur. Sonrakı məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Teymur Əhmədov adına "xxxx" QSC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş bildirişdən görünür ki, Teymur Əhmədov adına "xxxx" QSC-i tərəfindən **********5652 və **********6352 sorğu nömrəli bəyannamələr üzrə ümumilikdə 37946,00 ABŞ dolları (64508,20 manat) məbləğində vəsait müvəkkil bankdakı hesabına köçürülməmişdir. 10 gün müddətində konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində vəsaitlərin bank hesablarına köçürülməsinin təmin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən xəbərdar edilmişdir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XXXVİİ fəslinə aid edilmiş İXM-in 483cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta gömrük qaydaları əleyhinə olan xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»nın 12.2-ci bəndinə görə hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İnzibati xəta haqqında işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AZ-702 №-li «İnvoice»dan görünür ki, satıcı Teymur Əhmədov adına "xxxx" QSC-i alıcı Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" MMC-nə 2263 ədəd yeşikdə, çəkisi 18500 kq olan xurmanı 19425 ABŞ dolları müqabilində satmış, malın Rusiya Federasiyasında anbarda alındığı vaxtdan 21 bank günü ərzində 100 faiz dəyərinin ödənilməsi müəyyən edilmişdir. Əsas tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, №RİM/26391/22 saylı müqavilə olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********5652 nömrəli gömrük bəyannaməsinin surətindən görünür ki, Teymur Əhmədov adına "xxxx" QSC-i tərəfindən Rusiya Federasiyası Krasnodar şəhəri, Solneçnaya küçəsi, 15/5, liter B, mərtəbə 1, otaq 3 ünvanına 2263 ədəd plastik yeşiklərdə “yumru” xurma (18500 kq) məhsulu göndərilmişdir. İnzibati xəta haqqında işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli, AZ-702 №-li «İnvoice» üzrə 269,39 ABŞ dolları dəyərində ixrac olunan mal yararsız olmuşdur. İnzibati xəta haqqında işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AZ-703 №-li «İnvoice»-dan görünür ki, satıcı Teymur Əhmədov adına "xxxx" QSC-i alıcı Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" MMC-nə 1953 ədəd yeşikdə, çəkisi 18521 kq. olan xurmanı 18521 ABŞ dolları müqabilində satmış, malın Rusiya Federasiyasında anbarda alındığı vaxtdan 21 bank günü ərzində 100 faiz dəyərinin ödənilməsi müəyyən edilmişdir.Əsas tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli,№RİM/26391/22 saylı müqavilə olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********6352 nömrəli gömrük bəyannaməsinin surətindən görünür ki, Teymur Əhmədov adına "xxxx" QSC-i tərəfindən Rusiya Federasiyası Krasnodar şəhəri, Solneçnaya küçəsi, 15/5, liter B, mərtəbə 1, otaq 3 ünvanına 1953 ədəd plastik yeşiklərdə “öküz ürəyi” xurma (18521 kq) məhsulu göndərilmişdir. İnzibati xəta haqqında işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli iddia üçün kredit notundan görünür ki, xx.xx.2022-ci il tarixli, AZ-703 №-li «İnvoice» üzrə 727,45 ABŞ dolları dəyərində ixrac olunan mal yararsız olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Teymur Əhmədov adına "xxxx" QSC-i tərəfindən **********5652 və **********6352 sorğu nömrəli bəyannamələr üzrə ümumilikdə 37946,00 ABŞ dolları (64508,20 manat) məbləğində vəsaitin qalıq hissəsi 3562,40 ABŞ dolları müvəkkil bankdakı hesabına köçürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına görə müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirinin tətbiq edilməsi üçün səlahiyyətli orqanın tərtib etdiyi protokol əsasında inzibati xətanı törədən şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsi xahiş olunan və müxtəlif yanaşmalara səbəb olan “əldə edilmiş” müddəası ilə bağlı göstərilməlidir ki, “Valyuta tənzimi haqqında” Qanunun və Qaydaların müvafiq normalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan “əldə edilmiş xarici valyuta vəsaitləri" müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq müvəkkil olunmuş bankların hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Qeyd olunanları nəzərə alıb, hesab edirəm ki, ixrac olunan ümumi dəyəri 37946 ABŞ dolları olan kənd təsərrüfatı mallarının 997,14 ABŞ dolları (269,39 ABŞ dolları +727,45 ABŞ dolları) hissəsinin yararsız olduğuna görə müvəkkil bankda olan hesablara köçürülməsi Teymur Əhmədov adına "xxxx" QSC-i şəxsin iradəsindən asılı olmayan səbəblərdən baş vermədiyindən, 997,14 ABŞ dolları məbləğində vəsaitin müəyyən edilmiş müddət ərzində bank hesabına məcburi qaydada köçürülməsi hissədə əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Teymur Əhmədov adına "xxxx" QSC-i təqsirsiz hesab olunmalı, qalan 2565,55 ABŞ dolları hissədə isə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edilərkən xətanın gömrük qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xətanın hüquqi şəxs tərəfindən törədilməsi, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi olduğundan inzibati xəta törətmiş Teymur Əhmədov adına "xxxx" QSC-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan 2565,55 ABŞ dolları xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş şəxs Teymur Əhmədov adına "xxxx" QSC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan 2565,55 (iki min beş yüz altmış beş ABŞ dolları əlli beş sent) ABŞ dolları məbləğində xarici valyutanın dəyərinin otuz faizi 769,67 ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə manatla hesablanaraq cərimə edilsin. Teymur Əhmədov adına "xxxx" QSC-i barəsində 997,14 ABŞ dolları məbləğə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-611/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-611/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver