Məhkəmə qərarları › İş №3(046)-613/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-613/2025

05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-613/2025 05.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, X2, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs və X1nun iştirakı ilə xx.xx.1985-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu, Potu kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Göyçay rayon polis şöbəsindən daxil olmuş 05 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə “facebook” sosial şəbəkəsində Göyçay rayon polis şöbəsinin İTB-nın rəisi Zərərçəkmiş şəxs barəsində işgüzar nüfuza xəlil gətirən böhtan xarakterli məlumatlar paylaşmışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388- 1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi, X5 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, Göyçay rayon polis şöbəsinin TB-nin təhqiqatçısı İslam Şirinovun qəbul etdiyi qərara əsasən inzibati icraat açılmış, icraat açıldıqdan sonra əməliyyat-istintaq qrupunda növbədə olan sahə rəisi olduğu üçün inzibati xəta haqqında protokol tərtib edərək Şəxs barəsində zəruri sənədlər toplanılmışdır. Sənədləşmə işi aparılarkən Şəxs müdafiəçi təyin olunmuş, lakin müdafiəçidən imtina edərək rayon polis şöbəsində müdafiəçiyə ehtiyacının olmamasını bildirmişdir. Şəxs “facebook” sosial şəbəkəsində xx.xx.2025-ci il tarixdə polis günü münasibəti ilə Göyçay rayon İcra Hakimiyyətinin paylaşımı ilə bağlı şərhlər bölməsində İTB-nin sahə rəisi Zərərçəkmiş şəxs verilən xüsusi təltifə etirazın bildirərək kəskin şəkildə rəy yazaraq etiraz etmiş, Zərərçəkmiş şəxs barəsində işgüzar fəaliyyətə yararsız, nüfuza xələl gətirən ifadələr işlətmiş, həmin işlətdiyi ifadələr Göyçay rayon sakinləri tərəfindən sosial şəbəkədə görünmüşdür. Şəxs etirazı İTB-nin rəisi Zərərçəkmiş şəxs tərəfindən görüldükdən sonra rayon polis şöbəsinin rəisinə müraciət edilmişdir. Müraciət ilə bağlı Şəxs əməlində cinayət əməli olmadığı üçün baxılması üçün İTB-nə göndərilmişdir. Bu səbəbdən Şəxs barəsində araşdırılma aparılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə gətirilmişdir. Araşdırılma nəticəsində əldə olunan foto şəkillər iş materialına əlavə edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Göyçay rayon Qarabaqqal kənd ərazisində ona məxsus torpaq sahəsi vardır. xx.xx.2025-ci il tarixdə həmin ərazidə oğurluq hadisəsi olmuş, mühafizə əhəmiyyətli hasar sökülərək aparılmışdır. Oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng etmiş, müraciəti ilə bağlı polis şöbəsinin baş təhqiqatçısı Orxan Kərimov yerində baxış keçirərək ondan şikayət ərizəsi alaraq ona polis şöbəsinə çağırılaraq izahatının alınacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında təxminən 09:30 radələrində onun telefonuna zəng edilərək rayon polis şöbəsinə yaxınlaşmasını və gələrkən ona məxsus torpaq sahəsinin çıxarışının gətirilməsi bildirilmişdir. Daha sonra rayon polis şöbəsinə getmiş, baş təhqiqatçı Orxan Kərimov onun inzibati binanın 1-ci mərtəbəsində qarşılayaraq xidməti otağına getmişlər. Sonra 2-ci mərtəbədə İTB-nin rəisi Zərərçəkmiş şəxs xidməti iş otağına aparılaraq barəsində iş açıldığı bildirilmiş, ona nə səbəbə görə iş açılmasının səbəbini soruşduqda sosial şəbəkədə Zərərçəkmiş şəxs təhqir etdiyi deyilmiş, o Zərərçəkmiş şəxs təhqir etmədiyini bildirmişdir. Dəfələrlə polis əməkdaşlarına öhdəliyində xəstə uşağı olduğunu, polis şöbəsinə dəvət olunduğunu, gəlməkdən yayınmadığını, öz istəyi ilə polis şöbəsinə gəldiyini bildirməsinə baxmayaraq, onun sözlərinə məhəl qoyulmamışdır. Göyçay RPŞ-nin İTB-nin rəisi Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və X4 Ələsgərovun qəbuluna gedərək müraciətlər etmişdir. “Facebook” sosial şəbəkəsində Göyçay rayon İcra Hakimiyəti başçısı Zərərçəkmiş şəxs təşəkkürnamə vermiş, o ilk növbə də polis günü münasibəti ilə polis əməkdaşlarını təbrik etmiş, sonra Zərərçəkmiş şəxs verilən təşəkkürnaməyə öz etirazın bildirmiş, heç bir qanun pozuntusuna yol verməmişdir. Bugündə eyni fikirdədir. Göyçay RPŞ-nin İTB-nin rəisi Zərərçəkmiş şəxs polis orqanına ləkədir. O hesab edir ki, onun yazdıqlarında təhqir edici və işgüzar nüfüza xələl gətirən ifadələr yoxdur. X1 çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “facebook” sosial şəbəkəsində bildirdiyi fikirlər konkret şəxsə qarşı yönəlmişdir. Şəxs sosial şəbəkədə paylaşdığı fikirlər internet informasiya qadağan fikirlər hesab edilmir. Bundan başqa Şəxs polis bayramı günü münasibəti ilə polis əməkdaşlarını təbrik etmişdir. Hesab edir ki, müdafiə etdiyin şəxsin əməlində inzibati xəta tərkibi yoxdur. Bunun üçün də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışı tədqiq olunmuş: 05 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “facebook” sosial şəbəkəsində Göyçay rayon polis şöbəsinin İTB-nın rəisi Zərərçəkmiş şəxs barəsində işgüzar nüfuza xəlil gətirən böhtan xarakterli məlumatlar internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində qadağan edilən informasiya yerləşdirmişdir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs DİN-nin 102 xidmətinə zəng edərək Göyçay RPŞ-nin İTB-nin rəisi Zərərçəkmiş şəxs ona zəng edərək təhqir etməsindən (səbəb bildirədi) narazı olduğunu və bu barədə DİN-nin rəhbərliyinin qəbuluna gedəcəyini bildirmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin tərkib əlamətləri olduğu üçün inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması məqsədi ilə qərarın surəti aidiyyəti üzrə Göyçay RPŞ-nin İTB-nə göndərilmişdir. Foto şəkildən görünür ki, Göyçay rayonu, Potu kənd sakini X3 “facebokk” sosial şəbəkəsində Göyçay RPŞ-nin İTB-nin rəisi Zərərçəkmiş şəxs təşəkkürnaməyə layiq olmadığını, çoxlu sayda Göyçay rayon sakininin narazılığını qaanan birisi olduğunu, onun fəaliyyəti ilə bağlı dəfələrnən rayon polis şöbəsinin rəhbərliyinə şikayət olunmasına baxmayaraq, təşəkkürnamə verilməsi RPŞ-nin rəhbərliyinə də etimadın azaldılması barədə paylaşımlar etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 388-1.1.1-ci maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunu”nun 13-2.1-ci maddəsinə əsasən İnternet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini, o cümlədən dövlət dili normalarına riayət edilməsini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Həmin Qanunun 13-2.3.9-cu maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatların yerləşdirilməsinə yol verməməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388- 1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X6 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 44 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar