Məhkəmə qərarları › İş №3(046)-626/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-626/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-626/2023 19.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X3, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3 və 215.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən aptektdə xx.xx.2023-cü ildə keçirilən növbəti yoxlama zamanı dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin saxlanılması, sertifikatsız dərman vasitələrinin satış məqsədilə saxlanılması, sertifikasiyadan keçməyən işçilərin əczaçılıq praktiki fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. İnzibati xəta hadisənin olması 27 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və cərimənin aşağı həddinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X4 ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsiin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 967 saylı qərarından görünür ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən Şəxs MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən aptektin fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək AEM-in Əczaçılıq müfəttişliyi şöbəsinin baş müfəttəşi - qrup rəhbəri X10, AEM-in mülki dövriyyəsi məhdudlaşdırılmış dərman vasitələri ilə iş sektorunun müfəttəşi X7 və AEM-in Əczaçılıq müfəttişliyi şöbəsinin baş müfəttəşi X5 tərəfindən həmin müəssisədə planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan (KY231950231 saylı) görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 967 saylı qərar əsasında Şəxs MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən aptektdə aparılacaq yoxlama barədə məlumat vahid məlumat reyestrinə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin müfəttişləri X10, X5, X2 və X7 tərəfindən təsdiq edilmiş 27 sentyabr 2023-cü il tarixli «Yoxlama suallarının Siyahısından» görünür ki, yoxlayıcı orqan tərəfindən Şəxs MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən aptektdə aparılacaq yoxlama zamanı istifadə olunacaq yoxlama suallarının siyahısı tərtib edilərək təsdiq edilmiş, qeyd hissəsində yoxlama zamanı aptek təşkilatlarına dair tələblərin pozulması (saxlama şəraitinin düzgün aparılmayan dərman vasitələri) və sertifikasiyadan keçməyən əczaçının dərman vasitələrinin satışını aparması faktları aşkar edilmişdir. İş materiallarında olan pərakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə 650 №-li yoxlama aktının əlavəsindən görünür ki,14 ədəd «Leyner» məlhəbi, 5 ədəd «Teymurov krem-pastası»,2 ədəd «Tetrosiklin göz üçün məlhəbi», 4 ədəd «Oksolin məlhəbi», cəmi 13 ədəd «Sinaflan məlhəbi», 13 ədəd «Validol-Darnisa» tableti dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin saxlanılması, sertifikatsız dərman vasitələrinin satış məqsədilə saxlanılması aşkar edilmişdir. İş materiallarında olan 27 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin müfəttişi X7 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3 və 215.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.5-ci bəndinə görə plan üzrə (növbəti) yoxlama - risk qiymətləndirilməsi sisteminə və yoxlamaların aparılmasının bu Qanunla müəyyənləşdirilmiş dövriliyinə uyğun olaraq əvvəlcədən tərtib olunan yoxlama planı əsasında aparılan yoxlamadır. Həmin Qanunun 14.1-ci bəndinə görə yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. Həmin Qanunun 15.1-ci bəndinə görə plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risk qiymətləndirilməsi sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. Həmin Qanunun 17.1-ci bəndinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Beləliklə işin təsvir edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, 967 saylı qərar əsasında Şəxs MMC-yə məxsus ünvan 1 ünvanda yerləşən aptektdə xx.xx.2023-cü il tarixdə planlı (növbəti) yoxlama aparılmış, 650 saylı yoxlama aktına əsasən həmin aptektdə dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin saxlanılması, sertifikatsız dərman vasitələrinin satış məqsədilə saxlanılması, sertifikasiyadan keçməyən işçilərin əczaçılıq praktiki fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs hüquqi şəxs Şəxs MMC-ə istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edirəm ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə Şəxs MMC inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakteri, hüquqi şəxsin əmlak vəziyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə görə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə görə aptek təşkilatlarına dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə müqayisədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə törədilmiş inzibati xətaya görə hüquqi şəxslər üçün daha ciddi inzibati tənbehin verilməsi nəzərdə tutulur. Belə olan halda, hesab edirəm ki, eyni vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC öz hərəkətləri ilə həm İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsi, həm də İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə inzibati xəta törətdiyindən, o, daha ciddi xəta olan İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş cərimənin aşağı həddində tənbeh edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş Şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar