Məhkəmə qərarları › İş №3(046)-630/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-630/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-630/2023 13.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Səbail Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə müəyyənetdi: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət keçməsinə baxmayaraq, Şəxs inzibati cəriməni ödəməmişdir. Məhkəmə hesab edir ki, təritib edilmiş inzibati xəta protokolu geri qaytarılmalıdır. Belə ki, işdə olan Səbail rayonu DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektor polis polkovnik leytenantı X2 tərəfindən Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi MAS 15, ev 90-da yaşayır. E-məhkəmə sistemi çıxarışından görünür ki, Şəxs Kəlbəcər rayonu Mozqaraçanlı kəndində qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşın yaşadığı yer barədə məlumat şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) daxil edilir. Qanunvericiliyin tələblərinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın aparılması insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəlmişdir. Belə ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir (Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə 2003-cü il 31 yanvar tarixli Qərarı). Göründüyü kimi, qanunverici hər hansı bir şəxsin yaşayış yeri və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsi bu məqsədə yönəlmişdir. Belə ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin vəzifəsidir. Azərbaycan Respublikasının 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Göründüyü kimi Şəxs barəsində tərtib edilmiş protokol onun qeydiyyatda olduğu yer üzrə göndərilməli olduğu halda heç bir əsas olmadan Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Bundan başqa Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Şəxs barəsində Səbail rayonu DYPŞ-nin polis polkovnik leytenantı X2 tərəfindən İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə material Səbail RPİ-nə qaytarılmışdır. Lakin Şəxs barəsində Səbail rayon Polis İdarəsi tərəfindən iş yenidən baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki,Səbail rayonu DYPŞ-nin polis polkovnik leytenantı X2 tərəfindən İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda hadisənin baş verdiyi yer göstərilmədiyindən, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılması üçün aidiyyəti üzrə Şəxs qeydiyyatda olduğu yer üzrə məhkəməyə göndərilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, hazırkı material üzrə işə baxılması qeyri mümkündür. Ona görə də inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 109, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a l d i: Şəxs barəsində Səbail rayonu DYPŞ-nin polis polkovnik leytenantı X2 tərəfindən İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə material Səbail RPİ-nə qaytarılsın. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar