Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-641/2025 15.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1970-ci ildə İsmayıllı rayonu, Quşencə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İsmayıllı rayonu, Quşencə kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Göyçay rayonu, Qaraməryəm kəndi ərazisində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X2 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə xidməti ərazi olan Göyçay rayonu, Qaraməryəm kəndində xidmətdə olduğu zaman “Lukoil” adlı yanacaqdoldurma məntəqəsində bir neçə nəfər şəxsin mübahisə etdiyini müəyyən edərək həmin əraziyə yaxınlaşmış, xidməti geyimdə özünü təqdim etmiş, lakin Şəxs onun qanuni tələblərinə məhəl qoymayaraq məsələyə özlərinin yol tapacağını onun oradan uzaqlaşmasını bildirdi. Dəfələrlə onu nizam-intizama dəvət etməsinə baxmayaraq Şəxs öz hərəkətlərinə davam etdiyi üçün növbətçi hissəyə zəng etmiş, sonra həmin əraziyə PPXBnin əməkdaşları gəlmişdir. Daha sonra Şəxs barəsində qanuni tədbirlər görülməsi üçün rayon polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil verilmiş, barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmışdır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, həmkəndlisi ilə birlikdə Göyçay rayon Qaraməryam kəndində yerləşən kafelərin birində oturub yemək yemişlər. Həmin vaxt həddən artığ spirtli içki qəbul etmişdir. Daha sonra oradan çıxıb avtomobilə yanacaq doldurmaq üçün həmin kənd ərazisində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinə gəlmiş, sonra həmin əraziyə polis əməkdaşı gəlmişdir. Spirtli içkinin təsiri altında olduğu üçün baş vermiş hadisələri tam şəkildə xatırlaya bilmir. X3 həmin yanacaqdoldurma məntəqəsində olan bir nəfər şəxs ilə mübahisə etməyini, daha sonra polis əməkdaşları tərəfindən Göyçay RPŞ-nə gətirilmələrini xatırlayır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki, psixi və ya zor tətbiq edilməmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Müdafiəçi Göyçay rayon vəkil bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs törətdiyi əməli etiraf edir. Törətdiyi əməlindən səmimi peşmançılıq çəkir. Əvvəllər inzibati xətaya görə məsuliyyətə cəlb edilməmişdir. Buna görə də hesab edir ki, ilk dəfə inzibati xəta törətdiyinə görə barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü seçmək olar. Göstərdiklərinə əsasən Şəxs barəsində aşağı həddə cərimə tənbeh növünün seçilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Göyçay rayonu, Qaraməryəm kəndi ərazisində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:30-da inzibati qaydada tutulmuşdur. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından barəsində cinayət işi başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbirlər görülməsi məsələsinə baxılması üçün qərarın surəti Göyçay rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tədqiq edilmiş inzibati xəta haqqında protokolu, proses iştirakçılarının izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Göyçay rayonu, Qaraməryəm kəndi ərazisində xidməti vəzifəsini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, ictimai qayda - bir sıra hüquq normaları və digər sosial məqbul normalarla tənzimlənən, insanın cəmiyyətdə maneəsiz və münaqişəsiz fəaliyyətinə təminat verən mövcud ictimai münasibətlər sistemi deməkdir. İctimai qayda qanunla və digər sistemlərin normaları ilə tənzimlənən, habelə ilk növbədə ictimai yerlərdə formalaşan bütün ictimai münasibətlər daxildir. Polis şöbəsinin inzibati binasının qarşısı ictimai yer hesab edildiyindən orada müəyyən olunmuş qaydaların pozulması ictimai qaydanın pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının “Polis haqqında” Qanuna əsasən polisin əsas vəzifələrində biri ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etməkdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli olması tam sübuta yetir. Onun törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili Vəkil verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 5 iş saatı müddətində hüquqi yardım üçün 55 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən (10) on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-641/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-641/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver