Məhkəmə qərarları › İş №3(046)-645/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-645/2025

15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-645/2025 15.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu, Çərəkə kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar Göyçay rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Göyçay rayon polis şöbəsində ucadan nalayiq ifadələr işlədərək polisin iş fəaliyyət rejimini pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətdiyini qismən qəbul edərək izahatında göstərmişdir ki, 14 günlük hərbi çağırışa getmədiyi üçün barəsində məcburi gətirilmə tətbiq olunmuş, işlərinin çoxluğu ilə əlaqədar Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Göyçay rayon şöbəsinə yaxınlaşa bilməmişdir. Daha sonra yaşadığı ünvana polis əməkdaşları gəlmiş, ondan rayon polis şöbəsinə getməli olduğunu bildirdikdə o, öz avtomobilinə əyləşərək rayon polis şöbəsinə getmişdir. 44 günlük vətən mübahiribəsi iştirakçısı olduğu üçün psixoloji problemləri olmuş, əsəbləri aldığı travmalara görə gərgin olduğu üçün istəməyərəkdən Göyçay rayon polis şöbəsinin inzibati binasının dəhlizində səs-küy salmış, lakin heç bir polis əməkdaşına qarşı qanunsuz hərəkətlər etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Göyçay rayon polis şöbəsində ucadan nalayiq ifadələr işlədərək polisin iş fəaliyyət rejimini pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. - inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsi ünvan 4 ünvanında qeydiyyatda olan 2000-ci il təvəllüdlü Şəxs hərbi təlim toplanışı ilə əlaqədar olaraq SHXÇDX-nın Göyçay rayon şöbəsinə məcburi gətirilməsi üçün xahiş edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Şəxs əməlində protokolda qeyd edilən 510-cu maddəsində nəzərdə tutulan inzibati məsuliyətin yaranması sübut olunsa da onun hərəkətlərində İXM-nin 535.1-ci maddə ilə inzibati xəta hadisəsi baş vermədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dizposiyasına əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını araşdırarkən belə nəticəyə gəlmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən ictimai qaydanın yuxarıda qeyd olunan elementləri pozulmamışdır. Bir sözlə, ilk növbədə qeyd olunan inzibati xəta tərkibinin yaranması üçün şəxsdən tələb olunan hərəkət qanuni olmalıdır ki, ondan imtina da müvafiq məsuliyyətə səbəb olsun. Şəxs münasibətdə isə bu hal baş verməmişdir. Belə ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında əsəbi olduğu üçün rayon polis şöbəsinin inzibati binasında səsküy salmasını etiraf etmiş, lakin polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmədiyini, öz istəyi ilə avtomobili əyləşərək rayon polis şöbəsinə getdiyini bildirmişdir. Şəxs həmin vaxt hansısa digər hərəkəti ilə polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla müşayiət edilən hərəkətə yol verməsi faktiki olaraq müəyyən edilməmiş, buna dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Ümumiyyətlə raportda və inzibati xəta haqqında protokollarda Şəxs tərəfindən polis əməkdaşının hansı qanuni tələblərinə qəsdən tabe olmaması və həmin tabe olmama nədə ifadə olunması və hansı ictimai qaydanı pozan hərəkətlərə yol verməsi əsaslandırılmamışdır. Eyni zamanda Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq protokolu tərtib etmiş şəxs xəta törədən şəxsin təqsirliliyini sübut etmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və polis əməkdaşlarının raportuna istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin mənasına görə, qanun ilə inzibati xətanın bütün əlamətləri müəyyən edilmədiyi halda heç kəs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Göyçay rayon polis şöbəsində ucadan nalayiq ifadələr işlədərək polisin iş fəaliyyət rejimini pozaraq ictimai qaydanı pozan hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati cərimə tənbeh növü tətbiq edilməlidir. Eyni zamanda məhkəmə Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00-dan polis şöbəsində tutularaq saxlanıldığını nəzərə alaraq hesab edir ki, inzibati tənbeh İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələblərinə uyğun olaraq tətbiq edilməli, yəni tətbiq edilən inzibati tənbehin həddi bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə təqsirli bilinərək 75 (yetmiş beş) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar