Məhkəmə qərarları › İş №3(046)-651/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-651/2024

16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-651/2024 16.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçisi Vəkil və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1969-cu ildə Göyçay rayonu, Müskürlü kəndində anadan olmuş, subay, orta təhsilli, işsiz, Göyçay rayonu, Müskürlü kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli, 2(046)- 1086/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2021-ci il tarixdə etibarən xx.xx.2011-ci il tarixdə anadan olmuş X4, xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 16 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli, 2(046)-1086/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2021-ci il tarixdə etibarən xx.xx.2011-ci il tarixdə anadan olmuş X4, xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Bundan sonra Şəxs aliment borcundan sonuncu dəfə 26.06 2024-cü il tarixdə 70 manat ödəniş etmiş, 11460 manat aliment borcu qalmışdır. İcra sənədinin icrası ilə bağlı borcluya dəfələrlə xəbərdarlıq edilmiş, izahatı alınmış və o, izahatında tələbkar Zərərçəkmiş şəxs olan aliment borcunu ödəməyə maddi imkanın olmadığın, gələcəkdə imkanı olduqda hissə-hissə borcundan ödənişlər edəcəyini bildirmişdir. İcra sənədi üzrə borclu Göyçay Rayon Məhkəməsinin 3(046)-119/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hazırda görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən üç uşağın saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Aliment borcunun yaranmasına səbəb xəstəliyi ilə bağlı heç yerdə işləyə bilməməsi olmuşdur. Buna görə də aliment borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmişdir. Gələcəkdə maddi imkanı olduqda aliment borcundan ödənişlər edəcəkdir. xx.xx.2024-cü il tarixədək aliment borcunun ödənilməsi ilə bağlı zərər çəkmiş şəxslə aralarında razılığa gəlmişlər. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən üç uşağın saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra Şəxs sonuncu dəfə xx.xx.2024-cü il tarixdə ona 70 manat pul ödəmiş, 11460 manat aliment borcu qalmışdır. Nikahları pozulduqdan sonra Şəxs uşaqlarının həyat şəraiti ilə maraqlanmamış, valideynlik borcunu unudaraq uşaqlarının saxlanması üçün ona borclu olduğu aliment borcunu ödəməmişdir. Hal-hazırda xx.xx.2024-cü il tarixədək aliment borcunun ödənilməsi ilə bağlı onunla razılığa gəlmişlər. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Müdafiəçisi Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə zərər çəkmiş şəxs arasında aliment borcunun ödənilməsi ilə bağlı razılıq əldə olunmuşdur. Buna görə də ona aliment borcunun ödənilməsi ilə bağlı vaxt verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(046)-1086/2021 saylı icra vərəqəsindən görünür ki, borclu Şəxs xx.xx.2021-ci il tarixdə etibarən xx.xx.2011-ci il tarixdə anadan olmuş X4, xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli, 2(046)-1086/2021 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Şəxs ünvanlanmış bildirişi öz imzası ilə təsdiq edərək qəbul etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin EMF-dən alınmış çıxarışdan görünür ki, borcluya məxsus hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə proses iştirakçılarının izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə borclu Şəxs hal-hazırda borcu tam şəkildə ödənilməsi üçün yetərli olan gəlirə malik olmadığından icra vərəqəsi üzrə müəyyən edilmiş borcunu tam olaraq ödəyə bilmədiyi öz təsdiqini tapmış, aliment borcunun yaranmasına səbəb olaraq xəstəliyi olduğu üçün heç yerdə işləyə bilməməsini göstərsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa aliment borcunun xx.xx.2024-cü il tarixədək ödənilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunmuşdur. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarında göstərdikləri xüsusatlarla borclu Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə aliment borcunun ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə aralarında razılıq əldə olunduğundan borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili Vəkil verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar