Məhkəmə qərarları › İş №3(046)-654/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-654/2023

26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-654/2023 26.10.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 iştirakı ilə, xx.xx.1988-ci ildə Qəbələ rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 25 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində Göyçay rayon Polis Şöbəsinin inzibati binasında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən DYPB-nin inzibati təcrübə üzrə inspektoru X2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 izahat verərək bildirdi ki, Şəxs 25 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində Göyçay rayon Polis Şöbəsinin inzibati binasında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən DYPB-nin inzibati təcrübə üzrə inspektoru X2 qanuni tələblərinə tabe olmamışdır. Bununla bağlı Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 2018-ci ildə mülkiyyətində olan VAZ 2101 markalı avtomobili etibarnamə əsasında Göyçay şəhər sakininə vermişdir. Hal-hazırda həmin avtomobil ilə bağlı ümumilikdə 340 manat məbləğində cərimələr tətbiq olunduğuna görə bu məsələnin araşdırılması ilə bağlı xx.xx.2023-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinə getmişdir. Orada cərimələrin avtomobili etibarnamə əsasında idarə edən şəxs tərəfindən ödənilməsinin təmin edilməsi ilə bağlı X8 Bölməsinin rəisinə müraciət etmişdir. YPX-nin inspektorları ona cəriməni ödətdirəcəklərini demiş, bundan sonra polis şöbəsindən çıxmışdır. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Göyçay rayon polis şöbəsinə yenidən gəlmiş, cərimənin ödənilməsi ilə bağlı DYPB-nin əməkdaşı Emin Mamedova müraciət etmiş, sonuncu isə ona cərimənin hal-hazırda ödənilmədiyini bildirmişdir. Orada nalayiq söyüşlər söyməmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə inspektoru X5 izahat verərək bildirdi ki, Şəxs dəfələrlə onun yanında olmuş, 2018-ci ildə mülkiyyətində olan VAZ 2101 markalı avtomobili etibarnamə əsasında Göyçay şəhər sakininə verdiyini və etibarnamənin vaxtdı bitdiyi üçün həmin avtomobil idarə edən şəxsin törətdiyi xətaya görə 340 manat cərimənin onun adına yazıldığını qeyd etmişdir. Bununla bağlı sözügedən avomobili evakuator vasitəsi ilə rayon polis şöbəsinin dayanacağına gətirilmiş, Şəxs yalnız cərimələr ödənildikdən sonra avtomobilin dayanacaqdan çıxarılması bildirilmişdir. Lakin Şəxs onun sözlərinə məhəl qoymamış, ucadan nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etməsinə baxmayaraq qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:10-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 10:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eyni zamanda şahid izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Göyçay RPŞ-in inzibati binasında ictimai qaydanı pozaraq polis əməkdaşının ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin, polis əməkdaşının ictimai qaydanı pozmamaq barədə qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin məhkəmə baxışı zamanı verdiyi izahata iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəməyə verdiyi izahat həqiqətə uyğun deyil, onun bu məzmunda izahat verməsi inzibati məsuliyyətindən yayınmaq məqsədi güdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətaların müvafiq olaraq ictimai qayda və idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs daha ciddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətaya görə həmin maddənin sanksiyası həddləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 41, 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 26 oktyabr 2023-cü il tarixdən saat 16:40-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar