Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-654/2025 09.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30534684 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X2 ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30534684 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində Azərbaycan Respublikası İXM-nin 328.4cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 30534684 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 328.4-cü maddəsi ilə təqsirli bilinib, 300 manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə əsas xx.xx.2025-ci il tarixdə saat 10:05 radələrində İsmayıllı rayonu M.F.Axundov prospekti Əlillər binasının qarşısı Ə.Ələkbərzadə küçəsi istiqamətində hərəkətdə olarkən «X4 yük» markalı, **-VA-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini yolda müəyyən edilmiş hərəkət surətini 61 km-saat aşmaqla idarə etməsi olmuşdur. Göstərdiyi əsaslara görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 30534684 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və barəsində Azərbaycan Respublikası İXM-in 328.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərardan da göründüyü kimi inzibati xəta hadisəsi xüsusi texniki vasitəsi ilə qeydə alınmış, guya o, İsmayıllı şəhər ərazisində yük avtomobili ilə 60 km/saat müəyyən edilən ərazidən 123 km/saatla idarə etmiş və nəticədə Azərbaycan Respublikası İXM-in 328.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Müstəqil araşdırma zamanı məlum olmuşdur ki, İsmayıllı rayonu M.F.Axundov prospekti Əlillər binasının qarşısı Ə.Ələkbərzadə küçəsi istiqamətində quraşdırılan sürətölçən cihazda nasazlıq baş vermiş və nəticə də törətmədiyi inzibati xəta hadisəsinə görə inzibati məsuliyyətə cəlb edilmişdir. Yol verilən nöqsanın aradan qaldırılması üçün tərəfindən BDYPİnın qaynar xətt əlaqə telefonuna məlumat versə də heç bir tədbir görülməmiş, nəticə də hüquqları kobud şəkildə pozulmuşdur. Digər tərəfdən inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Qanunvericiliyin məhz belə tələb etməsi ona dəlalət edir ki, inzibati xətanı qeydə alan sürətölçən cihazın növbəti yoxlamasının keçirilməli olduğu vaxt bilinsin və qeydə aldığı xətanı düzgün qeydə almasında texniki nasazlıq baş verib-verməsini dəqiq müəyyən etmək mümkün olsun. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin dəlillərinə uyğun çıxış edərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə, habelə iş üzrə sübutları təqdim edilməsi üçün məhkəmə bildirişi xx.xx.2025-ci il tarixdə qərarından şikayət verilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə çatdırılmasına baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, qərarından şikayət verilən orqanı məhkəmə iclası barədə məlumatlandırılmış hesab edərək şikayətə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30534684 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-nin 328.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 300 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İXM-nin 61.1.9-cu maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. İXM-nin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış fasiləsiz videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsi sahibinin iştirakı ilə həyata keçirilir. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan fasiləsiz videoçəkiliş aparılmaqla keçirilə bilər. İXM-nin 93.3-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir. İXM-nin 122.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 83-cü maddəsinin İİ hissəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Göründüyü kimi qanunvericilik konkret olaraq yol hərəkəti təhlükəsizliyi əleyhinə törədilmiş inzibati xətaların aşkar edilməsini videomüşahidə aparılmaqla müəyyən edilməsini, habelə vizual müşahidə nəticəsində aşkar edildikdə belə həmin halların xüsusi texniki vasitələr vasitəsi ilə inteqrasiyasını təsbit etmişdir. Məhkəmə iclasında araşdırılan şikayətdən müəyyən olunur ki, şikayət verən şəxs idarə etdiyi «X4 yük» markalı, **-VA-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini yolda müəyyən edilmiş hərəkət surətini 61 km-saat aşmaqla idarə etmədiyini, İsmayıllı rayonu M.F.Axundov prospekti Əlillər binasının qarşısı Ə.Ələkbərzadə küçəsi istiqamətində quraşdırılan sürətölçən cihazda nasazlıq olduğunu və nəticə də törətmədiyi inzibati xəta hadisəsinə görə inzibati məsuliyyətə cəlb edildiyini bildirmişdir. Məhkəmə tərəfindən şikayət verilən orqanın nümayəndəsinə iş üzrə inzibati xətanın aşkar olunmasında istifadə edilmiş xüsusi texniki vasitənin göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatların təqdim edilməsi təklif edilmiş, lakin sübutların məhkəməyə təqdim edilməməsi ilə yanaşı qərar qəbul edən orqanın nümayəndəsi də məhkəmədə iştirak etməmişdir. Məhkəmə təqsirsizlik prezumpsiyası prinsipindən çıxış edərək hesab edir ki, hazırkı vəziyyətdə, yəni sürətölçən cihazda nasazlıq olması və xüsusi texniki vasitənin dövlət yoxlamasından keçirilməsi mübahisələndirildiyindən inzibati xətaya görə inzibati tənbeh vermə qərarının qüvvədə saxlanılması qanunvericilik baxımından da yolverilməzdir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30534684 nömrəli protokolu əsasında qəbul edilmiş həmin tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137ci maddərini rəhbər tutaraq, qərara aldı: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 30534684 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərardan Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-654/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-654/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver