Məhkəmə qərarları › İş №3(046)-666/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-666/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-666/2023 06.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 iştirakı ilə xx.xx.1981-ci ildə Göyçay rayonu, Ləkçıplaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, Göyçay rayonu, Ləkçıplaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş ******* saylı, xx.xx.2023-cü il tarixli və ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs müxtəlif vaxtlarda mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs3 və polis əməkdaşlarına zəng edərək ünvanlarına söyüşlər söyləmişdir. Bununla bağlı Şəxs xx.xx.2023-cü il tarixdə Göyçay şəhərində yerləşən “Təzə bazar” ərazisində polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilməsi məqsədi ilə saxlanıldığı zaman onların qanuni tələblərinə tabe olmamış, qaçmağa cəhd göstərərək polis şöbəsinə getməkdən imtina etmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 protokolların məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs3 ilə tanışlığı onun bankda işlədiyi vaxtda olmuşdur. Sonradan Zərərçəkmiş şəxs3 tanışı Vüqar adlı şəxslə aralarında münasibətlər pisləşdiyi üçün Zərərçəkmiş şəxs3 ilə də dəfələrlə mübahisəsi olmuşdur. Göyçay rayon Polis şöbəsinin əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə münasibətlərinin pisləşməsinə səbəb kimi əvvəllər onun mülki iş üzrə axtarışda olarkən sonuncuların onu yaşadığı ünvandan rayon polis şöbəsinə aparmaları olmuşdur. Müxtəlif vaxtlarda əsəbi olduğu üçün Zərərçəkmiş şəxs3, polis əməkdaşları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mobil telefonla zəng edərək onların ünvanına söyüşlər söymüşdür. Zərərçəkmiş şəxslərdən üzr istəyərək, törətdiyi əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyəni bildirdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Zərərçəkmiş şəxs1 bildirdi ki, Şəxs ilə tanışlığı Şəxs əvvəllər mülki iş üzrə axtarışda olması ilə əlaqədar olmuşdur. Sonradan Şəxs müxtəlif vaxtlarda onun mobil telefonuna zəng edərək ünvanına nalayiq söyüşlər söymüşdür. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinin rəisi Müqalib Abdıyevə raportla müraciət etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin rəisi Zərərçəkmiş şəxs2 bildirdi ki, Şəxs barəsində dəfəfələrlə Göyçay rayon Polis Şöbəsinə şikayət ərizələri daxil olmuş. Şəxs müxtəlif vaxtlarda onun mobil telefonuna zəng edərək ünvanına nalayiq söyüşlər söymüşdür. Bununla bağlı xx.xx.2023cü il tarixdə Göyçay rayon Polis Şöbəsinin rəisi Müqalib Abdıyevə raportla müraciət etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində izahat vermiş Zərərçəkmiş şəxs3 bildirdi ki, Şəxs ilə tanışlığı onun bankda işlədiyi vaxtda olmuşdur. Sonradan Göyçay rayon Polis Şöbəsinə işləyən tanışı Vüqarla Şəxs arasında münasibətlər pisləşdikdən sonra Şəxs onun mobil telefonuna müxtəlif vaxtlarda zəng edərək ünvanına söyüşlər söymüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay RPŞ daxil olmuş ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs3 və polis əməkdaşlarına zəng edərək ünvanlarına söyüşlər söyərək xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; - Göyçay RPŞ daxil olmuş ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilməsi məqsədi ilə saxlanıldığı zaman onların qanuni tələblərinə tabe olmamış, qaçmağa cəhd göstərərək polis şöbəsinə getməkdən imtina etmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; -inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:00-da inzibati qaydada tutulmuşdur. -audio diskdəki səs yazısından müəyyən olunur ki, Şəxs Zərərçəkmiş şəxs3 ünvanına söyüşlər söymüşdür. -xx.xx.2023-cü tarixli raportdan görünür ki, Şəxs tərəfindən zərər çəkməiş şəxs Zərərçəkmiş şəxs1 müxtəlif telefon nömrələdrən edilmiş zənglərdə ünvanına nalayiq ifadələr söylənilmişdir. -xx.xx.2023-cü tarixli raportdan görünür ki, Şəxs tərəfindən zərər çəkməiş şəxs Zərərçəkmiş şəxs2 müxtəlif telefon nömrələdrən edilmiş zənglərdə sonuncunun ünvanına nalayiq ifadələr söylənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eyni zamanda zərər çəkmiş şəxslərin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs3 və polis əməkdaşlarına zəng edərək ünvanlarına söyüşlər işlətmiş, həmçinin, polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən yolda onların qanuni tələblərinə tabe olmamış, polis şöbəsinə getməkdən imtina etmişdir. Bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən saat 12.00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 04 noyabr 2023-cü il tarixdən saat 12:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar