Məhkəmə qərarları › İş №3(046)-68/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-68/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-68/2025 11.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə, xx.xx.1999-cu ildə Göyçay rayonu, 2-ci Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə 00:04 radələrində Göyçay şəhəri, Nizami küçəsində xidmətdə olan Göyçay rayon polis şöbəsinin DYPB-nin inspektoru, polis baş serjantı Şahid qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X6 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə əməliyyat-istintaq qrupunda xidmətə təyin olunmuşdur. Xidmətdə olduğu müddət ərzində Göyçay rayon polis şöbəsinin DYPB-nin inspektoru Şahid raportla rayon polis şöbəsinin rəisinə müracət edərək, xx.xx.2025-ci il tarixdə saat 00:04 radələrində xidmətdə olduqları vaxt “Vaz 2107” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıq cihazlarından düzgün istifadə etmədiyi üçün tərəflərindən saxlanılmış, sürücüyə yaxınlaşaraq ona törədiyi qayda pozuntusu izah olunmuş, ondan kəskin spirtli içki iyi gəldiyi üçün tibbi müayinədən keçməyə dəvət olunmuşdur. Sonra avtomobil rayon polis şöbəsinin duracağına yerləşdirildikdən sonra Şəxs yol patrul xidməti əməkdaşları ilə birlikdə xidməti avtomobilə əyləşərək Göyçay rayon Mərkəzi Xəstaxanasına getmiş, orada olarkən Şəxs yol patrul xidməti əməkdaşlarının diqqətindən yayınaraq qaçmağa çalışmışdır. Daha sonra yol patrul xidməti əməkdaşı onu saxlatmış, onu dəfələrnən nizam-intizama dəvət etmiş, lakin o, yol patrul xidməti əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Daha sonra onun barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmışdır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, onun 2-ci qrup əlil qardaşı var. Qardaşının əqli cəhətdən narahatçılıqları olduğu üçün qəflətən nəsə istəyir, istədiyini etmədikdə isə özünə və ətrafa ziyan vurmağa çalışır. xx.xx.2025-ci il tarixdə saat 00:04 radələrində qardaşının istədiyi ərzaqları almaq üçün avtomobil ilə çıxmış, evə qayıdan zaman yol patrul xidməti əməkdaşı onu saxlatmış, yaxınlaşaraq sənədlərini təqdim etməsini tələb etdikdə ona spirtli içki qəbul edib-etməməsini soruşmuş, o səmimi olaraq spirtli içki qəbul etdiyini demişdir. Daha sonra yol patrul xidməti əməkdaşı ilə birlikdə avtomobili rayon polis şöbəsinə duracağına yerləşdirib onlarla birlikdə xidməti avtomobilə əyləşərək tibbi müayinədən keçmək üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına getmiş, orada spirtli içki içdiyi üçün həbs olunacağı və qardaşının tək qalmasından qorxaraq qaçmağa cəhd göstərmiş, polis əməkdaşı onu saxlayaraq xəstəxanada müayinədən keçirdikdən sonra rayon polis şöbəsinə gətirmişdir. Törətdiyi əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh növünün seçilməsini xahiş edir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru Şahid Ehtibar oğlu izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə “Kia Sportage” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xidmətdə olarkən Göyçay şəhəri, Nizami küçəsində “Vaz 2107” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil işıq cihazlarından düzgün istifadə etmədiyi üçün tərəfindən saxlanılmış, avtomobilə yaxınlaşaraq sürücüdən sənədləri təqdim etməsini istəyən zaman ondan kəskin spirtli içki iyi gəldiyini bilmiş, Şəxs spirtli içki qəbul edib-etməməsini soruşduqda spirtli içki qəbul etdiyini səmimi etiraf etmişdir. Sonra alkotesterin miqdarının ölçülməsi məqsədi ilə müayinəyə dəvət edilmiş, lakin o müayinədən keçməkdən imtina etmişdir. Dəstək üçün rayon polis şöbəsinin PPXB-nin əməkdaşları oraya çağırılmış, onların köməkliyi ilə avtomobil rayon polis şöbəsinin duracağına yerləşdirilmişdir. Dəfələrnən Şəxs DİN-nin DYPB-nə təmin etdiyi alkotesteri ölçən cihazla müayinədən keçməsi bildirilmiş, o, həmin cihazla müayinədən keçməkdən imtina etmişdir. Daha sonra Şəxs onlarla birlikdə xidməti avtomobilə əyləşərək Göyçay rayon Mərkəzi Xəstəxanasına getmiş, müayinə zamanı Şəxs onların diqqətini yayındıraraq həmin ərazidən təxminən 500 metr məsafədə uzaqlaşmağa çalışmış, sonra tərəfindən saxlanılaraq dəfələrnən nizam-intizama dəvət edilməsinə baxmayaraq Şəxs öz qanunsuz hərəkətlərini davam etdirməyə çalışmışdır. Şəxs “spirtli içki qəbul etdiyini etiraf edirsən nə səbəbə görə alkotester müayinəsindən keçməkdən imtina edirsən” dedikdə heç bir haqlı səbəb göstərməmişdir. Şəxs Göyçay rayon Mərkəzi Xəstəxanasında sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş, müayinə zamanı alkoqol sərxoşluq vəziyyəti orta dərəcə göstərilmiş, müayinədən keçirildikdən sonra rayon polis şöbəsinə gətirilmiş, rayon polis şöbəsinin rəisinə raportla müraciət edərək öz xidmətinə davam etmişdir. Məhkəmə iclasında müdafiəçi X5 çıxış edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüş zamanı bildirdi ki, qardaşı 2-ci qrup əlildir və onun himayəsindədir. Hesab edir ki, müdafiə etdiyi şəxsin hərəkətlərində müayinədən keçməkdən yayınaraq imtina etmək və yol patrul xidməti əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaq kimi bir niyyət olmamışdır. Belə ki, müdafiə etdiyi şəxsin qaçmasına səbəb yol patrul xidməti əməkdaşlarının onu içkili vəziyyətdə polis şöbəsinə aparıb orada saxlanılacağı halda qardaşının əqli geriliyi olduğu üçün etdiyi hərəkətlərin fərqində olmadan özünə bir şey etməsindən qorxması olmuşdur. Bundan başqa törətdiyi əməlindən səmimi peşmançılığ çəkir. Əvvəllər barəsində inzibati xəta törətməsi ilə bağlı protokol tərtib edilməmiş, cinayət məsuliyyətinə cəlb olunmamışdır. Göstərilənləri nəzərə alaraq hüquqlarını müdafiə etdiyi şəxs barəsində İXM-nin 535.1-ci maddəsinin aşağı həddində cərimə cəzası ilə inzibati tənbeh növünün seçilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə 00:04 radələrində Göyçay şəhəri, Nizami küçəsində xidmətdə olan Göyçay rayon polis şöbəsinin DYPB-nin inspektotu, polis baş serjantı Şahid qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2025-ci il tarixli, 023843 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:20-də inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 11 fevral 2025-ci il tarixli, 1530 saylı tibbi müayinə aktından görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs İXM-nin 329.3 və 333.1-ci maddəsi ilə barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, proses iştirakçılarının izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə 00:04 radələrində Göyçay şəhəri, Nizami küçəsində xidmətdə olan Göyçay rayon polis şöbəsinin DYPB-nin inspektotu, polis baş serjantı Şahid qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, ictimai qayda - bir sıra hüquq normaları və digər sosial məqbul normalarla tənzimlənən, insanın cəmiyyətdə maneəsiz və münaqişəsiz fəaliyyətinə təminat verən mövcud ictimai münasibətlər sistemi deməkdir. İctimai qayda qanunla və digər sistemlərin normaları ilə tənzimlənən, habelə ilk növbədə ictimai yerlərdə formalaşan bütün ictimai münasibətlər daxildir. Polis şöbəsinin inzibati binasının qarşısı ictimai yer hesab edildiyindən orada müəyyən olunmuş qaydaların pozulması ictimai qaydanın pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının “Polis haqqında” Qanuna əsasən polisin əsas vəzifələrində biri ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etməkdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli olması tam sübuta yetir. Onun törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və onun səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X3 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən (10) on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar