Məhkəmə qərarları › İş №3(046)-680/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-680/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-680/2024 24.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Şahid3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2003-cü ildə Göyçay rayonu, Qaraməryəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Qaraməryəm kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və onlara əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı və xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam intizama dəvət edən xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Şahid3 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə rayon polis şöbəsinə müraciət edərək, Şəxs tərəfindən mütəmadi olaraq söyülüb təhqir edildiyin bildirmişdir. Bununla bağlı əməliyyat qrupu yaradılaraq polis əməkdaşları ilə birlikdə həmin ünvana getmiş, orada olarkən Şəxs Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında ucadan nalayiq ifadələr işlətdiyini görmüşlər. Daha sonra ona yaxınlaşaraq ictimai yerdə söyüş söyməyin qadağan olduğunu bildirərək onu nizam-intizama dəvət etmişlər, lakin Şəxs onların sözlərinə məhəl qoymamış, aqressiv şəkildə öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Polis şöbəsində onunla danışıqlar aparılmış, ona ictimai yerdə söyüş söyməyin qadağan olduğu və gələcəkdə belə bir halın baş verməməsi üçün polis əməkdaşlarının qanuni tələblərinə tabe olması bildirilmiş, o, etdiyi səhvi başa düşərək onlardan üzr istəmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, Qaraməryəm kəndində yaşayır. Zərərçəkmiş şəxs ilə əvvəllər qeyri-rəsmi münasibətləri olmuş, sonradan onunla aralarında münasibətlər pozulmağa başlamışdır. xx.xx.2024-cü il tarixdə onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamaq istəmiş, lakin Gülər ona kobud şəkildə cavab verdiyi üçün əsəbləşərək onun yaşadığı ünvana getmişdir. Orada olarkən Gülərdən onu yaşadığı evə buraxmasını istəmiş, lakin Gülər onu evə buraxmamışdır. Bundan sonra evin qarşısında ucadan nalayiq söyüşlər söymüş, polis əməkdaşları yaxınlaşaraq onu sakitləşdirmək istəmiş, lakin o, əsəbi olduğu üçün polis əməkdaşlarının sözlərinə məhəl qoymayaraq onların qanuni tələblərinə tabe olmamışdır. Törətdiyi əməlindən peşmandır. Etdiyi hərəkətlərə görə polis əməkdaşlarından üzr istəmişdir. Bir daha belə hallara yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh növünün seçilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 izahat verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə bir evdə qalır. Kənan ilə Gülər arasında əvvəllər qeyri-rəsmi münasibətləri olmuş, sonradan Gülər dəfələrlə ona aralarında olan münasibətə son qoymasını və bir daha ona zəng etməməsini bildirməsinə baxmayaraq Kənan onların yaşadığı ünvana gələrək Gülər ilə danışıqlar aparmaq istəmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Kənan onların yaşadığı ünvana gələrək evə daxil olmaq istəmiş, lakin Gülər onu evə buraxmadığı üçün o, səs-küy salaraq ucadan nalayiq söyüşlər söyməyə başlamışdır. Daha sonra polis əməkdaşları oraya gələrək onu sakitləşdirib polis şöbəsinə apardılar. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsi əsasında polis əməkdaşları ilə birlikdə Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsinə getmişlər, orada olarkən Şəxs Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında ucadan nalayiq ifadələr işlətdiyini görmüşlər. Ona yaxınlaşaraq ictimai yerdə söyüş söyməyin qadağan olduğunu bildirərək onu nizam-intizama dəvət etmişlər, lakin Şəxs onların sözlərinə məhəl qoymamış, aqressiv şəkildə öz hərəkətlərini davam etdirərək onun və digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra Şəxs xidməti avtomobil ilə rayon polis şöbəsinə gətirilərək barəsində qanuni tədbirlər görülməsi üçün növbətçi hissəyə təhvil verilmişlər. Məhkəmədə şahid qismində izahat vermiş Şahid4 Şahid2 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı və xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, onu nizam intizama dəvət edən xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokollarla tanış olaraq imzalamışdır. xx.xx.2024-cü il tarixli, 76/1-N-249xx/xx/2024 nömrəli ərizədən görünür ki, Zərərçəkmiş şəxs rayon polis şöbəsinə müraciət edərək, Şəxs tərəfindən mütəmadi olaraq söyülüb təhqir edildiyin və buna görə də barəsində qanuni tədbirlər görülməsini bildirmişdir. - xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməkdə təqsirli olması tam sübuta yetirilir. Belə ki, o izahatında göstərmişdir ki, zərərçəkmiş şəxsin soyuq davranışı onda əsəb və aqressiya yaratmış və o, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ünvanına nalayıq ifadələr işlətmiş, hadisə yerində başqa şəxslər (qonşular) olmuş, onun ucadan danışması nəticəsində hadisə yerinə kənar şəxslər gəlmişdir. Bu da Şəxs tərəfindən ictimai qaydanın pozulması ilə nəticələnən hərəkətlər etməsinə dəlalət edir. Həmçinin, ona yaxınlaşaraq ictimai yerdə söyüş söyməyin qadağan olduğunu bildirən, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının sözlərinə də məhəl qoymamış, aqressiv şəkildə öz hərəkətlərini davam etdirərək onun və digər polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Onun törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iş üzrə Şəxs polis əməkdaşlarından üzr istəməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat cərimə edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar