Məhkəmə qərarları › İş №3(046)-682/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-682/2025

26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-682/2025 26.09.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1990-cı ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ evi 1138 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və onlara əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı və xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində Göyçay rayon polis şöbəsinin inzibati binasının 2-ci mərtəbəsində ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, rayon polis şöbəsinin İTB-nin rəisi Şahid2 xidməti iş otağında onu nizam-intizama dəvət edən Şahid2 qanuni tələbinə və göstərişlərinə tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahat verərək bildirdi ki, növbədə olan vaxt Göyçay rayon polis şöbəsinin İTB-nin rəisi Şahid2 raportla rayon polis şöbəsinin rəisinə müraciət edərək göstərmişdir ki, Şəxs Göyçay rayon polis şöbəsinin inzibati binasında yerləşən xidməti iş otağında Göyçay rayon Məlikkənd kənd sakini Şahid1 ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, onu nizam-intizama dəvət etməsinə baxmayaraq Şəxs onun qanuni tələblərinə qəsdən tabe olmamış, öz hərəkətlərini davam etdirərək onun da ünvanına nalayiq ifadələr işlətmişdir. Sonra barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmış, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, onun şəhid atası ilə heç bir mübahisəsi olmamış, müəyyən şəxslər vardır ki, Şahid1la onu üzbə-üz gətirmişdir. Onun Şahid1 ilə heç bir şəxsi qərəzçiliyi və düşmənçiliyi yoxdur. Şahid1 yaşadığı kənddə icra nümayəndəsi ilə bələdiyyə sədri işləyən onun həmkəndlisi əvvəllərdə onu haqsız yerə 2023-cü il tarixdə 5 gün inzibati həbs etdirmişdirlər. Bələdiyyə sədri ilə icra nümayəndəsi arasında qohumluq olduğu üçün ona qarşı birləşərək plan qurub üstünə şər-böhtan atmışlar. Ən sonda da, onlar şəhid atası ilə onu üzbə-üz gətirərək məsələni bu vəziyyətə gətirib çıxardılar. O, özünə məxsus obyektə olarkən şəhid atası onun obyektinə gələrək onu təhqir etdiyini bildirmiş, halbu ki, onun obyektində kameralardan aydın şəkildə görünür ki, o həmin şəxsi söyməmişdir. Göyçay rayon polis şöbəsində də olarkən polis əməkdaşlarına lazım olacağı təqdirdə obyektində olan görüntü kameralarını təqdim edə biləcəyini bildirmişdir. Onların kəndində Şıxbəy qəbirstanlığı deyilən yer vardır. Həmin yerə gətirib Məlikkənd kəndinin nişanı qoymuşdurlar. O da, ona etiraz olaraq kənd bələdiyyə sədrinə etiraz edərək həmin yerdə ki, nişanın düzgün yazılmadığını bildirmişdir. Daha sonra həmin nişanı oradan kimsə oğurlamış, hansı ki, o həmin nişanı nə görməmiş nədə ki, əlini vurmamışdır. Sonra Şahid1 ilə onu üzbə-üzə qoyaraq “sən dur qabağa, denən ki, şəhid ora gələn vaxtı qəbirstanlığı tapa bilmədikləri üçün guya ki, həmin tablonu ora sən qoydurmusan” dedizdirmişdirlər. Hansı ki, o sadəcə olaraq həmin tabloda Şıxbəy əvəzinə Məlikkənd yazıldığı üçün etiraz etmişdir. Həmin problemdə bu səbəbdən qaynaqlanmışdır. Onun heç bir kəslə şəxsi qərəzçiliyi və düşmənçiliyi yoxdur. Ona yaraşmaz ki, şəhid ailəsini təhqir etsin. Onun özünün də şəhid ailəsi və qazi olan yaxın qohumları vardır. Onun heç bir günahı yoxdur. Barəsində tərtib edimiş protokollara əsasən özünü təqsirli bilmir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 izahat verərək göstərmişdir ki, 2020-ci il tarixdə hamının da bildiyi kimi qədimi bir qəbirstanlıq vardır. Həmin qəbirstanlıqda nəzərdə tutulmamışdır ki, həmin qəbirstanlıq Şıxbəy və yaxud da ki, Məlikkənd kəndinindir. Onun dünyasını dəyişən yaxın qohumları da həmin qəbirstanlıqda dəf edilmişdir. Həmin qəbirstanlığın yerinə torpaq sahələrinin içərisi ilə gedildiyi üçün oranı tapmaqda çətinliklər yaranmışdır. Oğlu Xəyam şəhid olduqdan sonra onun dostları və əsgər yoldaşları qəbirstanlığı tapa bilmədikləri üçün o, icra nümayəndəsindən xahiş etmişdir ki, həmin yerə nişan qoyulsun ki, gələn şəxslər çətinlik çəkməsin. Həmin yerdən Nazim dəfələrlə keçmiş və birdəfə də olsun soruşmamışdır ki, bu nişanı bura kim yerləşdirmişdir. Şəxs icra nümayəndəliyi ilə hansısa bir probleminin olmağının ona heç bir aidiyyəti yoxdur. 2 ay bundan əvvəl bələdiyyə sədri ona bildirdi ki, həmin qəbirstanlığa gedən yola qoyulmuş nişanın kimsə tərəfindən atılmışdır. Şəhid oğlu Xəyyamın ad günü olacağı üçün Göyçay və ətraf yerlərdən həmin qəbirstanlığa ziyarət üçün gələn şəxslər olacaqdır ki, nişan olmadığı üçün qəbirstanlığı tapmaqda çətinlik çəkəcəkdirlər. Daha sonra ona zəng gəldi ki, nişan həmin yerdən 20 metr qarşıya kanalın yanına atılmışdır. O, icra nümayəndəsinə həmin nişanın yerinə qoyulmasını bildirmişdir. Sonra zəng edərək nişanın yerinə qoyulub-qoyulmamasını soruşqduqda, nişanın yerinə qoyulmadığını, səbəbini soruşduqda isə Şəxs icazə vermədiyini bildirmişdir. Məsələ ilə bağlı o, Şəxs olduğu yerə getmiş, nişanın nə üçün ordan götürməsinə irad bildirdikdə Nazim ona həmin nişanın Məlikkənd yox Şıxbəy kimi yazılmalı olduğunu bildirdi. Daha sonra Nazimə neçə illərdi həmin qəbirstanlığa gedən yolda nişanın olmadığını, o dediyi üçün qoyulduğunu bildirdikdə, Nazim əlini stola vuraraq “yaxşı edirəm get hara deyirsən de” demişdir. O, şikayətini telefon vasitəsi ilə etmişdir. Sonra o, saat 15 radələrində rayon polis şöbəsinə getmiş, Şəxs polis şöbəsində ona yaxınlaşmaq istədikdə ona yaxın gəlməməsini bildirmişdir. Göyçay rayon pois şöbəsində də olarkən izahat verərək bildirmişdir ki, Şəxs ona qarşı söyüş söyməsə də, ona “mənə ləzət eləmir sənin özünü aparmağın” deyərək təhqir etmiş, səs-küy salaraq nə polis əməkdaşlarının nə də ki, onun sözlərini məhəl qoymayaraq “məni tutdurmaq istəyirsən tutdur” deyərək səs-küy salmışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon polis şöbəsinin İTBnin rəisi Şahid2 izahat verərək göstərmişdir ki, Şəxs Göyçay rayon polis şöbəsinin inzibati binasında yerləşən xidməti iş otağında Göyçay rayon Məlikkənd kənd sakini Şahid1 ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, onu nizam-intizama dəvət etməsinə baxmayaraq Şəxs onun qanuni tələblərinə qəsdən tabe olmamış, öz hərəkətlərini davam etdirərək onun da ünvanına nalayiq ifadələr işlətmişdir. Müdafiəçi Göyçay rayon vəkil bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, iş materillarından və izahatlardan görünür ki, hadisə baş vermişdir. Şahidlərdən Şahid2 bildirir ki, təhqir formasında ifadələr işlədilmiş, digər Şahid1 isə qeyd etmişdir ki, başqa bir formadan təhqir xarakterli ifadələr işlədilmişdir. Müdafiə etdiyi şəxsin özüdə peşman olduğunu bildirir. Buna görə də hesab edir ki, müdafiə etdiyi şəxsin əməlində İXM-nin 510cu maddəsinin yox 535.1-ci maddəsinin tərkibi vardır. Göstərilənlərə əsasən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə cərimə tənbeh növünün seçilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı və xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində Göyçay rayon polis şöbəsinin inzibati binasının 2-ci mərtəbəsində ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, İTB-nin rəisi Şahid2 xidməti otağında onu nizam-intizama dəvət edən Şahid2 qanuni tələbinə və göstərişinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməkdə təqsirli olması tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs rayon polis şöbəsinin inzibati binasında ucadan səs-küy salmadığını, polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmədiyini bildirsə də, onun izahatındakı həmin xüsusatlarla məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təkzib edilmişdir. Belə olan halda məhkəmə Şəxs özünü təqsirli bilməməsi ilə əlaqədar irəli sürdüyü dəlilləri özünü müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Onun törətdiyi əməl düzgün olaraq tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 26 sentyabr 2025-ci il tarixdən saat 18:40-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili Vəkil verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 6 iş saatı müddətində hüquqi yardım üçün 66 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərarın icrası Göyçay rayon polis şöbəsinə həvalə edilsin. Qərarın sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar