Məhkəmə qərarları › İş №3(046)-692/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-692/2024

31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-692/2024 31.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1972-ci ildə Göyçay rayonu, Alpout kəndində anadan olmuş, evli, orta təhsilli, Göyçay rayonu, Alpout kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Göyçay rayonu, Alpout kəndində yerləşən çayxananın qarşısında həmkəndliləri Şahid1, Şahid2, Şahid3 və Şahid4 ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahat verərək bildirdi ki, Göyçay rayon Alpout kənd inzibati ərazi dairəsi üzrə sahə rəisi vəzifəsində işləyir. Həmin kəndin sakini Şahid1 Göyçay rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, Şəxs onu nalayiq ifadələr işlədərək söyüb təhqir etdiyini bildirmişdir. Şahid1 dəfələrlə belə hallar olduğuna görə məcbur qalaraq rayon polis şöbəsinə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə həmin yerdə olan dörd nəfər şəxs şahid qismində polis şöbəsinə dəvət olunaraq izahatları alınmış və məlum olmuşdur ki, Şəxs şahidləri də xx.xx.2024-cü il tarixdə kənddə yerləşən çayxanada onların ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdir. Bundan başqa bildirir ki, Şəxs barəsində dəfələrlə şifahi müraciətlər olmuş, ailə vəziyyətini, evində xəstə uşağı olduğunu və 1-ci Qarabağ müharibə iştirakçısı olduğuna görə köməklik göstərilmiş, lakin bütün bunlara baxmayaraq o, yenə də islah olunmayaraq öz hərəkətlərini davam etdirmişdir. Həmin kəndin sakinləri artıq Şəxs barəsində narazılıqlar etməyə başlayaraq onun barəsində tədbir görülməsini bildirmişlər. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməli törətdiyini qismən etiraf edərək izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, Alpout kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə yaşadığı kənddə yerləşən çayxananın qarşısında olarkən o, heç kimin ünvanına nalayiq ifadələr işlətməmiş, ünvansız nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 izahat verərək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu, Alpout kəndində yaşayır. Həmin kənddə bərbərlik fəaliyyəti ilə məşğul olur. Şəxs onun qohumudur. Bir neçə il bundan əvvələ Şəxs onu söyüb təhqir etdiyi üçün rayon polis şöbəsinə müraciət etmiş, bununla bağlı sonuncu 50 manat inzibati qaydada cərimə olunmuşdur. Daha sonra o, xx.xx.2024-cü il tarixdə yenidən eyni hərəkətləri davam etdirdiyi üçün rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı kəndin çayxanasının qarşısında onun və digər həmkəndlilərinin ünvanına səbəbsiz yerə nalayiq ifadələr işlətmiş, ona nə səbəbə görə belə etdiyinin səbəbini soruşduqda o, “mən sizə söymürəm ki, havaya söyürəm” demişdir. Artıq onun hərəkətləri bütün kənd sakinlərini narahat etdiyi üçün onunla bərabər həmkəndliləri də sahə rəisinə ondan şikayət edərək barəsində tədbir görülməsin bildirmişdir. Məhkəmədə şahid qismində izahat vermiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Göyçay rayonu, Alpout kəndində yerləşən çayxananın qarşısında həmkəndliləri Şahid1, Şahid2, Şahid3 və Şahid4 ünvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2020-ci il tarixli, MN seriyalı 054777 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatı və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvansız söyüşdən istifadə etdiyini, lakin heç kimin ünvanına nalayiq ifadələr işlətmədiyini bildirsə də, onun izahatındakı həmin xüsusatlarla məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təkzib edilmişdir. Belə olan halda məhkəmə Şəxs özünü təqsirli bilməməsi ilə əlaqədar irəli sürdüyü dəlilləri özünü müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsindən görünür ki, xırda xuliqanlıq xətasının tərkibinin mövcud olması ictimai qaydanı pozan hərəkətlərin törədilməsi zəruridir. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Həmin qaydaların pozulması nümayişkaranə şəkildə olmalı, yəni subyekt ictimai qaydanı pozmaqla yanaşı bunu cəmiyyətdə və açıq nümayiş etdirməli, əhalinin dincliyi pozulmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək müəyyən etdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmkəndliləri Şahid1, Şahid2, Şahid3 və Şahid4 ünvanına nalayiq ifadələr işlətmiş, hadisə yerində başqa şəxslər (qonşular) olmuş, onun ucadan danışması nəticəsində hadisə yerinə kənar şəxslər gəlmişdir. Bu da Şəxs tərəfindən ictimai qaydanın pozulması ilə nəticələnən hərəkətlər etməsinə dəlalət edir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanı törətmiş şəxsin əvvəllər də eyni xarakterli inzibati xətaların törətdiyini nəzərə alaraq hesab edir ki, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs üzərinə daha yüngül inzibati tənbeh növünün tətbiq edilməsi məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 31 iyul 2024-cü il tarixdən saat 16:50-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar