Məhkəmə qərarları › İş №3(046)-698/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-698/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-698/2023 04.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Göyçay RPŞ-in sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 33A, mənzil 3-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Şəxs tərəfindən mərhum əri X1 qalmış qoşalüləli, “Toz-34p” markalı, 16 kalibrli, ******* nömrəli ov silahını müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan özündə saxlanılmasına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üşün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin sahə rəisi X2 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə təhkim olunduğu 10 saylı inzibati ərazi üzrə Göyçay RPŞ-nin İTB-nin polis nəfəri Tural Nuruyev ilə birlikdə vətəndaşlarda olan mülki ov silahlarını yoxlayarkən Göyçay şəhəri 48-ci məhəllədə yaşayan Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi almadan öz evində qoşalüləli,“Toz-34p” markalı, 16 kalibrli, ******* nömrəli, ov silahını saxlaması tərəflərindən aşkar olunaraq götürülmüş, həmin silahın qeydiyyat şəhadətnaməsi olmadığı üçün Şəxs rayon polis şöbəsinə dəvət edilmişdir. Daha sonra barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 33 A, mənzil 3-də yaşayır. Qoşalüləli, “Toz-34p” markalı, 16 kalibrli, ******* nömrəli, yivsiz ov silahı mərhum əri X1 qalıb. Əri vəfat etdikdən sonra həmin silahı evində saxlamış, lakin həmin silahın sənədsiz olduğunu bilməmişdir. Həmin silahı heç zaman üstündə gəzdirməmiş və ondan istifadə etməmişdir. İş materiallarında olan Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətləri İctimai birliyinin Ucar rayon Ovçuların 2 saylı dayaq məntəqəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, qoşalüləli, “Toz-34p” markalı, 16 kalibrli, ******* nömrəli ov tüfəngi yivsiz ov silahıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-13-76/2-40788/2023 saylı məktubdan görünür ki, qoşalüləli, “Toz-34p” markalı, 16 kalibrli, ******* nömrəli ov tüfəngi yivsiz ov silahı Göyçay rayon Polis Şöbəsinin odlu silahın uçotu və qeydiyyat kitabında qeydiyyatda yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1 və 151.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan aşağı həddə - 80 (səksən) manat miqdarında inzibati cərimə və inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, bir ədəd qoşalüləli, “Toz-34p” markalı, 16 kalibrli, ******* nömrəli ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar