Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-706/2023 24.11.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 24 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Göyçay Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(046)-1831/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 6550 manat məbləğində borc və 85 manat 50 qəpik dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu icra sənədi üzrə tələbi icra etmir və bununla bağlı icra məmurunun tələblərini yerinə yetirmir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 icra sənədinin 2023-cü ilin fevral ayında icraatına daxil olduğunu, zərərçəkmiş şəxsin borcunun ödənilməsini tələb etdiyini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcundan davamlı olaraq hər ay 200 manat ödədiyini və onun hal-hazırda borc qalığının 5335 manat 50 qəpik təşkil etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, icra sənədinin icrasından yayınmır, sadəcə borcunu tam şəkildə ödəməyə imkanı çatmır. Həmin borcu mərhum atasının xəstəliyi ilə əlaqədar uzaq qohumu olan tələbkar Zərərçəkmiş şəxs hissə-hissə almışdır. Borcundan bacardığı qədər ödəniş etsə də, tam ödəyə bilməmişdir. Hal-hazırda Bakı şəhərində yaşlı bir qadına baxır və müqabilində 400 manat maaş alır. Eyni zamanda himayəsində yetkinlik yaşına çatmayan (10 yaşlı) uşağı vardır və uşağa görə də 160 manat aliment alır. Maddi imkanı olmadığına görə borcdan bu günədək yalnız 1300 manat ödəniş etmiş, hər ay mütəmadi olaraq 200 manat ödəniş edəcəyinə söz verir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(046)-1831/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 6550 manat məbləğində borc və 85 manat 50 qəpik dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 07 fevral 2023-cü il il il tarixli qərarın surətindən görünür ki, Göyçay Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli, 2(046)-1831/2022 saylı vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Göyçay Rayon Məhkəməsinin 3(046)-219/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən, borclu Şəxs barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 24 noyabr 2023-cü il tarixli izahatından görünür ki, o, həmin izahatında icra sənədi üzrə borcunu tam şəkildə ödəməyə imkanı olmadığını, bu günədək borc məbləğindən 1300 manat artıq ödədiyini qeyd etmişdir. Ödənişləri özündə əks etdirən qəbzlərdən görünür ki, Şəxs tərəfindən hər ay zərərçəkmiş şəxsə ödənişlər edilmiş, sonuncu ödəniş isə 20 noyabr 2023-cü il tarixdə həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə borclu Şəxs hal-hazırda borcu tam şəkildə ödənilməsi üçün yetərli olan gəlirə malik olmadığından icra vərəqəsi üzrə müəyyən edilmiş borcunu tam olaraq ödəyə bilmədiyi, ümumilikdə isə hər ay mütəmadi olaraq icra vərəqəsi üzrə müəyyən edilmiş borcundan 200 manat ödəməklə məhkəmə qətnaməsini icra etməkdən qəsdən yayınmadığı müəyyən edilmişdir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla borclu Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun maddi imkanının çatdığı 200 məbləğdə mütəmadi ödənişlər etməsi müəyyən olunmuşdur ki, belə olan halda icra sənədi üzrə ödənişlərin tam həyata keçirilməməsinin üzürsüz səbəbdən icra etməmə kimi qiymətləndirilməsi qeyri-mümkündür. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Şəxs hər ay zərərçəkmiş şəxsin hesabına borcundan ödənişlər edilməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-706/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-706/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver