Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-707/2024 05.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi X2 və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxx 1974-cü il tarixdə Göyçay rayonu, Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Göyçay rayonu, Alpout kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş 05 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 12 aprel 2024-cü il tarixdə saat 22 radələrində Göyçay rayonu, Alpout kəndində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs əli ilə vuraraq ona qəsdən fiziki ağrı xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Göyçay rayonu, Alpout kənd inzibati ərazi dairəsində sahə rəisi vəzifəsində işləyir. Şəxs ailəsi münaqişəli ailə kimi qeydiyyatdadır. Zərərçəkmiş şəxs dəfələrlə rayon polis şöbəsinə müraciətlər etmiş, lakin sonradan aralarında barışıq əldə olunduğu üçün şikayət ərizəsini geri götürmüşdür. Sonuncu dəfə aralarında münaqişə baş vermiş, münaqişənin yaranmasına səbəb isə Şəxs Zərərçəkmiş şəxs xəyanət etməsi olmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2024cü il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, müraciət təhqiqat bölməsində araşdırılmış, Şəxs barəsində İXM-nin 232-1 və 157-ci maddələri ilə qərar qəbul edilmişdir. Həmin qərar əsasında icraat açılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay rayonu Alpout kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs ilə rəsmi nikahda olub birlikdə yaşasalar da, faktiki olaraq aralarında ər-arvad münasibəti yoxdur. xx.xx.2024-cü il tarixdə arvadı İlhamə onun barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Göyçay rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, müraciət əsasında o rayon polis şöbəsinə çağırılaraq izahatı alınmışdır. Zərərçəkmiş şəxs ilə aralarında daima mübahisələr olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evə gəlmiş, həmin vaxtı evdə azyaşlı qızı Ayseldən anasının harada olmasını soruşduqda, Aysel ona anası İlhamənin həyətdə mal içalatı təmizlədiyini demişdir. O, İlhamə evə gəldikdən sonra ondan içalatı kimin gətirdiyini soruşmuş, İlhamə isə həmin vaxt ona heç bir cavab verməyərək telefonda başqa müəllimə ilə dərslə bağlı mübahisə etmişdir. Bir qədər sonra o, İlhamənin əlindən telefonu alaraq kimə zəng etməsinə baxmaq istədikdə, İlhamə əvvəlcədən zəngləri silmiş və içalatı kimin gətirdiyini ona deməmişdir. O da, İlhamənin hərəkətlərindən əsəbiləşərək onun telefonu stola vurub sındırmışdır. Həmin vaxt o, İlhaməni döyməmiş, ona qarşı heç bir fiziki xəsarət yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Göyçay rayonu Alpout kəndində yaşayır və tarix müəlliməsi işləyir. Şəxs ilə rəsmi nikahda olsalar da faktiki olaraq aralarında ər-arvad münasibəti yoxdur. Şəxs ilə aralarında dəfələrlə mübahisələr olmuş, bununla bağlı rayon polis şöbəsinə şikayətlər etmiş, sonradan ailənin qorunub saxlanılması üçün şikayət ərizələrini geri götürmüşdür. Sonuncu dəfə Şəxs onu yaşadığı evdə olarkən bədənin müxtəlif nahiyələrindən vuraraq fiziki xəsarət yetirmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Göyçay rayon polis şöbəsinə müraciət edərək şikayət etmişdir. Bildirir ki, aralarında uzun müddətdir ki, münaqişələr mövcuddur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində evdə olarkən Məzahir ondan təmizlədiyi mal içalatını haradan aldığını soruşduqda ona həmin içalatı atasının gətirdiyini demişdir. Həmin vaxt Məzahir atasının ünvanına nalayiq ifadələr işlətmişdir. Məzahir daha sonra azyaşlı qızı Ayselin üstünə “baban ət gətirib niyə mənə demirsən” deyərək acıqlanmışdır. Daha sonra dərslə bağlı mobil telefonla müəllimə yoldaşına zəng etmiş Məzahir ondan işlətdiyi telefonu istəmiş, telefonu nə səbəbə görə istəməsini soruşduqda Məzahir onu döyərək işlətdiyi “Samsung” markalı mobil telefonunu stolun üstünə vuraraq sındırmışdır. Məzahirin bu hərəkətləri dözülməz həddə çatdığı üçün uşaqlarını götürərək evdən çıxıb ata evinə getmişdir. Şəxs şikayətçidir. Barəsində həbslə bağlı cəza növünün seçilməsin məhkəmədən xahiş etmişdir. X1 çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd edir ki, döyülmə faktı olmamışdır. Törətdiyi əməli etiraf etmir. Qeyd etdiyi kimi aralarında mübahisə yaranmış, lakin zərər çəkmiş şəxsə qarşı heç bir fiziki xəsarət yetirməmişdir. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, müddətin keçməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs 12 aprel 2024-cü il tarixdə axşam saat 22 radələrində Göyçay rayonu, Alpout kəndində yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs əli ilə vuraraq ona qəsdən fiziki ağrı xəsarətlər yetirmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək və Göyçay rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, əri Şəxs onu döyməsini və mobil telefonunu sındırmasını bildirmişdir. Həmin faktla bağlı təhqiqat bölməsində araşdırılma aparılmış, Şəxs əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1 və 157-ci maddələrinin tərkib əlamətləri olduğundan qərarın surəti aidiyyəti üzrə baxılması üçün Göyçay rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X9 xx.xx.2024-cü il tarixli, 202 nömrəli ekspert rəyindən görünür ki, 1978ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın ənsə nahiyəsində dərinin epidermis qatının bir qədər şişkinliyi, sol budun aşağı 1/3-nin bir qədər bayır və sağ baldırın aşağı 1/3-nin arxa səthində qançırlar küt-bərk əşyanın təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsvir hissəsində göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlirlər və sağlamlığa ZƏRƏR vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları və məhkəmə araşdırmaları zamanı tədqiq olunmuş materiallarla müəyyən edilmişdir ki, Şəxs Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə əli ilə vuraraq ona qəsdən fiziki ağrı yetirmiş, bununla da onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyəti yaradır. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, məhkəmə onun dəlillərini inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. İnzibati qanunvericiliyin mənasına görə, hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs yol verdiyi inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur, ona görə o, inzibati xətanın törədilməsində təqsirli bilinməlidir. Lakin məhkəmə hesab edir ki, müddətin keçməsi ilə bağlı Şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.3-cü maddəsinə əsasən inzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur. 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, təhqiqat orqanının 22 aprel 2024cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 23-1 və 157-ci maddələrinin tərkib əlamətləri olduğundan qərarın surəti aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İşdə olan raportdan görünür ki, təhqiqatçının bu barədə qərarı və raportu 22 aprel 2024-cü il tarixdə Göyçay rayon polis şöbəsində qeydiyyatdan keçirilərək həmin tarixdə də icrası sahə rəisinə həvalə edilmişdir. Material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildikdən sonra hər hansı inzibati araşdırma aparılması zərurəti qalmır, hansı ki, sahə rəisi tərəfindən də belə araşdırma aparılmamış, lakin inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş müddətdə deyil, 05 avqust 2024-cü il tarixdə tərtib edilərək baxılması üçün həmin tarixdə məhkəməyə təqdim edilmişdir. Həmçinin, məhkəmədə müəyyən edilmişdir ki, 22 aprel 2024-cü il tarixindən sonra inzibati haqqında iş üzrə icraat dayandırılmamışdır. Məhkəmə İXM-nin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddətin keçməsi nəzərə alınaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməklə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38-ci maddəsi ilə müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 38, 53, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən, xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X4 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ**********0000002944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-707/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-707/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver