Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-717/2024 08.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İmran oğlunun və müdafiəçi X4 iştirakı ilə xx.xx.1985-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri, Həbibi küçəsi, dalan 1, ev 1-də qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş ******* saylı, xx.xx.2024-cü il tarixli və ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində Göyçay şəhəri, Ziya Bünyadov küçəsində ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam-intizama dəvət edən Göyçay rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Şahid1 qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il saat 09:00-dək əməliyyat istintaq qrupunda xidmətə təyin olunmuş, xidmətdə olduğu müddət ərzində Göyçay rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Şahid1 rayon polis şöbəsinin rəisinə raportla müraciət edərək, Göyçay şəhəri, Ziya Bünyadov küçəsində yaşayan X2 Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciəti ilə əlaqədar olaraq əməliyyat istintaq qrupu ilə birlikdə həmin yerə getmişlər. Orda olarkən polis əməkdaşı Şəxs küçədə sərxoş vəziyyətdə ucadan nalayiq söyüşlər söydüyünü görmüş, ona yaxınlaşaraq ictimai yerdə söyüş söyməsinin qadağan olduğunu bildirərək nizam-intizama dəvət etmiş, lakin Şəxs polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Daha sonra onun barəsində tədbir görülməsi üçün rayon polis şöbəsinə gətirilmiş, sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş, müayinə zamanı orta dərəcəli sərxoş olması müəyyən edilərək barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmışdır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətdiyini qəbul etməyərək izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay şəhəri, Ziya Bünyadov küçəsində yerləşən ünvanda yaşayır. X11 ilə birlikdə daima aralarında söz-söhbətləri olmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 22 radələrində evdə olarkən siqaret çəkmək üçün anasından alışqan istəmiş, lakin anası ona alışqan vermədiyi üçün bundan əsəbiləşərək evdə səs-küy salaraq valideynləri ilə mübahisə etməyə başlamışdır. Bir qədər sonra yaşadığı evdən çıxaraq küçəyə düşmüş, küçədə olarkən polis əməkdaşı ona yaxınlaşaraq səs-küy saldığı üçün onunla birlikdə rayon polis şöbəsinə getməli olduğunu bildirdikdə o, etiraz etməyərək xidməti avtomobilə əyləşərək polis əməkdaşı ilə birlikdə rayon polis şöbəsinə getmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Şahid1 şahid qismində izahat verərək bildirdi ki, vətəndaş X1 İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək oğlu tərəfindən döyülməsi ilə bağlı müraciət etmişdir. Bununla bağlı onlar əməliyyat istintaq qrupu ilə birlikdə Göyçay şəhəri, Ziya Bünyadov küçəsinə getmişlər. Orada olarkən Şəxs küçədə səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətmiş, həmin vaxt orada yaşayan qonşular da küçədə olmuşdur. Ona yaxınlaşaraq ictimai yerdə söyüş söyməsinin qadağan olduğunu bildirərək nizam-intizama dəvət etmiş, lakin Şəxs içkili olduğu üçün öz hərəkətlərini dərk etməyərək onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. Onu da qeyd edir ki, Şəxs belə qanun pozuntusunu tez-tez edir. Dəfələrlə qonşuları onun bu hərəkətlərindən polis şöbəsinə şikayətlər etmişdir. Məhkəmə iclasında Şahid2 şahid qismində izahat verərək bildirdi ki, Şəxs onun qonşusudur. Pünhan tez-tez spirtli içki qəbul edərək ailəsi ilə mübahisələr edir. xx.xx.2024cü il tarixdə saat 22 radələrində Pünhan yaşadığı evdə olarkən valideynləri ilə birlikdə mübahisə etməyə başlamış, səs-küy salmışdır. Daha sonra o, küçəyə düşərək həyətdə qonşulardan kibrit istəmiş, amma heç kim ona kibrit verməmiş və o həyətdən uzaqlaşmışdır. Həmin vaxt oraya polis əməkdaşları gəlmiş, Pünhana onlarla birlikdə polis şöbəsinə getməli olduğunu demiş, həmin vaxt Pünhan sərxoş olduğu üçün polis əməkdaşlarına müqavimət göstərməyərək, xidməti avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Məhkəmə iclasında müdafiəçi X8 izahat verərək bildirdi ki, şahidlərin ifadələrində məlum olur ki, şəxsin İXM-nin 510-cu maddəsi ilə təqsirli bilindiyi hadisə küçədə baş verməmiş, hadisə mənzilin içərisində olmuşdur. İctimai qaydanın pozulması ictimaiyyətin toplaşdığı yerdə ictimaiyyətə qarşı hörmətsizlik olunan hərəkətlərdir. Şahid ifadəsində qeyd etdiyi kimi müdafiə etdiyi şəxs mübahisəni mənzil daxilində valideynləri ilə aralarında narazılıqlar edərək, ucadan səs-küy salmış, küçədə hər hansı bir şəxsə qarşı kobudluq etməyərək ictimai asayişi pozan hərəkətlərə yol verməmişdir. Həmçinin sonuncu dindirilən şahidin ifadəsindən görünür ki, müdafiə etdiyi şəxs polis əməkdaşının tələbinə tabe olmuş, polis əməkdaşına etiraz etməyərək öz razılığı ilə xidməti avtomobilə əyləşib polis şöbəsinə getmişdir. Hesab edir ki, müdafiə etdiyi şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində Göyçay şəhəri, Ziya Bünyadov küçəsində ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:30 radələrində Göyçay şəhəri, Ziya Bünyadov küçəsində onu nizam-intizama dəvət edən Göyçay rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Şahid1 qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; - inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:40-da inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli, 306 nömrəli protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılmış, qanında (alkoqolun konsentrasiyası) 0,625 promilli təşkil etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Şəxs əməlində protokolda qeyd edilən 510-cu maddəsində nəzərdə tutulan inzibati məsuliyətin yaranması sübut olunsa da onun hərəkətlərində İXM-nin 535.1-ci maddə ilə inzibati xəta hadisəsi baş vermədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dizposiyasına əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını araşdırarkən belə nəticəyə gəlmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən ictimai qaydanın yuxarıda qeyd olunan elementləri pozulmamışdır. Bir sözlə, ilk növbədə qeyd olunan inzibati xəta tərkibinin yaranması üçün şəxsdən tələb olunan hərəkət qanuni olmalıdır ki, ondan imtina da müvafiq məsuliyyətə səbəb olsun. Şəxs münasibətdə isə bu hal baş verməmişdir. Belə ki, məhkəmə iclasında şahid ifadəsində göstərmişdir ki, Şəxs polis əməkdaşının tələbinə tabe olmuş, polis əməkdaşına etiraz etməyərək öz razılığı ilə xidməti avtomobilə əyləşib polis şöbəsinə getmişdir. Şəxs həmin vaxt hansısa digər hərəkəti ilə polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla müşayiət edilən hərəkətə yol verməsi faktiki olaraq müəyyən edilməmiş, buna dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Ümumiyyətlə raportda və inzibati xəta haqqında protokollarda Şəxs tərəfindən polis əməkdaşının hansı qanuni tələblərinə qəsdən tabe olmaması və həmin tabe olmama nədə ifadə olunması və hansı ictimai qaydanı pozan hərəkətlərə yol verməsi, o cümlədən, xəta nəticəsində kimin zərər çəkməsi əsaslandırılmamışdır. Eyni zamanda Şəxs məhkəmə iclasında özünü təqsirli bilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq protokolu tərtib etmiş şəxs xəta törədən şəxsin təqsirliliyini sübut etmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və polis əməkdaşlarının raportuna istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin mənasına görə, qanun ilə inzibati xətanın bütün əlamətləri müəyyən edilmədiyi halda heç kəs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs küçədə səs-küy salaraq ictimai asayişi pozan hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Azərbaycan Respublikası İXMnin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədə müvafiqdir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İmran oğlu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 07 avqust 2024-cü il tarixdən saat 23:40-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs İmran oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Şəxs İmran oğlu müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X6 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 4 iş saatı müddətində hüquqi yardım üçün 24 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-717/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-717/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver