Məhkəmə qərarları › İş №3(046)-719/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-719/2024

09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-719/2024 09.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Göyçay şəhəri, Şəhriyar küçəsi, 8, mənzil 10-da qeydiyyatda olan və Göyçay şəhəri, Ziya Bünyadov küçəsi, ev 46da yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş ******* saylı, xx.xx.2024-cü il tarixli və ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində sərxoş vəziyyətdə Göyçay rayon polis şöbəsinin inzibati binasında rayon polis şöbəsinin baş müstəntiqi Şahid2 xidməti otağında özünü vəkil kimi təqdim edərək, Şahid2 icraatında olan material ilə tanış olmaq istəmiş, ondan order və digər sənəd tələb edildikdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq polisin iş fəaliyyət rejimini pozmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahat verərək bildirdi ki, Göyçay rayon polis şöbəsinin İB-nin baş müstəntiqi Şahid2 rayon polis şöbəsinin rəisinə raportla müraciət edərək, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində rayon polis şöbəsinin nəzarət buraxılış məntəqəsində özünü vəkil kimi təqdim edərək xidməti iş otağına gələrək ona icraatında olan material ilə tanış olmaq istədiyini, həmin vaxt Şəxs aqressiv danışıq tərzindən onun sərxoş olmasını hiss etdiyini bildirmişdir. Daha sonra ondan şəxsiyyətini və vəkillik fəaliyyətini təsdiq edən sənədləri və vəkil orderini tələb etmiş, lakin Şəxs polis əməkdaşına sənədlərini və orderi təqdim edə bilməmişdir. Bu zaman polis əməkdaşı Şahid2 Şəxs icraatında olan materialın araşdırılması ilə bağlı heç bir məlumat verə bilməyəcəyini, həmin məlumatların istintaq sirri daşıdığını söyləyərək ondan xidməti otağını tərk etməsini xahiş etmiş, lakin buna baxmayaraq Şəxs öz hərəkətlərini davam etdirərək aqressiv şəkildə onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, inzibati binanın daxilində yüksək səslə səs-küy salaraq xidməti iş fəaliyyətini pozmağa başlamışdır. Şəxs səs-küyünə Göyçay rayon polis şöbəsinin İTB-nin rəisi, Şahid1 və rayon polis şöbəsinin TB-nin təhqiqatçısı Pərvin Ələkbərov oraya gələrək ona yaxınlaşaraq inzibati binada səs-küy salmasının qadağan olduğunu və nalayiq ifadələr işlətməməsini bildirərək ona iradlarını bildirərək nizamintizama dəvət etmiş, lakin Şəxs polis əməkdaşlarının sözlərinə məhəl qoymayaraq aqressiv şəkildə səs-küy salmış, Şahid2 və digər polis əməkdaşının ünvanına nalayiq ifadələr işlədərək onları təhdid etmiş, inzibati binanın daxilində polisin iş fəaliyyəti rejimini pozaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Daha sonra onun barəsində tədbir görülməsi üçün sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş, müayinə zamanı yüngül dərəcəli sərxoş olması müəyyən edilərək barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmışdır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətdiyini qismən qəbul etməyərək izahatında göstərmişdir ki, bacısı oğlunun kafelərin birində davam etməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək onun 4 gündür ki, itməsi ilə bağlı məlumat vermişdir. Bununla bağlı valideyni də rayon polis şöbəsinə bu barədə müraciət etmişdir. Sonradan o, bir ailə üzvü kimi olaraq rayon polis şöbəsinə getmiş, polis şöbəsinə getməmişdən qabaq rayon polis şöbəsinin İB-nin baş müstəntiqi Şahid2 ilə mobil telefon vasitəsi ilə də əlaqə saxlayaraq xidməti otağına gələrək onunla görüşmək istədiyini bildirmişdir. Daha sonra müstəntiq Şahid2 xidməti otağına getmiş, müstəntiq ona səs tonunun qaldıraraq 102 xidmətinə zəng edənin onun olduğunu soruşduqda, DİN-nin 102 xidmətinə zəng edənin o olduğunu deyərək, bacısı oğlunun 4 gündür ki, burada saxlanıldığını və valideynlərinin bundan narahat olmasını bildirmişdir. Polis əməkdaşına onun da hüquq sahəsində işlədiyini, vətəndaşın 48 saat müddətdən artıq saxlanılmasının qanunsuz olduğunu deyərək bacısı oğlunun nə səbəbə görə polis şöbəsində saxlanılmasını soruşduqda o, “məlumat vermirəm sizin orderiniz yoxdur gedin kimə deyirsinizsə deyin əcəb edirəm” deyərək cavab vermişdir. O, polis əməkdaşına bacısı oğlunun heç olmasa nə vaxt buraxılacağın deyin dedikdə, polis əməkdaşı ona otaqdan çıxmasını və bir daha bura gəlməməsini demişdir. O, polis şöbəsində izahatında da qeyd etdiyi kimi polis əməkdaşına “ayıb olsun” “tüpürəsən bu işə” deyərək xidməti otaqdan çölə çıxmışdır. Həmin vaxt polis əməkdaşı Şahid1 onu görmüş, ondan nə üçün əsəbləşdiyini soruşaraq gülərüz şəkildə onu öz xidməti otağına dəvət etmişdir. O, polis şöbəsinin inzibati binasında baş müstəntiq Şahid2 şəxsiyyətinə söyüş söyməmiş, “ayıb olsun” deyərək, sadəcə olaraq məlumat almaq istədiyini demişdir. Törətdiyi əməli qismən qəbul edərək, barəsində cərimə tənbeh növünün seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin İB-nin baş müstəntiqi Şahid2 şahid qismində izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində rayon polis şöbəsinin nəzarət buraxılış məntəqəsində özünü vəkil kimi təqdim edərək xidməti iş otağına gələrək ona icraatında olan material ilə tanış olmaq istəmiş, həmin vaxt Şəxs aqressiv danışıq tərzindən onun sərxoş olmasını hiss etmişdir. Daha sonra ondan şəxsiyyətini və vəkillik fəaliyyətini təsdiq edən sənədləri və vəkil orderini tələb etmiş, lakin Şəxs ona sənədlərini və orderi təqdim edə bilməmişdir. Bundan sonra o, Şəxs icraatında olan materialın araşdırılması ilə bağlı heç bir məlumat verə bilməyəcəyini, həmin məlumatların istintaq sirri daşıdığını söyləyərək ondan xidməti otağını tərk etməsini xahiş etmiş, lakin buna baxmayaraq Şəxs öz hərəkətlərini davam etdirərək aqressiv şəkildə “tüpürüm sənin gördüyün işə” deyərək onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, inzibati binanın daxilində yüksək səslə səs-küy salaraq xidməti iş fəaliyyətini pozmağa çalışmışdır. Xidməti otaqdan çıxanda Şəxs səs-küyünə Göyçay rayon polis şöbəsinin İTBnin rəisi, Şahid1 və rayon polis şöbəsinin TB-nin təhqiqatçısı Pərvin Ələkbərov oraya gələrək ona yaxınlaşaraq inzibati binada səs-küy salmasının qadağan olduğunu və nalayiq ifadələr işlətməməsini bildirərək ona iradlarını bildirərək nizam-intizama dəvət etmiş, lakin Şəxs onun və digər polis əməkdaşlarının sözlərinə məhəl qoymayaraq aqressiv şəkildə səs-küy salmış, onun və digər polis əməkdaşlarının ünvanına yenidən nalayiq ifadələr işlədərək onları təhdid etmiş, inzibati binanın daxilində polisin iş fəaliyyəti rejimini pozaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin İTB-nin rəisi, Şahid1 məhkəmədə izahat vermiş Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində sərxoş vəziyyətdə Göyçay rayon polis şöbəsinin inzibati binasında rayon polis şöbəsinin baş müstəntiqi Şahid2 xidməti otağında özünü vəkil kimi təqdim edərək, Şahid2 icraatında olan material ilə tanış olmaq istəmiş, ondan order və digər sənəd tələb edildikdə ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində sərxoş vəziyyətdə Göyçay rayon polis şöbəsinin inzibati binasında onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq polisin iş fəaliyyət rejimini pozmuşdur. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; - inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:15-də inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2024-cü il tarixli, 308 nömrəli protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılmış, qanında (alkoqolun konsentrasiyası) 0,300 promilli təşkil etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 2 saylı X4 Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 190783/2024 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (FİN 1BRBW60) filialdan İİİ (üçüncü) dərəcəli əlil kimi əmək pensiyası alır. Məhkəmə ilk öncə qeyd edir ki, Şəxs əməlində protokolda qeyd edilən 510-cu maddəsində nəzərdə tutulan inzibati məsuliyətin yaranması sübut olunsa da onun hərəkətlərində İXM-nin 535.1-ci maddə ilə inzibati xəta hadisəsi baş vermədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dizposiyasına əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını araşdırarkən belə nəticəyə gəlmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən ictimai qaydanın yuxarıda qeyd olunan elementləri pozulmamışdır. Bir sözlə, ilk növbədə qeyd olunan inzibati xəta tərkibinin yaranması üçün şəxsdən tələb olunan hərəkət qanuni olmalıdır ki, ondan imtina da müvafiq məsuliyyətə səbəb olsun. Şəxs münasibətdə isə bu hal baş verməmişdir. O, bacısı oğlunun saxlanılaraq polis şöbəsinə gətirilməsi səbəbi ilə maraqlanmaq üçün polis şöbəsinə getmiş, polis işçisi xidməti otağında ona uca səslə və aqressiv bir şəkildə cavab vermişdir. Bundan sonra aralarında yaranan mübahisə polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələbinə qəsdən tabe olmaması kimi qiymətləndirilə bilməz. Şəxs həmin vaxt hansısa digər hərəkəti ilə polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla müşayiət edilən hərəkətə yol verməsi faktiki olaraq müəyyən edilməmiş, buna dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Ümumiyyətlə raportda və inzibati xəta haqqında protokollarda Şəxs tərəfindən polis əməkdaşının hansı qanuni tələblərinə qəsdən tabe olmaması və həmin tabe olmama nədə ifadə olunması və hansı ictimai qaydanı pozan hərəkətlərə yol verməsi, o cümlədən, xəta nəticəsində kimin zərər çəkməsi əsaslandırılmamışdır. Eyni zamanda Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq protokolu tərtib etmiş şəxs xəta törədən şəxsin təqsirliliyini sübut etmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və polis əməkdaşlarının raportuna istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin mənasına görə, qanun ilə inzibati xətanın bütün əlamətləri müəyyən edilmədiyi halda heç kəs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində sərxoş vəziyyətdə Göyçay rayon polis şöbəsinin inzibati binasında rayon polis şöbəsinin baş müstəntiqi Şahid2 xidməti otağında ucadan səs-küy salaraq polisin iş fəaliyyət rejimini pozaraq ictimai asayişi pozan hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 08 avqust 2024-cü il tarixdən saat 21:15-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar