Məhkəmə qərarları › İş №3(046)-721/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-721/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-721/2025 21.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 11 X2 Regional Bölməsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 11 X2 Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 11 X2 Regional Bölməsi tərəfindən tərtib edilmiş 03 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində keçirilən monitorinq zamanı Göyçay rayonu Müskürlü kəndində yerləşən avtoyumanın fəaliyyəti zamanı formalaşan tullantı suların təyinatsız axıdılması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 11 X2 Regional Bölməsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Göyçay rayonu Müskürlü kəndində yerləşən avtoyumanın fəaliyyəti zamanı formalaşan tullantı suların təyinatsız axıdılması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İXM- nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Odur ki, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 11 X2 Regional Bölməsi tərəfindən tərtib edilmiş 03 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində keçirilən monitorinq zamanı Göyçay rayonu Müskürlü kəndində yerləşən avtoyumanın fəaliyyəti zamanı formalaşan tullantı suların təyinatsız axıdılması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 03 oktyabr 2025-ci il tarixli 002252 nömrəli aktdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 11 X2 Regional Bölməsinin əməkdaşları böyük məsləhətçi Abbas Əliyev, məsləhətçi Rəşad Əliyevin iştirakı ilə bölmənin xx.xx.2025-ci il tarixli 028/S saylı sərəncamına əsasən su qanunvericiliyinin tələblərinə riayət olunması vəziyyətinin araşadırılması məqəsədilə tərəflərindən Göyçay rayonu Müskürlü kəndində yerləşən Şəxs məxsus avtoyumaya baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, avtoyumada formalaşan tullantı suları obyektin kənarına birbaşa axıdılır. Təyinatsız axıdılmaya görə obyekt sahibi əraziyə dəvət olunaraq yazılı izahatı alınmışdır. Şəxs izahatında qeyd etmişdir ki, avtoyuma ona məxsusdur. Orada formalaşan tullantı sularını kordinatlarında təyinatsız olaraq obyektin kənarına axıdıldığını qeyd etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası "Su Məcəlləsi”-nin 103cü maddəsinin Azərbaycan Respublikası "Su Təchizatı və Tullantı Suları haqqında Qanunu”nun 10-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın müvafiq maddələri pozulmuşdur. Bununla bağlı fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. Şəxs izahatından görünür ki, Göyçay rayonu, Müskürlü kənd ərazisində yerləşən Avtoyumanın ona məxsus olduğunu, avtoyuma zamanı axıdılan formalaşan tullantı sularını obyektin kənarına axıdıldığını, qanunvericiliyinin tələblərinin ona izah edildiyini, bir daha belə hallara yol verməyəcəyini və barəsində aşağı həddə cərimə cəzasının tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə protokolu tərtib etmiş orqanın nümayəndəsini dinləyib və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirildiyindən sonuncu həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, "Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları”nın 1.2.5-ci bəndinə əsasən tullantı suları istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin Qaydaların 9.1-9.2-ci bəndlərinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. İstehsalat tullantı sularının axıdılmasına aid məsələlərin həlli hər bir halda STKM (su təchizatı və kanalizasiya müəssisəsi) tərəfindən təmin olunmalıdır. Şərti təmiz sular təsərrüfat-məişət kanalizasiya sisteminə STKM ilə bağlanılmış müqaviləyə əsasən və kanalizasiya şəbəkələrinin və təmizləyici qurğularının gücü, həmçinin axıdılan suyun həcmi nəzərə alınmaqla axıdıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunla maye tullantıların kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması qadağan olunmuş və buna görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə müəyyən olunduğu kimi qanunun göstərilən tələbi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən ona məxsus olan avtoyuma zamanı formalaşan tullantı sularını obyektin kənarına axıdılması təsdiq olunmuşdur. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla - 03 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol, 03 oktyabr 2025-ci il tarixli, 002252 nömrəli akt, akta əlavə edilmiş fotoşəkillər Şəxs məxsus olan avtoyuma zamanı formalaşan tullantı sularını obyektin kənarına axıdılması təsdiqini tapmışdır. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və sonuncu törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1 -ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 262.2.3-cü maddəsinə görə içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində "az miqdarda” dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 262.2.3-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar