Məhkəmə qərarları › İş №3(046)-729/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-729/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-729/2023 07.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, X1 iştiraki ilə, X1 Füzuli rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 15:52-də VAZ 2101markalı, **-BL-*** dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən ona Azərbaycan Respublikası İXM-nin 327.2.-ci maddəsinə əsasən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2023- cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan da görünür ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola Azərbaycan Respublikası Füzuli rayon Yol Patrul Xidməti inspektoru Polis Baş serjantı X3 tərəfindən baxılmış və 80 manat məbləğində intizam tənbehi edilməyim barədə qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarda inzibati tənbeh edilməyinə əsas olmuş qayda pozuntusunun harda, hansı yolda və ya ərazidə törətməyi qeyd edilməmişdir. Bundan başqa barəsində inzibati xəta haqqında protokol tərtib edən YPX əməkdaşı ona istinad olunan inzibati xəta törətməyini təsdiq edən hər hansı sübutu, yəni foto və videogörüntünü,hal şahidini təqdim etmədən, heç bir sübuta əsaslanmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xətanın mövcudluğunu sübut etmədən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola Azərbaycan Respublikası Füzuli rayon Yol Patrul Xidməti inspektoru Polis Baş serjantı X3 elə həmin tarixdə də baxmış və inzibati tənbeh edilməyi barədə qanunsuz qərar qəbul etmişdir.Buna görə də şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Füzuli rayon Polis Şöbəsinin DYPB-nə məlumat verilmiş, Füzuli rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X3 teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcini, qərar qəbul edildiyi vaxtdan 1 ay müddət keçdiyindən video görüntülərin silindiyini bildirmişdir. Məhkəmə şikayət ərizəsinə, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərara və digər iş materiallara baxaraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 15:52-də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilməmişdir. İnzibati xətalar məcəlləsinin 126.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Belə ki, məhkəmə iclasınadək X4 barəsində xx.xx.2023-cü il tarixli qərarın qəbul edilməsinə əsas olmuş video, foto görüntü və ya digər sübutların təqdim edilməsi üçün Füzuli rayon Polis Şöbəsinin DYPB-nə müraciət edilmiş, lakin məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, X4 barəsində Füzuli rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti təmin edilsin. X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 80 manat cərimə edilməsinə dair Füzuli rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraat xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar