Məhkəmə qərarları › İş №3(046)-732/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-732/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-732/2025 13.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X4, xx.xx.1976-cı ildə Göyçay rayonu Qarabaqqal kəndində anadan olmuş,ailəli,orta təhsilli, işləməyən, Göyçay rayonu Qarabaqqal kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 13 oktyabr 2025-ci il tarixdə saat 12 radələrində Göyçay şəhəri Natavan küçəsində Göyçay Rayon Polis X9 Polis Bölməsinin əməkdaşının başqa şəxs barəsində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xəta haqqında protokolun tərtib olunmasına maneçilik yaradaraq polis əməkdaşının işinə müdaxilə edib ictimai qaydanın mühafizə vəzifəsini icra edən Göyçay Rayon Polis şöbəsinin polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 13 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 13 oktyabr 2025-ci il tarixdə saat 12 radələrində övladının şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı Göyçay Rayon Polis şöbəsinə getmişdir. Orada olan zaman rayon polis şöbəsinin qarşısında tanışı X2 polis əməkdaşı ilə mübahisə etdiyini görmüşdür. Bu zaman o onların yanına yaxınlaşaraq nəyə görə mübahisə etdiyi soruşmuş, polis əməkdaşı sənlik deyil demiş o da polis əməkdaşına “qardaş məni tanımırsan?” soruşmuş, polis əməkdaşıda ona səni tanımıram demişdir. Daha sonra polis əməkdaşı ilə mübahisə etmişdir. Polis əməkdaşı onun barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nin növbətçi hissəsinə gətirmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay Rayon Polis X9 Polis Bölməsinin inspektoru Şahid bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 11.50 radələrində Göyçay şəhəri Natavan küçəsində X3 barəsində protokol tərtib edilən zaman Şəxs onların yanına gəlmişdir. Bu zaman Şəxs ona şər böhtan xarakterli sözlər deyərək Azər Eyvazov ilə birgə səs küy salmağa başlamışlar. O Şəxs nizam intizamlı olmağa dəvət etsədə Şəxs onun qanuni tələblərinə tabe olmayaraq ona qarşı tabesizlik göstərmişdir. O həmin şəxslərin barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nin növbətçi hissəsinə gətirmişdir. Daha sonra RPŞ-də Şəxs törətdiyi əməli etiraf edərək əməlindən peşman olduqunu bildirmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilmişdir. Baxışdan görünür ki, YPX əməkdaşı Göyçay şəhəri Natavan küçəsində başqa şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edən vaxtı Şəxs onlara yaxınlaşaraq səsküy salmış, polis əməkdaşının işinə müdaxilə etmiş,onun qanuni tələblərinə tabe olmamışdır. İşə əlavə edilmiş “AZEMİS” X1 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, Şəxs 2-ci qrup xəstəliyə görə 250 manat pensiya alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə görə polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Həmin Qanunun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 7-ci maddəsinin İİİ hissəsinə görə polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq,ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, X5 13 oktyabr 2025-ci il tarixdə saat 12 radələrində Göyçay şəhəri Natavan küçəsində Göyçay Rayon Polis X9 Polis Bölməsinin əməkdaşının başqa şəxs barəsində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xəta haqqında protokolun tərtib olunmasına maneçilik yaradaraq polis əməkdaşının işinə müdaxilə edib ictimai qaydanın mühafizə vəzifəsini icra edən Göyçay Rayon Polis şöbəsinin polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Hesab edirəm ki,Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın müvafiq olaraq idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, 2-ci dərəcəli əlil olması, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa inzibati xəta törədən şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal olması və məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Beləliklə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar