Məhkəmə qərarları › İş №3(046)-735/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-735/2022

23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-735/2022 23.11.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs iştirakı ilə, xx xxxxxx 1958-ci ildə Göyçay rayonu, Çayarxı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu, Çayarxı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs 22 noyabr 2022-ci il tarixdə saat 21 radələrində Göyçay rayonu, Çayarxı kəndində polis əməkdaşları ilə mübahisə edərək onların qanuni tələblərinə tabe olmamışdır. Şəxs barəsində Göyçay RPŞ-nin sahə rəisi polis leytenantı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Göyçay rayonu Çayarxı kəndində özünə məxsus həyətyanı torpaq sahəsində olarkən iki nəfər mülki geyimli şəxs həyətinə girmiş, polis vəsiqəsi göstərərək polis əməkdaşları olduğunu bildirmişdir. Polis əməkdaşları ona həyətində qumar oynanılması barədə məlumat daxil olduğunu bildirdikdə polis əməkdaşlarına burada qumar oynanılmadığını, həyətində xurma məhsulunun yığımı ilə məşğul olduğunu deyərək polis əməkdaşlarına irad bildirmiş və həyətindən çıxmalarını tələb etmişdir. Bununla bağlı polis əməkdaşları onu polis şöbəsinə gətirmiş, həmin vaxt polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməyib polis şöbəsinə getmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Göyçay RPŞ-nin PPXB-nin polis nəfəri X2 izahat verərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 3 nömrəli avtopatrulda Tural Kərimovla birlikdə xidmətdə olarkən Göyçay rayonu Çayarxı kəndində yerləşən “Dost qapısı” kafesi ilə üzbə-üz xurma bağında bir neçə nəfər şəxsin qumar oynaması ilə bağlı məlumat daxil olmuş, məlumat əsasında həmin ünvana getmişlər. Orada giriş qapısı açıq olduğu üçün həyətə daxil olmuşlar. Həyətdə bir mərtəbəli tikilinin içərisində 3 nəfər şəxsin içəridə olduğunu görmüş, özlərini təqdim edərək burada nə etdiklərini, qumar oynayıboynamadıqlarını soruşduqda Qabil adlı şəxs onları görərək səs-küy salmış, onlara nə səbəbə görə həyətə daxil olduqlarına irad bildirərək ünvanlarına qarşı nalayiq söyüşlər söymüşdür. Bu zaman onu nizam-intizama dəvət etməklərinə baxmayaraq, öz hərəkətlərini davam etdirərək qanuni tələblərinə qəsdən tabe olmamışdır. Göyçay RPŞ-nin PPXB-nin polis nəfəri X4 məhkəmədə izahat vermiş şahid X1 göstərdiyi xüsusatları təsdiq etmişdir. X5 Haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinin dizposiyasına əsasən polis işçisinin və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olunmaması inzibati məsuliyyətə səbəb olur. Qeyd olunan hüquq normasının tələblərinə əsasən inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı meyarlar olmalıdır: 1) polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra etməlidir: 2) bu zaman hüquqpozmanın subyekti ictimai qaydanı pozmalıdır; 3) subyekt ictimai qaydanı pozarkən, onun mühafizəsi vəzifələrini icra edən polis işçisinin tələblərinə qəsdən tabe olmamalıdır; 4) Polis işçisinin tələbi qanuni, yəni onun icra edici vəzifələrə uyğun olmalıdır. Məhkəmə, qeyd olunan hüquq normasının əsaslarını şərh etməyi zəruri hesab edir ki, ictimai qayda - qüvvədə olan qanunvericiliklə, ədalətlərlə və ənənələrlə, həmçinin mənəvi normalarla tənzimlənən, cəmiyyətdə insanlar arasında formalaşmış münasibətlər sistemi, qarşılıqlı davranış və birgəyaşayış qaydalarıdır. İctimai qayda bütün sosial norma və prinsiplərin realizə olunmasına əsaslanan ictimai münasibətlərin tənzimlənmiş vəziyyətidir. İctimai qaydanın mühafizəsinin təmin edilməsi sahəsində polis əməkdaşlarının hüquq və vəzifələrinin həddləri və onların tələblərinin qanuni əsasları «Polis haqqında» Azərbaycan Respublikasının Qanununun normaları ilə tənzimlənir. Həmin Qanunun 5-ci maddəsinə əsasən polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən bu Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 13-cü maddəsinin 7-ci bəndinə əsasən polis əməkdaşları səlahiyyətlərini həyata keçirərkən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etməlidirlər. Həmin Qanunun 13-cü maddəsində polis əməkdaşlarının ümumi vəzifələri, 14-cü maddəsində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri, 17-ci maddəsində polis əməkdaşlarının ümumi hüquqları, 18-ci maddəsində isə ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının hüquqları sadalanmışlar. Məhkəmə, işin faktiki hallarını araşdırarkən bu nəticəyə gəlmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən ictimai qaydanın yuxarıda qeyd olunan elementləri pozulmamışdır. Bir sözlə, ilk növbədə qeyd olunan inzibati xəta tərkibinin yaranması üçün şəxsdən tələb olunan hərəkət qanuni olmalıdır ki, ondan imtina da müvafiq məsuliyyətə səbəb olsun. Şəxs münasibətdə isə bu hal baş verməmişdir. Şəxs həmin vaxt hansısa digər hərəkəti ilə polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla müşayiət edilən hərəkətə yol verməsi faktiki olaraq müəyyən edilməmiş, buna dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə iclasında verilən izahatlardan aydın olmuşdur ki, Şəxs ilə polis əməkdaşları arasında sözlə mübahisənin yaranması Şəxs həyətində qumar oynanılmadığını bildirməsi ilə bağlı olmuşdur ki, həmin şəxsin polis əməkdaşlarının həyətindən çıxmalarını tələb etməsi heç də polis əməkdaşının qanuni tələbinə tabe olmaması kimi qiymətləndirilə və şəxsin inzibati qaydada tənbeh edilməsinə əsas ola bilməz. Ona görə məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsi ilə təsbit olunmuş qaydada, inzibati məsuliyyətə cəlb olunan Şəxs təqsirli olması barəsində şübhələrin onun xeyrinə həll edilməli olduğu nəzərə alınmalıdır. Bundan başqa iş materiallarında və məhkəmə araşdırması zamanı Şəxs tərəfindən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasını, ictimai qaydanı pozan hərəkətlərə yol verməsini təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş raportda və inzibati xəta haqqında protokolunda inzibati xətanın mahiyyəti tam göstərilməmişdir. Ümumiyyətlə raportda və inzibati xəta haqqında protokolda Şəxs tərəfindən polis əməkdaşının hansı qanuni tələblərinə qəsdən tabe olmaması, konkret olaraq kim tərəfindən tabe olunmaması və həmin tabe olmama nədə ifadə olunması və hansı ictimai qaydanı pozan hərəkətlərə yol verməsi, o cümlədən, xəta nəticəsində kimin zərər çəkməsi əsaslandırılmamışdır. Eyni zamanda Şəxs məhkəmə iclasında özünü təqsirli bilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq protokolu tərtib etmiş şəxs xəta törədən şəxsin təqsirliliyini sübutetmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və polis əməkdaşlarının raportuna istinad etmişdir. Qanunvericiliyə görə barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə bu nəticəyə gəlir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusunun elementlərindən olan pozuntunun obyekti (bu maddə ilə qorunan ictimai münasibətlər), obyektiv tərəfi (maddədə göstərilən hüquq pozuntusuna səbəb olan fəaliyyət) və subyektiv tərəfi (şəxsin öz hərəkətlərinə dair zehni münasibəti) müəyyən olunmadığından, o, qeyd olunan maddə ilə təqsirli sayıla bilməz və onun barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Göyçay RPŞ-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Göyçay RPŞ-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar