Məhkəmə qərarları › İş №3(046)-74/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-74/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-74/2025 14.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, xx.xx.1984-cü ildə Kürdəmir rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, Göyçay şəhəri, Üzeyir Hacıbəyov küçəsi, dalan 1, ev 3-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş bir icraatda birləşdirilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 13 fevral 2025-ci il tarixdə saat 23 radələrində Göyçay rayon Polis Şöbəsinin qarşısında ucadan nalayiq ifadələr işlədərək səs-küy salıb ictimai qaydanı pozmuş, ictimai qaydanın mühafizə vəzifəsini icra edən Göyçay rayon Polis Şöbəsinin polis nəfərləri Şahid2 və Şahid1 qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o borclu kimi axtarışda olması ilə əlaqədar olaraq Göyçay RPŞnin əməkdaşları onu Bakı şəhərindən Göyçay rayonuna gətirən zaman Göyçay RPŞ-nin qarşısında əsəbi olduğu üçün nalayiq ifadələrlə səs-küy edərək narazılığını bildirmişdir. Onu nizam intizama dəvət edən polis nəfərlərinin qanuni tələblərinə qəsdən əməl etməmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 izahat verərək bildirdi ki, 13 fevral 2025-ci il tarixdə saat 23 radələrində Göyçay RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2lə birlikdə axtarışda olan Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi dalan 1, ev 3-də yaşayan Şəxs Göyçay RPŞ-nə gətirərkən, həmin şəxs küçədə RPŞ-nin qarşısında ucadan nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuşdur. Həmin şəxsi nizam intizama dəvət etsələr də onların qanuni tələblərinə qəsdən əməl etməyərək ictimai qaydanı pozmağa davam etmişdir. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:05-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa inzibati xəta törədən şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal olması, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal olması nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibatı hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına , yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan , habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslərə və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq,cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs axtarışda olduğuna görə onun Göyçay rayon Polis Şöbəsinə gətirilməsinə etiraz edib 13 fevral 2025-ci il tarixdə saat 23 radələrində şöbənin qarşısında ucadan nalayiq ifadələr işlədərək səs-küy salıb ictimai qaydanı pozmuş, ictimai qaydanın mühafizə vəzifəsini icra edən Göyçay rayon Polis Şöbəsinin polis nəfərləri Şahid2 və Şahid1 qanuni tələbinə qəsdən tabe olmamış,əməlində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi vardır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs eyni vaxtda öz hərəkətləri ilə həm İXM-in 510-cu, həm də 535.1-ci maddəsi ilə inzibati xəta törətdiyindən, daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar