Məhkəmə qərarları › İş №3(046)-768/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-768/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-768/2024 20.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1, xx.xx.1962-ci ildə Biləsuvar şəhərində anadan olmuş, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi, Y/X, ev 36/1-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 19 avqust 2024-cü il tarixdə saat 23 radələrində Göyçay şəhəri Natəvan küçəsində yerləşən Göyçay rayon Polis Şöbəsinin qarşısında ucadan nalayiq ifadələr işlədərək səs-küy salıb ictimai qaydanı pozmuş,həmin vaxt ictimai qaydanın mühafizə vəzifəsini icra edən Göyçay rayon Polis Şöbəsinin əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 19 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokollarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, onun və Afdandil Əhmədov adlı müavinindən Göyçay rayon sakinindən işə düzlətmək adı ilə guya 4000 manat pul almaqları barədə Göyçay rayon Polis Şöbəsinə şikayət ərizəsi daxil olmuşdur. Bu şikayət ərizəsi 2024-cü ilin may ayında olmuşdur. Həmin şikayətlə əlaqədar mayın 26-da həftənin bazar günü onu və müavinini Bakı şəhərindən Göyçay RPŞ-nə gətiriblər. 2 gün şöbədə saxlanılıblar və 2 gün sonra onları buraxıblar. Həmin müraciətlə bağlı polis şöbəsindən çıxarkən nəzarət buraxılış məntəqəsinin qarşısında müavini Aftandilin həyat yoldaşını görmüşdür. Aftandilin həyat yoldaşı bildirdi ki onun və Aftandilin ailələrinə polis müstəntiqi tərəfindən zəng vurularaq 4000 manat borcu olduqlarına görə hər ikisinin cinayət məsuliyyətinə cəlb edilərək tutulacağını bildirdi. Aftandilin həyat yoldaşı 4000 manat pulu zərərçəkmişə müstəntiqin yanında verdi. Aftandilin həyat yoldaşı pul verməmişdən əvvəl əri ilə görüşməsini desə də müstəntiq icazə vermədi. Qadının özbaşına hərəkətinə və qərəzli danışığına görə Aftandil həyat yoldaşı ilə birlikdə Bakı şəhərinə qayıtdılar. O isə rayon avtovağzalına gedərək Bakı şəhərinə qayıtmışdır. Evinə çatan kimi 961 xidmətinə zəng vuraraq Göyçay RPŞ-də baş verən qərəzli, sifarişli heç bir sübuta arxalanmayan hərəkətlərə görə polis şöbəsinin müstəntiqinin xəbərsiz ailələrinə zəng edərək onların həbs olunmaqlarını bildirərək 4000 manat pul alınaraq zərərçəkmiş şəxsə qaytarılması barədə məlumat vermişdir. Bir neçə gündən sonra Bakıda yaşayan və işləyən Göyçay sakinləri ilə bir məclisdə yeyib içərkən eşitmişdir ki, onun və müavininin ailələrinin ünvanına Göyçay RPŞ-nin rəisi tərəfindən nalayiq sözlər işlədərək onları buraxmışlar. Məclisdən çıxaraq 102 DİN qaynar xəttinə zəng edərək şikayət etmişdir.Şikayətini edərkən ola bilsin ki,nalayiq ifadələr işlətmişdir.xx.xx.2024-cü il tarixdə ona zəng gələrək onun DİN-nin daxili Təhqiqatlar Şöbəsinin polkovnik leytenantı Tahir Fərəcov olduğunu bildirərək Göyçay işi ilə əlaqədar təcili izahat verməyini bildirmişdir. Görüşən zaman maşına oturarkən mülki şəxslər polis əməkdaşları əllərini qandallayaraq 19-cu polis bölməsinə gətiriblər. 19-cu polis bölməsində saxlanıldıqdan sonra axşam tərəfi onunla 4 nəfər Şamaxıya gəliblər. Şamaxıda onu Göyçay RPŞ-nin əməliyyatçıları gələrək Göyçay RPŞ-nə gətiriblər. Saxlanılan müddətdən polis əməkdaşları ilə aralarında heç bir narazılıq olmamışdır. Söyüş, təhqir, bir birilərinə qarşı narazılıqları olmamışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin rəisi Şahid bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Göyçay RPŞ-nin qarşısında Şəxs ucadan səs-küy salıb, nalayiq ifadələr işlətmişdir. Onu nizam intizama dəvət edərkən Şəxs nalayiq ifadələr işlətməyə davam edərək onun qanuni tələblərinə qəsdən əməl etməmiş, ictimai qaydanı pozmağa yönəldilmiş hərəkətlər etmişdir. Şəxs rayon polis şöbəsinə apararaq növbətçi hissəyə təhvil vermişlər. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23.20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokola əlavə edilmiş DVD diskdə olan səs yazısına baxış keçirilmişdir. Səsyazısından görünür ki, Şəxs 102 DİN qaynar xəttinə zəng edərək olan hadisələrlə bağlı şikayət edib,nalayiq ifadələri işlətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki,İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta hadisəsi eyni vaxtda törədildiyindən inzibati xəta törətmiş şəxs barəsində daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati tənbeh tətbiq edərkən xətanın müvafiq olaraq ictimai qayda və ictimai idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri,inzibati xəta törədən şəxsin yaşı (62 yaş),İ Qarabağ müharibəsi iştirakçısı olması, əməlin qəsdən törədilməsi, iş üzrə məsuliyyəti yungulləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək,İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla barəsində müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar