Məhkəmə qərarları › İş №3(046)-785/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-785/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-785/2025 29.10.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1989-cu il tarixdə Göyçay rayonu, Çayarxı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu, Çayarxı kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli, e-2(046)- 2617/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli müqavilə üzrə 750 manat ödənilməmiş hissə və dövlət rüsumu üçün ödənilmiş 31 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilməsi qət edilmişdir. Borclu Şəxs icra qeydi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 29 oktyabr 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli, e- 2(046)-2617/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli müqavilə üzrə 750 manat ödənilməmiş hissə və dövlət rüsumu üçün ödənilmiş 31 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilməsi qət edilmişdir. Bununla bağlı xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildiriş borclu Şəxs göndərilmişdir. Borclu məhkəmə qətnaməsi qəbul edildikdən sonra borcundan heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə bağlı Şəxs icra şöbəsinə dəvət olunaraq ona hüquq və vəzifələri izah edilmiş, borcun ödənilməsi təklif edilmiş və izahatı alınmışdır. Borclu Şəxs izahatında 781 manat borcundan heç bir ödəniş edə bilməyəcəyini, gələcəkdə hissə-hissə ödəniş edəcəyini bildirmişdir. İcra sənədinin icra edilməsi istiqamətində çətinliklər yarandığı üçün borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən ondan müqavilə üzrə 750 manat ödənilməmiş hissə və dövlət rüsumu üçün ödənilmiş 31 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMCnə verilməsi qət edilmişdir. Məhkəmə iclasının vaxtdı barədə onun ünvanına bildiriş gəlməmiş, işə onun iştirakı olmadan baxılaraq qətnaməsi qəbul edilmişdir. Borcunu ödəməməsinə səbəb su filtirində nasazlıq yaranmış, şirkətin nümayəndələrinə su filtirində nasazlıq olduğu barədə xəbərdarlıq etmiş, lakin ona su filtinin dəyişilə bilməyəcəyini bildirdilər. O, nümayəndələrə ödədiyi ilkin ödənişi istəmədiyini, 5-6 ay kreditin qaytarılmasını və qurğunun geri qaytarılmasını tələb etmişdir. Məhkəmə iclasında zərərçəkmiş "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Şəxs ilə xx.xx.2020-ci il tarixli müqavilə bağlanılaraq su filtiri təhvil verilmişdir. Müqavilədə şərtlərin hamısı qeyd olunmuşdur. Su filtirində filtiri tutulmuş, nasazlıqla bağlı səbəb baş vermiş, dəyişilmə vaxtı çatdıqda servis xidmətinin əməkdaşları yaranmış problemlə bağlı dəyişilməli hissə olduğunu, lakin dəyişildikdə pul ödəməli olduğu deyilmiş, Şəxs əməkdaşlara dəyişilməni ödənişsiz etməli olduqlarını demişdir. Daha sonra Şəxs borcundan heç bir ödəniş etməmişdir. Dəfələrlə şirkətin nümayəndələri Şəxs ilə əlaqə saxlayaraq gücü çatan məbləğdə hissə-hissə ödəniş etməsini bildirməklərinə baxmayaraq, ödəniş olunmamışdır. Sonuncu dəfə Şəxs ilə əlaqə saxlanılan zaman Şəxs ödəniş etməyəcəyini, işin məhkəməyə verilməsini demişdir. Bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, məhkəmə iş baxaraq qətnamə qəbul etmiş, qanuni qüvvəsin aldıqdan sonra iş icraya yönəldilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli, e-2(046)- 2617/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli müqavilə üzrə 750 manat ödənilməmiş hissə və dövlət rüsumu üçün ödənilmiş 31 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 20 dekabr 2024-cü il tarixli, e-2(046)-2617/2024 saylı icra vərəqəsi əsasında icraata başlanılmışdır. İşin materiallarından görünür ki, borclu Şəxs 781 manat borcu mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra qeydi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs borcunu ödəməməsinə səbəb "xxxx" MMC ilə aralarında xx.xx.2020-ci il tarixli müqavilə bağlandığını, müqaviləyə əsasən su filtiri aldığını, lakin aldığı qurğunun nasaz olduğunu, şirkətin nümayəndələrinə su filtirinin geri qaytarılmasını tələb etdiyini, lakin qaytarılmadığı üçün borcunu ödəmədiyini göstərmişdir. Şəxs göstərdikləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, göstərilən bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Məhkəmə qeyd edir ki, Şəxs icra sənədi üzrə borcunu məhkəmə aktında göstərildiyi qaydada təmin etməmiş, zərərçəkmiş şəxs "xxxx" MMC-nə olan borcunu ödəməyərək icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə aktına etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyası daxilində ədalətli tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51,53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar