Məhkəmə qərarları › İş №3(046)-788/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-788/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-788/2024 27.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Göyçay şəhəri, Ə.Qarayev küçəsi, ev 2-də qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Göyçay rayon polis şöbəsinin qarşısında və inzibati binasında ucadan səs-küy salmış, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam-intizama dəvən edən Göyçay rayon polis şöbəsinin İTB-nin rəisi Şahid qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahat verərək bildirdi ki, Göyçay rayon polis şöbəsinin İTB-nin rəisi Şahid rayon polis şöbəsinin rəisinə raportla müraciət edərək, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Göyçay rayon polis şöbəsinin inzibati binasında xidməti iş otağında səs-küy salaraq onun ünvanına qarşı nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etməsinə baxmayaraq Şəxs öz hərəkətlərini davam etdirərək onun qanuni tələblərinə qəsdən tabe olmamış, polisin iş fəaliyyəti rejimini pozaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Daha sonra onun barəsində inzibati qaydada tutma protokolu tərtib edilərək müvəqqəti saxlama yerində saxlanılmışdır. Bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad edilən əməlləri törətdiyini qismən qəbul etməyərək izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Göyçay şəhəri, Ə.Qarayev küçəsi, ev 2-də yaşayır. İki az yaşlı uşaqları vardır. Uşaqlarından birinin xəstəliyi ilə bağlı Bakı şəhərinə getmiş, orada olarkən axşam saatlarında oranı tanımadığı üçün bir nəfər şəxsə yaxınlaşaraq ondan yol soruşmuş, həmin şəxs ona aqresiv şəkildə cavab vermiş, ona nə səbəbə görə belə cavab verməsinə irad bildirdikdə həmin şəxs onun sifət nahiyyəsindən kəllə ilə vuraraq xəsarət yetimişdir. Daha sonra aldığı xəsarətlə bağlı DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmiş, bir qədər sonra oraya polis əməkdaşları yaxınlaşmış, həmin vaxt onu vuran şəxs yolun digər tərəfinə keçdikdə polis əməkdaşlarına onu vuranın həmin şəxs olduğunu bildirmiş, lakin polis əməkdaşları onun sözlərinə məhəl qoymayaraq onlarla birlikdə 24-cü polis bölməsinə gedərək məsələnin orada aydınlaşdırılacağı bildirilmişdir. Daha sonra gecə saat 03 radələrində polis bölməsindən buraxılmış, gedəcəyi ünvanı tapa bilmədiyi üçün yenidən DİN-nin 102 xidmətinə zəng vuraraq ona köməklik göstərilməsini xahiş etmiş, lakin məlumat mərkəzində zəngi cavablandıran operator ona “polis əməkdaşı taksi fəaliyyəti işi ilə məşğul olmur” deyərək ona cavab vermiş, həmin vaxt o, heç bir nalayiq ifadə işlətməyərək, operatora “gecəniz xeyrə qalmasın” deyərək öz iradını bildirmişdir. xx.xx.2024-cü il tarixdə rayon polis şöbəsinin sahə rəisi Zaur Cavadov ona mobil telefonuna zəng edərək, ona polis şöbəsinə yaxınlaşmasını, haqqında şikayət daxil olduğunu bildirdikdə, o razılaşaraq rayon polis şöbəsinə gəlmiş, sahə rəisi Zaur Cavadovla görüşdükdə ona Həbib müəllimin otağına getməyi bildirilmişdir. Həmin vaxt rayon polis şöbəsinin inzibati binasına daxil olaraq Həbib müəllimin xidməti otağına yaxınlaşmış, lakin orada heç kim olmadığı üçün yenidən geri qaydaraq Zaur müəllimə Həbib müəllimin xidməti otağında olmadığını bildirmişdir. Bundan sonra Zaur müəllim ilə birlikdə Həbib müəllimin xidməti otağına getmiş, orada İTB-nin rəisi Həbib müəllim ona “sən kimsən 102 xidmətinə zəng vurub söyüş söyürsən” deyərək irad bildirdikdə o, heç kimi söymədiyini, ona qarşı fiziki xəsarətlə bağlı DİN-nin 102 xidmətinə zəng vurduğunu demişdir. O, polis şöbəsinin inzibati binasında səs-küy salmamış, polis əməkdaşının qanuni tələblərini pozmamış, heç kimin ünvanına nalayiq söyüşlər söyməmişdir. İnzibati xəta haqqında protokolda göstərilənlər həqiqəti əks etdirmir. Onun DİN-nin 102 xidmətinin operatoruna “gecəniz xeyrə qalmasın” sözü söyüşdürsə əgər qanuna müvafiq qaydada tədbir görülməsini bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin İTB-nin rəisi Şahid qismində izahat verərək bildirdi ki, Şəxs DİN-nin 102 xidmətinə zəng vuraraq nalayiq ifadələr işlətmisi ilə əlaqədar olaraq rayon polis şöbəsinə çağırılmış, xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Şəxs Göyçay rayon polis şöbəsinin inzibati binasında xidməti iş otağına gəlmiş, ondan nə səbəbə görə DİN-nin 102 xidmətinə zəng vuraraq nalayiq ifadələr işlətməsini soruşduqda o, “edirəm yaxşı edirəm” deyərək otaqda səs-küy salaraq onun ünvanına qarşı nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etməsinə baxmayaraq Şəxs öz hərəkətlərini davam etdirərək onun qanuni tələblərinə qəsdən tabe olmamış, polisin iş fəaliyyəti rejimini pozaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Göyçay rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli və xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Göyçay rayon polis şöbəsinin qarşısında və inzibati binasında ucadan səs-küy salmış, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş, onu nizam-intizama dəvən edən Göyçay rayon polis şöbəsinin İTB-nin rəisi Şahid qanuni tələblərinə qəsdən tabe olmamışdır; - inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. CD diskə köçürülmüş səs yazısından görünür ki, Şəxs DİN-nin 102 xidmətinə zəng vuraraq təhqir edici ifadələr işlətmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Şəxs əməlində protokolda qeyd edilən 510-cu maddəsində nəzərdə tutulan inzibati məsuliyətin yaranması sübut olunsa da onun hərəkətlərində İXM-nin 535.1-ci maddə ilə inzibati xəta hadisəsi baş vermədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dizposiyasına əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını araşdırarkən belə nəticəyə gəlmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən ictimai qaydanın yuxarıda qeyd olunan elementləri pozulmamışdır. Bir sözlə, ilk növbədə qeyd olunan inzibati xəta tərkibinin yaranması üçün şəxsdən tələb olunan hərəkət qanuni olmalıdır ki, ondan imtina da müvafiq məsuliyyətə səbəb olsun. Şəxs münasibətdə isə bu hal baş verməmişdir. O, Bakı şəhərində olarkən ona fiziki xəsarət yetirilməsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq təhqir edici ifadələr işlətmiş, bununla bağlı rayon polis şöbəsinə çağırılmış, polis şöbəsinin inzibati binasında İTB-nin rəisi Şahid xidməti otağında polis əməkdaşının ona nə səbəbə görə belə hərəkətlərə yol verməsini soruşduqda o, polis əməkdaşına əsəbiləşərək aqressiv bir şəkildə cavab vermişdir. Bundan sonra aralarında yaranan mübahisə polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələbinə qəsdən tabe olmaması kimi qiymətləndirilmişdir. Şəxs həmin vaxt hansısa digər hərəkəti ilə polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla müşayiət edilən hərəkətə yol verməsi faktiki olaraq müəyyən edilməmiş, buna dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Ümumiyyətlə raportda və inzibati xəta haqqında protokollarda Şəxs tərəfindən polis əməkdaşının hansı qanuni tələblərinə qəsdən tabe olmaması və həmin tabe olmama nədə ifadə olunması və hansı ictimai qaydanı pozan hərəkətlərə yol verməsi, o cümlədən, xəta nəticəsində kimin zərər çəkməsi əsaslandırılmamışdır. Eyni zamanda Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq protokolu tərtib etmiş şəxs xəta törədən şəxsin təqsirliliyini sübut etmək vəzifəsinin daşıyıcısı olduğuna formal yanaşaraq, sadəcə protokol tərtib etməklə kifayətlənmiş və polis əməkdaşlarının raportuna istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin mənasına görə, qanun ilə inzibati xətanın bütün əlamətləri müəyyən edilmədiyi halda heç kəs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aparılan inzibati araşdırma zamanı protokolda qeyd edilən inzibati xəta araşdırılmamış, məhkəmə baxışında ziddiyyətli vəziyyət yaranmışdır. Belə olan halda əməldə inzibati xəta tərkibinin olması ziddiyyətli vəziyyət yaranması səbəbindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Göyçay rayon polis şöbəsinin qarşısında və inzibati binasında ucadan səs-küy salaraq ictimai qaydanı pozmuş, polisin iş fəaliyyət rejimini pozaraq ictimai asayişi pozan hərəkətlərə yol verməklə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və aöırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 26 avqust 2024-cü il tarixdən saat 20:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar