Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-788/2025 08.12.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X6, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli EQ/31414223 saylı tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanılmış icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq , müəyyən etdim: X7 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ/31414223 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verərək,qeyd edilən qərarın ləğv edilməsini və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli EQ/31414223 nömrəli qərarla onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati xəta törədilməsinə görə cərimə tətbiq edilmişdir. Qərara əsasən, guya o “FORD” markalı, **- BO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Qazax yolunda sürət həddini (90 km/saat) aşaraq 101 km/saat sürətlə hərəkət etmişdir. Lakin bu məlumat tamamilə həqiqətə uyğun deyil. Həmin avtomobil X10 məxsusdur və inzibati xəta törədilən zaman avtomobili X12 özü idarə etmişdir. Onun həmin avtomobilə və ya həmin tarixdə onun idarə edilməsinə heç bir aidiyyəti olmamışdır. Sözügedən qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 şikayəti müdafiə etdi,izahat verərək bildirdi ki, “FORD” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında onun istifadəsində olmuşdur.Lakin inzibati xəta baş verən günü xx.xx.2025-ci il tarixdi həmin avtomobil onun istifadəsində olmamış,qanuni sahibi X9 istifadəsində olmuşdur.Belə ki,həmin avtomobilə dair etibarnamə avtomobilin mülkiyyətçisi tərəfindən xx.xx.2025-ci il tarixdə ləğv edilmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada şikayət vermiş şəxsə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Şikayətə şikayət vermiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati xətaya dair işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət təmin edilməməlidir . Belə ki, işə əlavə edilmiş DİN BDYPİ-in polis polkovnik leytenantı X1 xx.xx.2025-ci il tarixli EQ/31414223 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2025-ci il saat 19.40-da Bakı-Qazax yolu 76,4 km.Qazax istiqamətində «Ford Transit» yük markalı ** BO *** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 328.1-ci və 332.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. İnzibati xətanın baş verdiyi vaxt İşə əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş DİN-in mərkəzi informasiya sistemində olan çıxarışdan görünür ki, «Ford Transit» yük markalı ** BO *** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X12 tərəfindən X4 xx.xx.2025ci il tarixdən xx.xx.2032-ci il tarixə kimi etibarnamə əsasında vermişdir. Həmin etibarnaməyə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. İşə əlavə edilmiş nəqliyyat vasitəsindən istifadə edilməsinə dair 03 iyun 2025-ci il tarixli etibarnamənin surətindən görünür ki, «Ford Transit» yük markalı ** BO *** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X12 həmin nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini X4 06 il 08 ay 13 gün müddətinə vermiş,etibarnamə xx.xx.2032ci il saat 23.59-dək qüvvədədir.Bu etibarnamə «Mobil notariat» tətbiqi vasitəsilə elektron qaydada rəsmiləşdirilmişdir. İşə əlavə edilmiş X3 Bakı şəhəri 22 saylı notariat ofisinə verdiyi ərizədən görünür ki,X7 xx.xx.2025-ci il tarixdə «Ford Transit» yük markalı avtomobilə dair verilmiş hüquqlardan Azərbaycan Respublikası Mülki Məcəllənin 365.1.4-cü maddəsinə əsasən imtina etməsini bildirib,etibarnamənin qüvvəsinə xitam verilməsi barədə «Elektron notariat» informasiya sistemində qeyd yazılmasının təmin edilməsini xahiş etmişdir.Ərizə xx.xx.2025-ci il saat 12.16-da verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəlləinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunmuşdur ki, «Ford Transit» yük markalı ** BO *** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X12 tərəfindən X4 xx.xx.2025-ci il tarixdən xx.xx.2032-ci il tarixədək həmin avtomobili idarə etmək səlahiyyəti xx.xx.2025-ci il tarixli etibarnamə əsasında verilmişdir. Etibarnamənin qüvvədə olduğu müddətdə (etibarnamənin qüvvəsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir) xx.xx.2025-ci il tarixdə saat 19.40-da Bakı-Qazax yolu istiqamətində xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş İXM-in 328.1 və 332.3-cü maddəsi ilə inzibati xətaya görə DİN BDYPİ-in polis polkovnik leytenantı X2 haqlı olaraq müvafiq informasiya sisteminin məlumatlarına əsasən etibarnamə əsasında qeydiyyata götürülmüş nəqliyyat vasitəsinin istifadəçisini müəyyən edib X7 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir.Odur ki,şikayət vermiş şəxsin «Ford Transit» yük markalı ** BO *** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin inzibati xətanın törədildiyi vaxtı onun istifadəsində olmaması,mülkiyyətçisi X9 istifadəsində olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən və iş üzrə tədqiq edilmiş sübutlarla şikayət vermiş şəxsin dəlili öz təsdiqini tapmadığından,hesab edirəm ki,şikayət əsassız olduğundan təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1,332.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli EQ/31414223 nömrəli elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-788/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-788/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver