Məhkəmə qərarları › İş №3(046)-791/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-791/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-791/2024 27.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Göyçay rayonu, Potu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu, Potu kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-212/2024 saylı, 01 fevral 2024cü il tarixli icra vərəqəsinə əsasən, borclu Şəxs 1232 (min iki yüz otuz iki) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 27 avqust 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-212/2024 saylı, 01 fevral 2024-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs 1232 (min iki yüz otuz iki) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlanılması haqqında qərarla eyni tarixdə borcluya könüllü icra haqqında bildiriş rəsmi qaydada verilərək borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixdə barəsində axtarış qərarı verilmiş, polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmiş, həmin vaxt barəsində İXM-nin 528.1ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmədə borcundan 232 manat ödəniş etmiş, borcundan hər ay 100 manat ödəyəcəyi ilə bağlı zərər çəkmiş şəxslə razılığa gəlmiş, məhkəmə qərarına əsasən iş üzrə icraata xitam verilmişdir. Bundan sonra 2024-cü ilin iyun, iyul və avqust aylarında heç bir ödəniş etməmiş, axtarışda olmasına baxmayaraq özü könüllü şəkildə icra şöbəsinə gələrək borcundan ödəniş etmək istədiyini bildirmişdir. Zərər çəkmiş şəxs hər gün icra şöbəsinə gələrək pulunu tam şəkildə ödənilməsini tələb etmişdir. Hal-hazırda 1000 manat borcundan 400 manat ödəniş etmək istəmiş, tərəflər arasında razılıq olmadığı üçün borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən ondan 1232 manat pulun alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsindən sonra borcundan 232 manat ödəniş etmiş, uşağı xəstə olduğu üçün qalan məbləği ödəməyə maddi imkanı olmamışdır. Hal-hazırda borcundan 400 manat ödəniş etmək istəyir, qalan məbləği hər ay hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, 15 gün müddətə qaytarmaq şərti ilə Şəxs ondan 1200 manat borcu pul almışdır. Bir müddət keçdikdən sonra borcun ödənilməsi ilə bağlı dəfələrlə onunla danışıqlar apararaq görüşmüş, hər dəfəsində ona müxtəlif bəhanələr gətirərək borcundan ödəniş etməsi ilə bağlı aldatmışdır. Bununla bağlı müvafiq orqanlara şikayətlər etmiş, lakin bir nəticəsi olmamışdır. Şəxs ona olan borcun ödəməsinə maddi imkanının olmasına baxmayaraq, süründürməçiliyə yol vermişdir. Hal-hazırda pulun tam şəkildə ödənilməsini tələb edir, əks halda Şəxs barəsində inzibati həbs tənbeh növünün seçilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsinin 2(046)-212/2024 saylı, 01 fevral 2024-cü il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 1232 (min iki yüz otuz iki) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsində xx.xx.2024-cü il tarixdə izahat verərək tələbkara olan 1232 manat borcundan 232 manat ödəniş etdiyini, qalan borcundan hər ay 100 manat ödəniş edəcəyini, ödəmədiyi halda inzibati və cinayət məsuliyyətini cəlb olunacağı barədə xəbərdar edilmişdir. İşin materiallarından görünür ki, Şəxs borcundan ödəniş etmədiyi üçün 1000 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Göyçay Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(046)-212/2024 saylı icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında borclu Şəxs işləmədiyindən və qazancı olmadığından borcunu ödəyə bilmədiyini göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumentin üzrlü səbəb kimi qiymətləndirilməsi üçün əsas olmaması qənaətindədir. Məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsin irəli sürdüyü arqumenti inandırıcı hesab etmir. Belə ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə gətirildikdə məhkəmə iclasında zərər çəkmiş şəxsə hər ay 100 manat ödəniş edəcəyini bildirmiş, məhkəmə qərarından sonra borcundan ödənişlər etməyərək icra sənədinin icra edilməsi istiqamətində süründürməçiliyə yol vermişdir. Yalnız yenidən axtarışda olduğunu bildikdən sonra icra şöbəsinə yaxınlaşaraq 100 manat ödəmək qərarına gəlmişdir. Bununla da, borclu Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu ödəyə bilmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114,115,128-130-cü maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 27 avqust 2024-cü il tarixdən saat 13:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar