Məhkəmə qərarları › İş №3(046)-793/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-793/2022

08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-793/2022 08.12.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 və inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Göyçay rayonu Ləkçıplaq kəndində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Ləkçıplaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 528.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 528.1-ci maddələri ilə inzibati xəta protokolları tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Göyçay şəhəri Natəvan küçəsində yerləşən Göyçay RPŞ-nin qarşısında ucadan səs-küy salmış, ictimai qaydanı pozaraq xuliqanlıq hərəkətlərinə yol vermişdir. xx.xx.2022-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, icra vərəqəsi üzrə yaranmış 3750 manat aliment borcunu üzürsüz səbəbdən zərərçəkmiş şəxs X2 ödəməmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində olarkən polis əməkdaşı ona yaxınlaşmış, şəxsiyyətini təsdiq edən sənəd tələb etmişdir. O, polis əməkdaşına şəxsiyyəti təsdiq edən sənədi təqdim etmişdir. Polis əməkdaşı ona barəsində olan mülki işlə bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən axtarışda olduğunu bildirmişdir. Bir müddət sonra Göyçay RPŞ-nin əməkdaşı onun olduğu yerə gəlmiş, onu Göyçay RPŞ-nə aparmışlar. Orada polisin qanuni tələblərini yerinə yetirmiş, heç bir qanun pozuntusuna yol verməmişdir. X1 3750 manat aliment borcunun olduğundan məlumatı olmamışdır. Məhkəmədə inzibati xəta protokolu tərtib etmiş Göyçay RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 izahat verərək göstərmişdir ki, Şəxs 07 dekabr 2022-ci il tarixdə saat 22 radələrində Göyçay şəhəri Natəvan küçəsində yerləşən Göyçay RPŞ-nin qarşısında ucadan səs-küy salmış, ictimai qaydanı pozaraq xuliqanlıq hərəkətlərinə yol vermişdir. Şəxs polis şöbəsinə gətirilmiş və onun barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir İş materiallarına əlavə edilmiş raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları Nofəl Səmədov və Ceyhun Qafarov nəzarət buraxılış məntəqəsində postda təyin olunmuş, həmin gün saat 22 radələrində bir nəfər şəxsin polis şöbəsinə gətirilərkən ucadan ünvansız nalayiq ifadələr işlətdiyini görmüş və bu barədə polis şöbəsinin rəisinə raportla müraciət edilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 528.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 510 və 528.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs tərəfindən törədilən inzibati xətaların xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halın olmamasını və məsuliyyətini ağırlaşdıran halı nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 528.1-ci maddələri ilə təqsirli bilinib, ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. İnzibati həbs müddətinin əvvəli 07 dekabr 2022-ci il tarixdən saat 22:20-dən hesablansın. Qərarın icrası Göyçay rayon PŞ-nə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar