Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-798/2024 05.12.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X4, Zərərçəkmiş şəxs "xxxx" ASC-nin İdarə Heyətinin sədri Nümayəndə, nümayəndəsi Vəkil1, Müdafiəçi Vəkil2 iştirakı ilə, xx.xx.1963-cü ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri, H.Hacıyev küçəsi, ev 46-da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 12 may 2020-ci il tarixli, 2(107)-478/2020 saylı icra sənədinin icrası ilə əlaqədar “Kamaz 5320” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınaraq "xxxx" ASC-nə verilməsi barədə tələbin icrasından boyun qaçıraraq Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun icra sənədinin icrası ilə bağlı qanuni tələblərini yerinə yetirməmişdir. Göyçay Rayon Məhkəməsi hakiminin 27 avqust 2024-cü il tarixli, 3(046)-798/2024 saylı qərarı ilə Şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(107)-478/2020 saylı icra sənədinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 27 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 3(107)-361/2024 saylı qərarı ilə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Göyçay Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 3(046)- 798/2024 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, qeyd olunan «Kamaz 5320» markalı avtomobil 1987-ci il buraxılışıdır. 1993-cü ildən həmin avtomobili o, idarə etmişdir. 1993-cü ildən 2014-cü ilədək həmin avtomobil üçün icarə haqqı ödəmişdir. Avtomobilin bütün xərclərini şəxsi hesabına ödəmişdir. 1999-cu ildə avtobaza “kolxoz bazarı” oldu. 2014-cü ildə ona sonuncu dəfə yol vərəqəsi verilib. Yol vərəqəsi olmadığı üçün o, həmin avtomobili idarə edə bilməmişdir. 2016-cı il tarixli məhkəmə qərarına əsasən avtomobillərin icarədarlardan götürülərək, həmin avtomobillərin ya Göyçay RPŞ-nin və ya "xxxx" ASC-nin duracağında saxlanılması qərara alınmışdır. O, Göyçay çayının yaxınlığında yaşayır. «Kamaz» markalı avtomobili çayın yanında saxlamışdır. "xxxx" ASC-dən dəfələrlə avtomobilin təhvil alınmasını xahiş etsədə tələbkar bunu etməmişdir. Avtomobil aid heç bir sənədlər yoxdur. Avtomobilin harada olması ilə bağlı heç bir məlumatı yoxdur. Həmin avtomobil onda olmadığı üçün təqdim edə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" ASC-nin İdarə Heyətinin sədri Nümayəndə izahat verərək bildirdi ki, Şəki Apellyasiya Məhkəməsinin 12 may 2020-ci il tarixli, 2(107)-478/2020 saylı icra sənədinə görə «Kamaz 5320» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs alınaraq "xxxx" ASC-yə qaytarılmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs bildirir ki, hazırda qeyd olunan avtonəqliyyat vasitəsi yoxdur, ona məlum olmayan səbəblərdən yoxa çıxıb. Şəxs məhkəmələrdə verdiyi izahatlarında bildirmişdir ki, istənilən vaxt avtomobili geri qaytara bilər. İcra vərəqəsinin icra olunmaması ilə bağlı şikayətlə ədliyyə nazirinin qəbulunda olandan sonra Şəxs bildirir ki, “avtomobil məndən asılı olmayan səbəblərdən yoxa çıxmışdır və məhv olmuşdur”. «Kamaz 5320» markalı avtonəqliyyat vasitəsi ona saz vəziyyətdə verilmişdir. Bu hal Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə də təsdiq olunur. Şəxs Göyçay Rayon Məhkəməsində inzibati xəta haqqında işə baxılarkən avtomobilin dəyərini ödəyə biləcəyini bildirmişdir. Lakin tələbkar "xxxx" ASC avtomobilin dəyərini deyil, avtomobilin özünü tələb edir. Həmin Kamaz 5320 markalı avtomobil "xxxx" ASC-nin əmlakıdır. Avtomobilinin məhv olunmasında və yoxa çıxmasında təqsirkar Şəxsdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" ASC-nin nümayəndəsi Vəkil1 oxşar izahat verdi. Məhkəmə iclasında inzibati xəta protokolu tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 izahat verərək bildirdi ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 12 may 2020-ci il tarixli, 2(107)-478/2020 saylı icra vərəqəsinə əsasən Şəxs “Kamaz 5320” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınaraq "xxxx" ASC-nə verilməsi qət edilmişdir. Görülmüş icra tədbirləri nəticəsində “Kamaz 5320” markalı yük avtomobilinin yeri müəyyən olunmamış, bununla bağlı borclu icra şöbəsinə dəvət edilmiş və bildirmişdir ki, həmin avtomobilin mühərriki dağılmış, onun sahibliyində olmadığı üçün yoxa çıxmışdır. “Kamaz 5320” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin axtarılması haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və DİN-in DYPİ-nə göndərilmişdir.İcra sənədinin üzürsüz səbəbdən icra edilməməsi müəyyən edildiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X9 bildirdi ki, o 2017-ci ilə qədər "xxxx" ASC-də avtomobillərin texniki vəziyyətinə nəzarətçi mexanik vəzifəsində işləmiş,hazırda da orada işləyir. "xxxx" ASC-nə məxsus avtomobillər yola çıxmamışdan qabaq dispetçer tərəfindən yol vərəqəsi verilir,bundan sonra avtomobilin texniki vəziyyəti onun tərəfindən yoxlanılaraq icazəsi əsasında avtomobilin istismara icazəsi verilir.Avtomobil də eyni qaydada istismardan sonra ona geri qaytarılır. “Kamaz 5320” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin geri qaytarılması ilə əlaqədar Şəxs tərəfindən ona müraciət edilməmişdio. Məhkəmə iclasında şahid qismində izahat vermiş X6 bildirdi ki, o 1985-ci ildən 2015-ci ilə qədər "xxxx" ASC-də sürücü vəzifəsində işləyib. Mübarizdə sürücü vəzifəsində işləyirdi. Sürücülərə verilən avtomobillər hər kəsin özündə qalırdı. Ona aid olan avtomobilin üzərinə məhkəmə qərarı əsasında həbs qoyulmuşdur. Mübarizə aid avtomobili sonuncu dəfə təxminən 2015-ci ildə görmüş,Mübariz onda olan məlumata görə həmin avtomobili geri qaytarmaq üçün "xxxx" ASC-nə tək olaraq getmiş,onunla getməmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X2 və X1 bildirdilər ki, onlar Mübarizin qonşularıdır. Mübariz idarə etdiyi «Kamaz» markalı avtomobili həmişə evindən təxminən 100-150 metr uzaqlıqda yerləşən çayın kənarında olan yerdə saxlayırdı. Avtomobil uzun müddət 4-5 il bundan qabaq orada olmuşdur. Həmin vaxtdan sonra avtomobili görməmişlər. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-478/2020 saylı, 12 may 2020-ci il tarixli icra sənədinin icra edilməsi barədə Göyçay rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixli bildirişlə xəbərdar edilmişdir. İşə əlavə edilmiş Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli borclunun əmlakının axtarılması barədə qərarın surətindən görünürki, Şəxs istifadəsində olan “Kamaz 5320” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin axtarışı elan edilmiş,qərarın surəti ödəniş qəbzinə görə poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə DİN BDYPİ-nə göndərilmiş,həmin qərarın icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixli xatırlatma məktubu xx.xx.2024-cü il tarixdə DİN BDYPİ-nə çatdırılmışdır. «İcra haqqında « Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır.” Hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-in 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, tələbin könüllü icrası üçün borclu Şəxs xx.xx.2020-ci il tarixli bildiriş təqdim edilmiş, tələbin könüllü icrası üçün 10 gün vaxt müəyyən edilmişdir. Lakin həmin müddət, həmçinin icra sənədinin icrası üçün qanunla müəyyən edilmiş müddət keçməsinə baxmayaraq «Kamaz 5320» markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin borclu Şəxs tərəfindən tələbkar "xxxx" ASC-də qaytarılması tələbinin icrası təmin edilməmiş,Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmlakın axtarılması barədə qərarın icrası da nəticəsiz qalmışdır.Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin avtomobilin geri qaytarılması ilə əlaqədar "xxxx" ASC-nə müraciət etməsini bildirsə də,bunu təsdiq edən sübutları təqdim edə bilməmiş,təqdim edilmiş şahidlər də istinad etdiyi halı təsdiq etməmişlər. Qeyd olunanları nəzərə alıb,hesab edirəm ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)- 478/2020 saylı, 12 may 2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun «Kamaz 5320» markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin geri qaytarılması barədə qanuni tələblərinin yerinə yetirilməməsi üzrsüz səbəbdən baş vermiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiya çərçivəsində müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-798/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-798/2024
05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver