Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-80/2024 22.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1976-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-2070/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 22 yanvar 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirdi ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-2070/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar və borcun könüllü icrası haqqında bildiriş borclu Şəxs rəsmi qaydada verilmişdir. Buna baxmayaraq icra sənədinin icrası könüllü olaraq təmin edilməmişdir. İcra sənədlərinin icrası könüllü olaraq təmin edilmədiyi üçün “Elektron İcra" İnformasiya Sistemindən məlumat çıxarılmış, məlumata əsasən adına hər hansı daşınar və ya daşınmaz əmlak, yaşadığı mənzildə tələbin yünəldilə biləcəyi digər qiymətli əşya aşkar olunmamışdır. Borclunun rəsmi iş yeri yoxdur. Borclu Şəxs aliment borcundan 2022-ci il tarixdə 400 manat, 2023-cü il tarixdə isə 500 manat, protokol tərtib olunmuş gün isə 100 manat ödəniş etmiş, 2470 manat borcu qalmışdır. Borclu Şəxs icra sənədinin icra olunması istiqamətində çətinliklər yaratmışdır. Bundan başqa tələbkar Zərərçəkmiş şəxs borcludan aliment borcunun ödənilməsini tam şəkildə tələb edir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, borcundan məlumatı var, bacardığı qədər ödənişlər etmiş, lakin maddi imkanı yaxşı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Aliment borcunun yaranmasına səbəb daimi iş yerinin olmamasıdır. Hal-hazırda borcundan 100 manat ödəniş etmiş, qalan borcunu hissə-hissə ödəyəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-2070/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcraata başlama haqqında 27 oktyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-2070/2021 saylı, 14 oktyabr 2021-ci tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; İşin materiallarından görünür ki, borclu Şəxs 2470 manat borcu mövcuddur. Şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsində verdiyi izahatıdan görünür ki, o hazırda 100 manat ödəniş edəcəyini, gələcəkdə hər ay 220 manat olmaqla hissə-hissə ödəniş edəcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Göyçay Rayon Məhkəməsi tərəfindən verilmiş 2(046)-2070/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında borclu Şəxs işləmədiyindən və qazancı olmadığından alimenti ödəyə bilmədiyini göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumentin üzürlü səbəb kimi qiymətləndirilməsi üçün əsas olmaması qənaətindədir. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs işləməsinə mane olan hər hansı xəstəliyinin olmadığını bildirərək sadəcə iş tapa bilmədiyini göstərsə də, məhkəmə onun irəli sürdüyü arqumenti absurd hesab edərək sağlam və əmək qabiliyyətli bir şəxsin müəyyən qazanc əldə etməsi üçün müxtəlif fəaliyyət növü ilə məşğul olmaq imkanlarının real olmasını qeyd edir və göstərilən bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Bununla da, borclu Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, borclu Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, borclu Şəxs icra sənədi üzrə borcu ödəyə bilmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114,115,128-130-cü maddələrini rəhbər tutub məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli 22 yanvar 2024-cü il tarixdən saat 18:05-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-80/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-80/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver