Məhkəmə qərarları › İş №3(046)-801/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-801/2022

14.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-801/2022 14.12.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Göyçay rayonu Hacalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Hacalıkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində 13 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 232- 1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə Göyçay rayonu Hacalıkənd kəndi ərazisində yerləşən örüş sahəsində Göyçay rayonu Bığır kənd sakini Zərərçəkmiş şəxs məxsus bir baş dananın əyağından daşla vuraraq xəsarət yetirmiş və bunun nəticəsində 1100 manat maddi ziyan vurmuşdur. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs məxsus bir baş dananın əyağından vurmamış, protokolda göstərilənlər həqiqəti əks etdirmir. Buna görə də barəsində tərtib edilmiş inzibati xəta protokolu üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Göyçay rayonu Bığır kəndində yaşayır. Özünə məxsus təsərrüfatda 8 baş iri buynuzlu heyvan vardır. Şəxs əvvələrdə ona maddi ziyan vurmuşdur. İnzibati xəta törətmiş Şəxs xx.xx.2022ci il tarixdə Göyçay rayonu, Hacalıkənd kəndi ərazisində yerləşən örüş sahəsində ona məxsus bir baş dananın əyağından daşla vuraraq xəsarət yetirmiş, xəsarət nəticəsində baytar həkim çağırmış və həkim tibbi yardım göstərmişdir. Lakin buna baxmayaraq bir müddət sonra iri buynuzlu heyvan ölmüş, nəticədə ona 1200 manat dəyərində maddi ziyan dəymişdir. Şəxs ona dəymiş maddi ziyanı ödəməmiş, buna görə də ondan şikayətçidir. Şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. İş üzrə tərəflərin izahatlarını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Göyçay rayonu Hacalıkənd kənd sakini Şəxs xx.xx.2022-ci il tarixdə yaşadığı kənd ərazisində yerləşən və əvvəllər istifadə etdiyi örüş sahəsinə keçməsi səbəbindən Göyçay rayonu Bığır kənd sakini Zərərçəkmiş şəxs məxsus 1100 manat dəyərində bir baş iribuynuzlu dananı daşla qəsdən vuraraq xəsarət yetirmiş, nəticədə iribuynuzlu heyvan aldığı xəsarət nəticəsində tələf olmuşdur. Həmçinin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 02 nömrəli məktubunda bir baş dananın orta bazar qiymətinin 1100 manat civarında olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə "az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və hallarını, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib ona vurulmuş ziyanın bir misli məbləğində, yəni 1100 (min yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar