Məhkəmə qərarları › İş №3(046)-804/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-804/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-804/2025 27.11.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Ucar rayonu Alpı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ucar rayonu Alpı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Göyçay rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Göyçay rayonu Cəyirli kəndində yerləşən çayxanada pul müqabilində kart ilə qumar oynamışdır. Şəxs izahat verərək göstərmişdir ki, Göyçay rayonu Cəyirli kəndində yerləşən çayxanada Samir adlı şəxslə qumar oyununda iştirak etmişdir. Törətdiyi əməldən peşmandır. İnzibati materiala əlavə edilmiş X1 tərəfindən Göyçay RPŞ-də verilmiş izahatdan görünür ki, Göyçay rayonu Cəyirli kəndində çayxana işlədir. xx.xx.2025-ci il tarixdə Samir və İsmayıl adlı şəxslər çayxanada olmuşlar, lakin onların qumar oynamağından xəbərləri olmamışdır. Samir və İsmayıl çayxanada 30-40 dəqiqə olmuşlar. Məhkəmə baxışı zamanı Şəxs xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Göyçay rayonu Cəyirli kəndində yerləşən çayxanada pul müqabilində qumar oynadığı sübuta yetirilmir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Maddənin sanksiyasından da göründüyü kimi oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlirlər müsadirə edilir. Lakin hazırki işin hallarından inzibati protokol tərtib etmiş orqan tərəfindən hər hansı oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri götürülməmiş, inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas yalnız Şəxs polis şöbəsində verdiyi izahat olmuşdur. Eləcə də Şəxs qumar oyunu oynadığını bildirdiyi Samir adlı şəxsin izahatı alınmamış, şəxsiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin

3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Qanunun mənasından göründüyü kimi əməldə inzibati hadisəsi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta hadisəsi yoxdur. Göstərilənləri və İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta potokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest vermək olar.

Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar