Məhkəmə qərarları › İş №3(046)-807/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-807/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-807/2023 18.12.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1980-cı il tarixdə Göyçay rayonu, Ərəbcəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdı̇ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Göyçay rayon Polis Şöbəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:15 radələrində yaşadığı evin qarşısında ictimai qaydanın mühafizə vəzifələrini icra edən Göyçay rayon Polis Şöbəsinin əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Göyçay rayonu, 1-ci Ərəbcəbirli kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində yaşadığı evdə olarkən arvadı Nigar ona içki içməsi ilə bağlı irad bildirərək DİN-nin 102 xidmətinə zəng edib ondan şikayətçi olmuşdur. Daha sonra arvadı ilə mübahisə edərək əsəbi vəziyyətdə küçəyə çıxmış, bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq küçədə səs-küy salmasına irad bildirdikdə polis əməkdaşının sözlərinə məhəl qoymamışdır. Törətdiyi əməlindən peşmandır. Beləliklə məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.1-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur və o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, ailəli olmasını, himayəsində 7 (yeddi) uşağının olmasını, onun səmimi peşmançılığını, polis əməkdaşlarından üzr istəməyini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan da göründüyü kimi Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:50-də inzibati qaydada tutulmuşdur. İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə fiziki şəxslərə iki yüz manat məbləğində cərimə nəzərdə tutulduğundan və Şəxs inzibati qaydada tutulduğundan məhkəmə hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 (yüz əlli) manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar